Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-514/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 1710,00 manat sığorta ödənişi məbləğinin və 37,10 manat dövlət rüsumunun, cəmi 1747,10 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “"xxxx" ASC ilə X6 arasında xx.xx.2019cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz E270” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Mercedes Benz E270 CDİ” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Azsamand” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1710,00 (bir min yeddi yüz on) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı Suraxanı RPİ DYPŞ-dən ünvanımıza İnzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Suraxanı RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Bildirmək istəyirik ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.”
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçı tərəfindən tələb olunan məbləğin dəymiş zərərə uyğun olmadığını bildirdi.
İş materialları.
5. xx.xx.2020-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilmiş AA3810/20 nömrəli sığorta aktından görünür ki,sığortalanmış avtomobil “Azsamand” markalı, ** TD *** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və nəticədə xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq X3 1710 manat məbləğində ödəniş edilmişdir.
6. xx.xx.2020-ci il tarixli, 009017 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 hesabına 1710 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
7. xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır.
8. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh yaranmış borc barədə xəbərdar edilmiş, borcun ödənməyəcəyi təqdirdə 10 iş günü ərzində məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/344 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Azsamand RX” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1580.00 manat müəyyən edilir.
İşin faktiki halları.
10. Cavabdeh etibarnamə ilə idarə olunan xx.xx.2020-ci il tarixdə “Mercedes Benz E270 CDİ” markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Azsamand” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Beləliklə, yol-nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh təqsiri müəyyən edilmişdir.
11. İddiaçı cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh “Azsamand” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1710 manat manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
15. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi sığortaçının subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla belə nəzərə alınmalıdır ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.
16. İş materiallarından görünür ki, baş vermiş hadisədə Cavabdeh təqsirli olduğu tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir. Avtomobilə dəymiş zərərə görə isə avtomobilin sığortaçısı olan "xxxx" ASC tərəfindən 1710 manat məbləğində sığorta ödənişi edilmişdir.
17. Məhkəmə qeyd edir ki, məhkəmə baş vermiş yol nəqliyyat hadisənin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi və onun təqsirindən iddiaçı "xxxx" Şirğorta Şirkəti ASC tərəfindən sığortalanmış avtomobilə zərər dəymiş olmasının sübuta yetirildiyi nəticəsinə gəlir.
18. Məhkəmə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə hansı məbləğdə zərər dəymiş olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/344 nömrəli ekspert rəyində nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Azsamand RX” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 1580.00 manat müəyyən edildiyini qeyd etmişdir..
19. Məhkəmə ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən aparılmış ekspertiza tədqiqatı nəticəsində qəbul edilmiş bu rəyin əsaslılığını şübhə altına alan heç bir hal müəyyən edilməmiş, tərəflərin də bununla bağlı heç bir dəlili olmamışdır.
20. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh təqsirindən baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə dəymiş zərərin məbləği ekspert rəyinə əsasən 1580 manat məbləğində müəyyən olunduğundan və məhkəmə bu rəylə razılaşdığından iddiaçı "xxxx" ASC-nin yalnız həmin hissəyə (1580 manat) subroqasiya hüququ yaranmışdır. Odur ki, iddia qismən təmin edilməlidir.
Məhkəmə xərcləri.
21. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 37.10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
22. Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilmiş hissəsinə uyğun 35.8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. İş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyi mövcuddur. Bu rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən edilmişdir.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1580 sığorta ödənişi, 35.8 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 1580 manat məbləğində sığorta ödənişi və 35.8 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva