Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4979/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «X1» Bakı filialının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı «X1» cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı «X1» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5847.39 manat əsas, 350.43 manat faiz borcu, cəmi 6197.82 manat kredit borcunun və ödənilmiş 81,98 manat dövlət rüsumunun tutularaq «X1» Bakı filialının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X1» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış 05 avqust 2021-ci il tarixli 760 №li kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit məbləği verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı filialı ilə Cavabdeh1 arasında 1.000 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 366,56 manat ödəməli idi. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» xx.xx.2023-cü il tarixə «Bank»a kredit borcu üzrə 9.530,56 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 7.138,00 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün «Borcalan» «Bank»a illik 29% ödəməlidir. xx.xx.2023-cü il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 6.197,82 manat təşkil edir. Bundan 5847.39 manat əsas, 350.43 manat faiz borcu, cəmi 6197.82 manat təşkil edir. Cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onların tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərməmişdir. Cavabdeh2 ilə bağlanmış 05 avqust 2021-ci il tarixli 760 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1 arasında 1.000 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Qeyd olunanlara əsasən, borclular Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5847.39 manat əsas, 350.43 manat faiz borcu, cəmi 6197.82 manat məbləğində borcun və ödənilmiş 81,98 manat dövlət rüsumunun «X1» Bakı filialının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, bankla onun arasında bağlanmış kredit müqaviləsi üzrə 10000 manat məbləğində kredit götürmüşdür. Belə ki, o ilk əvvəllər ödəniş etsə də, daha sonra səhhəti ilə bağlı sağlamlığı imkan verməmişdir. O, həmin krediti sağlamlığı ilə bağlı götürmüşdür. Hazırda Bankın ondan tələb etdiyi borcu bütünlükdə ödəmək üçün maddi imkanı yoxdur. Borcunu hissə-hissə, yəni hər ay 150 manat olmaq şərti ilə ödəyə bilər. Qeyd olunanlara əsasən iddia tələbi təmin olunarsa, borcun hissə-hissə ödənilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.
İş materialları.
6. 05 avqust 2021-ci il tarixli 760 №li Kredit müqaviləsinə əsasən «X1» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış sonuncuya illik 19% hesablanmaqla 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir.
7. 05 avqust 2021-ci il tarixli 1.000 saylı Zaminlik müqaviləsinə əsasən, kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı Filialı ilə Cavabdeh1 arasında 1.000 saylı Zaminlik müqaviləsi imzalanmışdır.
8. Maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə «X1» Bakı Filialı arasında bağlanmış kredit müqaviləsinə əsasən «X1» Bakı Filialına 5847.39 manat əsas, 350.43 manat faiz borcu, cəmi 6197.82 manat məbləğində borcu vardır.
9. «X1» Bakı filialı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişin məzmunundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 mövcud kredit borcunun qaytarılması barədə xəbərdar edilmişdir.
İşin faktiki halları.
10. İddiaçı «X1» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış 05 avqust 2021-ci il tarixli 760 №li kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit məbləği verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı filialı ilə Cavabdeh1 arasında 1.000 saylı zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
15. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
16. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 5847.39 manat əsas, 350.43 manat faiz borcu, cəmi 6197.82 manat borc tutularaq iddiаçı «X1» Bakı Filialının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri.
17. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 81.98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
18. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 5847.39 manat əsas, 350.43 manat faiz borcu, cəmi 6197.82 manat məbləğində borc və 81.98 manat ödənilmiş dövlət rüsumu tutularaq bankın xeyrinə ödənilməlidir.
20. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ :
İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 5847.39 manat əsas, 350.43 manat faiz borcu, cəmi 6197.82 (altı min yüz doxsan yeddi manat, səksən iki qəpik) manat məbləğində borc və 81.98 (səksən bir manat, doxsan səkkiz qəpik) manat dövlət rüsumu tutularaq «X1» Bakı Filialının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova