Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-509/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh Əsgərov Ülvi Namiq oğlunun iştirakı ilə, İddiаçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Əsgərov Ülvi Namiq oğluna qarşı “pul” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı ASC Cavabdeh1 qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 3260,20 manat əsas borc, 163,48 manat faiz borcu, cəmi 3423,68 manat pul vəsaitinin və 54,24 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı ASC-nin nümayndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-512/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə uyğun olaraq Əsgərov Ülvi Namiq oğlunun cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli RGRR2070969B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 32 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 4530 manat məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASCyə 3260,20 manat əsas borc, 163,48 manat faiz borcu, cəmi 3423,68 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
Tərəflərin izahatları.
4. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə iddiaçı tərəfin iştirakı olmadan baxılması və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.
6. Cavabdeh Əsgərov Ülvi Namiq oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 yaşadığı evi tərk edərək və atasının evinə getmişdir. Onun Cavabdeh1 bankdan götürdüyü həmin pul vəsaitinə heç bir aidiyyatı yoxdur, bununla bağlı bank qarşısında heç bir öhdəliyi yoxdur. O pulu götürmədiyi halda nə üçün pul ödənişi onun tərəfindən edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə də razı deyil, belə ki, bankdan pulu o götürməmişdir. Qeyd olunanlara əsasən iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları.
7. xx.xx.2023-cü il tarixli RGRR2070969B299 saylı Kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə 32 ay müddətinə illik 22% ödəmək şərtilə 4530 manat məbləğində kredit verilmişdir.
8. Maliyyə arayışının surətindən görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh1 3260,20 manat əsas borc, 163,48 manat faiz borcu, cəmi 3423,68 manat borcu vardır.
9. Cavabdeh1 ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı ASC Cavabdeh1 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-512/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(010)-3540/2024 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 və cavabdeh Əsgərov Ülvi Namiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(010)-3540/2024 nömrəli qətnaməsi 06 yanvar 2024-cü il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin Əsgərov Ülvi Namiq oğlundan tutularaq Cavabdeh1 ödənilməsi və iddianın kredit müqaviləsi üzrə öhdəliyin əvəzi olaraq pul vəsaitinin tutulması hissəsinin rədd olunduğu hissələrdə ləğv edilməsi və həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılması, Cavabdeh1 06 yanvar 2024-cü il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay alimentin tutularaq ona ödənilməsi barədə iddiasının rədd edilməsi, Cavabdeh1 iddiası kredit müqaviləsi üzrə öhdəliyin əvəzi olaraq pul vəsaitinin tutulması hissəsində qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 22 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 3326,89 manat məbləğində öhdəliyin ½ hissəsi üzərində Əsgərov Ülvi Namiq oğlunun, ½ hissəsi üzərində Cavabdeh1 paylarının müəyyən edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(010)- 3540/2024 nömrəli qətnaməsi 06 yanvar 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat olmaqla sabit pul məbləğində alimentin Əsgərov Ülvi Namiq oğlundan tutularaq Cavabdeh1 ödənilməsi hissəsində dəyişdirilməsi, 27 iyun 2024-cü il tarixdən yetkinlik yaşına çatmayan 06 yanvar 2024-cü il təvəllüdlü X1 üçün Əsgərov Ülvi Namiq oğlundan Cavabdeh1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
İşin faktiki halları.
11. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGRR2070969B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 32 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 4530 manat məbləğində pul mədaxil edilmişdir. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
15. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
16. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
17. Odur ki, Cavabdeh1 3260,20 manat əsas borc, 163,48 manat faiz borcu, cəmi 3423,68 manat borc tutularaq iddiаçı İddiaçı ASC-yə ödənilməlidir.
18. Məhkəmə digər cavabdeh Əsgərov Ülvi Namiq oğlundan pul vəsaitinin bankın hesabına tutulması hissəsinə münasibətdə hesab edir ki, digər cavabdeh bankla kredit müqaviləsi bağlamamış və onun bank qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-512/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 22 iyun 2023cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 3326,89 manat məbləğində öhdəliyin ½ hissəsi üzərində Əsgərov Ülvi Namiq oğlunun, ½ hissəsi üzərində Cavabdeh1 paylarının müəyyən edilməsi banka cavabdeh Əsgərov Ülvi Namiq oğlundan kredit müqaviləsi üzrə yaranmış borcu tələb etmək hüququ vermir. Bu halda Əsgərov Ülvi Namiq oğlunun Cavabdeh1 qarşısında öhdəliyi yaranır ki, həmin pulun ½ hissəsini tələb etmək hüququ Cavabdeh1 məxsusdur.
Məhkəmə xərcləri.
19. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 54,24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
20. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 3260,20 manat əsas borc, 163,48 manat faiz borcu, cəmi 3423,68 manat məbləğində borc və 54,24 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır.
22. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə 3260,20 manat əsas borc, 163,48 manat faiz borcu, cəmi 3423,68 (üç min dörd yüz iyirmi üç manat, altmış səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh1 54,24 (əlli dörd manat, iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova