Məhkəmə qərarları › İş №e-2(010)-497/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-497/2024

09.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-497/2024 09.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi

1. İddiаçı Şəki Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, e-2(075)-474/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 22 sentyabr 2020-ci il təvəllüdlü Hacı-X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat alimentin və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 13 iyul 2016-cı il tarixdə Şəki rayonu qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdurlar. Birgə nikahlarından 22 sentyabr 2022-ci il tarixdə X9 oğlu adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, e-2(075)-474/2021 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında 13 iyul 2016-cı il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış 135 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan 22 sentyabr 2020-ci il təvəllüdlü Hacı-X6 anası Hacı-X1 yanında qalması, 22 sentyabr 2020-ci il təvəllüdlü Hacı- X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq iddiaçı Hacı-X2 verilməsi, aliment tutulmasının əvvəlinin 01 fevral 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Artıq təyin olunmuş aliment hazırkı şəraitdə uşağın həyat fəaliyyətinin minimumu səviyyəsi üçün zəruri olan tələbatlarını təmin etmir. Həmin qətnamə qəbul olunandan sonra yaşayış minimum məbləği artmışdır. Bundan əlavə bazar qiymətləri də artmış və nəticədə həmin məbləğ uşağın tələbatının ödənilməsi üçün həddindən artıq azdır. Oğlu günü gündən böyüyür və belə olan halda xərcləri də artır. Cavabdehin isə maddi vəziyyəti olduqca yaxşıdır. Belə ki, cavabdeh Şəki bazarında qızıl-zinət əşyalarının alqı-satqısı və zərgərlik işi ilə məşğul olur

Tərəflərin izahatları

3. İddiaçı AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini, iddia ərizəsinə onun iştirakı olmadan baxılaraq, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar

5. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 yanvar 2021-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 550632 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 oğlu (atası Cavabdeh, anası X3 qızı) xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 6271 nömrə ilə qeyd edilmişdir.

6. Şəki rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(075)-474/2021 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş və iddiaçı X3 qızı ilə Cavabdeh arasında 13 iyul 2016-cı il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 135 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları 22 sentyabr 2020-ci il təvəllüdlü X9 oğlu anası Hacı-X1 yanında qalmaqla 22 sentyabr 2020-ci il təvəllüdlü Hacı-X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq, iddiaçı Hacı-X2 verilməsi qət edilmişdir.

7. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 15 dekabr 2021-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 398005 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 qızı ilə Cavabdeh arasında olan nikah Şəki rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

8. "xxxx" MMC tərəfindən 12 sentyabr 2023-cü il tarixdə verilmiş arayışa əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan binanın 8-ci blok 25 saylı mənzilində yaşayır.

9. Mediasiya Şurası Bakı 2 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MSB/2- 03790/2023 saylı arayışından müəyyən olunur ki, tərəflər arasında ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh iştirak etmədiyi üçün mediasiya prosesinə xitam verilmişdir. Bununla əlaqədar İddiaçı tərəfindən 50 manat ilkin mediasiya sessiyası və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası Maddə 3.Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır

12. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolu Maddə 5. Ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

17. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu

1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

18. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19 “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

Məhkəmənin mövqeyi

20. Məhkəmə iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla), uşağın saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində müəyyənləşdirilməlidir.

21. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşağın “üstün maraqları” konsepsiyası – 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi” nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir. Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə, dövlətdaxili qanunvericilikdə, o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presedentlərində (Pençevi Bolqarıstana qarşı, Şvitsgebel İsveçrəyə qarşı və s.) təsbit edilmişdir.

22. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarının uşaqları ilə bölüşdürməyə borcludurlar.

23. Həmçinin məhkəmə qeyd edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-474/2021 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 140 manat aliment tutulmasına dair qəbul edilmişdir, lakin uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirlməsi üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir.

24. İş materiallarından görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-474/2021 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 140 manat alimentin tutularaq iddaçıya verilməsinə dair qətnamə qəbul edildikdən sonra iddiaçı 3 ilə yaxın müddət ərzində alimentin artırılması üçün məhkəməyə müraciət etməmişdir. Hazırki şəraitdə ayda 140 manat təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda uşağın saxlanması üçün elə bir aliment məbləği təyin edilməlidir ki, həmin məbləğ uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın.

25. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatın artması və həyat şəraitinin bahalaşması ilə bağlı uşağın saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır.

26. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında həmçinin qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 28.Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

Məhkəmə xərcləri

29. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 235x12=2820 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 48,20 manat təşkil edir.

32. Odur ki, həmin məbləğ mediasiya orqanına ödənilmiş dövlət rüsumu ilə əhatə olunduğu üçün mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Şəki rayon Məhkəməsinin 2(075)-474/2021 saylı 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, 22 sentyabr 2020-ci il təvəllüdlü Hacı-X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat aliment və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-474/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2020-ci il təvəllüdlü Hacı- X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat aliment tutularaq İddiaçı verilsin. Ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar