Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-498/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Cavabdeh2 15350 manat məbləğində əsas borc, 263 manat faiz borcu, 1580 manat cərimə borcu olmaqla, cəmi 17193 manat, digər Cavabdeh1 5000 manat əldən çıxmış faydanın və 157 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bir-biri ilə bağlılığı olmayan iki tələb birləşdirilərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Belə ki, iddia tələbinin Cavabdeh2 qarşı yönəlmiş hissəsi kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması ilə bağlıdır. İddia tələbinin digər Cavabdeh1 qarşı yönəlmiş hissəsi isə işçinin işəgötürənə vurduğu ziyanla bağlıdır. Göründüyü kimi bu iki tələb arasında heç bir bağlılıq yoxdur. Ona görə ki, Cavabdeh1 işçi kimi yol verdiyi səhvə görə digər Cavabdeh2 kredit əldə etmək üçün mövcud şərtlərə cavab vermədiyi halda kredit əldə etməsinin onun müqavilə öhdəliklərini lazımınca icra etməməsi ilə heç bir bağlılığı yoxdur. Ən azından ona görə ki, iddiaçının Cavabdeh2 qarşı yönəlmiş tələbi müqavilə öhdəliklərinin icra edilməməsi ilə bağlı olduğundan mübahisə mülki xarakterlidir, lakin Cavabdeh1 qarşı yönəlmiş hissəsi işçinin işəgötürənə vurduğu maddi ziyanla bağlı olduğundan mübahisə əmək mübahisəsidir. Bu iki tələbə birlikdə baxılması həm də ona görə istisna edilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bu isə o deməkdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı yuxarıda qeyd edilmiş tələblə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidir. Digər cavabdehə münasibətdə isə belə bir tələb yoxdur. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə bağlılığı olmayan iki tələbi bir iddia ərizəsində birləşdirməklə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 156.58 manat (yüz əlli altı manat əlli səkkiz qəpik) məbləğində dövlət rüsumu (tarix: xx.xx.2022, nömrə: **********) dövlət büdcəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Hesab №-si: AZ70BBTB********************, VÖEN:**********) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-498/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-498/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver