Məhkəmə qərarları › İş №e-2(010)-515/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-515/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-515/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı “ABC Telecom” MMC-nin etibarnamə üzrə nümayəndəsi Aslanov Rəşad Mahir oğlunun iştirakı ilə, İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Əliyeva Aysel Ruslan qızına qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Əliyeva Aysel Ruslan qızına qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.02.2024-cü il tarixli müqaviləyə əsasən, TOSHIBA TV üçün 1025 manat ödənilməmiş hissə, güzəşt olunaraq 102 manat cərimə, 08.04.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod 863943070974701 XIAOMI REDMI 13C markalı telefon üçün 415 manat ödənilməmiş hissə, güzəşt olunaraq 41 manat cərimə, ümumilikdə 1583 manat borc, 35.83 manat ödənilmiş dövlət rüsumu cavabdeh Əliyeva Aysel Ruslan qızından alınaraq “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin e-2(010)-5420/2024 saylı 13.12.2024-cü il tarixli qərardadı ilə, iddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Əliyeva Aysel Ruslan qızına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əliyeva Aysel Ruslan qızı “ABC Telecom” MMC ilə 11.02.2024cü il, 08.04.2024-cü il tarixli müqavilələrə əsasən TOSHIBA TV, İmei kod 863943070974701 XIAOMI REDMI 13C markalı telefon almış və nəticədə 1583 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.02.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1197 manat (18 ay x 66.5 manat + 0 manat ilkin ödəniş) olan TOSHIBA TV üçün ümumilikdə 1127 manat olmaqla, ondan 1025 manat ödənilməmiş hissə, güzəşt olunaraq 102 manat cərimə; 08.04.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 435 manat (12 ay x 36.25 manat + 0 manat ilkin ödəniş) olan İmei kod 863943070974701 XIAOMI REDMI 13C markalı telefon üçün ümumilikdə, 456 manat olmaqla ondan, 415 manat ödənilməmiş hissə, güzəşt olunaraq 41 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 192 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 11.02.2024-cü il, 08.04.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 18.10.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi Aslanov Rəşad Mahir oğlu iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Əliyeva Aysel Ruslan qızına məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. İş materiallarında olan “ABC Telecom” MMC-i tərəfindən tərtib edilmiş 24.10.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh Əliyeva Aysel Ruslan qızının 11.02.2024-cü il, 08.04.2024-cü il tarixli müqavilələrə və onların tərkib hissələri olan müvafiq əlavələrinə əsasən, TOSHIBA TV, İmei kod 863943070974701 XIAOMI REDMI 13C markalı telefon üçün 1440 manat ödənilməmiş məbləğ və 143 manat cərimə borcu vardır. Cəmi borcun məbləği 1583 manatdır. İş materiallarında olan 11681115 saylı 11.02.2024-cü il tarixli alğı-satqı müqaviləsindən və onun əlavəsindən görünür ki, “ABC Telecom” MMC – “ABC”, Əliyeva Aysel Ruslan qızı – “Müştəri” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Əliyeva Aysel Ruslan qızına dəyəri 1049.94 manat olan TOSHIBA TV, dəyəri 147 manat olan zəmanət + 3 il üçün hər ay 66.5 manat ödəmək şərtilə 18 ay müddətinə nisyə satılmışdır. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarında olan 11.02.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Əliyeva Aysel Ruslan qızı 11681115 saylı müqaviləyə əsasən TOSHIBA 43C350LE markalı televizoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 08502334 saylı 08.04.2024-cü il tarixli alğı-satqı müqaviləsindən və onun əlavəsindən görünür ki, “ABC Telecom” MMC – “ABC”, Əliyeva Aysel Ruslan qızı – “Müştəri” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Əliyeva Aysel Ruslan qızına dəyəri 300 manat olan İmei kod 863943070974701 XIAOMI REDMI 13C markalı telefon, dəyəri 59.99 manat olan paket L, dəyəri 75 manat olan qızıl zəmanət ultra 3 il (kontakt) üçün hər ay 36.25 manat ödəmək şərtilə 12 ay müddətinə nisyə satılmışdır. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarında olan 08.04.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Əliyeva Aysel Ruslan qızı 08502334 saylı müqaviləyə əsasən İmei kod 863943070974701 XIAOMI REDMI 13C markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 18.10.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Əliyeva Aysel Ruslan qızına 11.02.2024-cü il, 08.04.2024-cü il tarixli müqavilələr üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 3 iş günü ərzində ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda- 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə proses iştirakçıları dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Göründüyü kimi, “ABC Telecom” MMC ilə cavabdeh Əliyeva Aysel Ruslan qızı arasında nisyə alğı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. “ABC Telecom” MMC həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, malları cavabdehə təhvil vermişdir. Cavabdeh isə müqavilələr üzrə öz üzərinə götürülmüş öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bununla da, iddiaçı cavabdeh Əliyeva Aysel Ruslan qızından alınmış malların ödənişini tələb etməkdə haqlı olmuşdur. Müqavilələr üzrə tərəflər arasında cavabdeh öz öhdəliklərini icra etmədiyi halda cərimə razılaşdırılmışdır. İddiaçı güzəşt edərək, cərimə məbləğinin müəyyən hissəsini tələb etmiş, məhkəmə isə cəriməni tənəssübsüz surətdə yüksək hesab etmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sənədlərə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 11681115 saylı 11.02.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, TOSHIBA TV üçün 1025 manat ödənilməmiş hissə, 50 manat cərimə, 08502334 saylı 08.04.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, İmei kod 863943070974701 XIAOMI REDMI 13C markalı telefon üçün 415 manat ödənilməmiş hissə, 20 manat cərimə, ümumilikdə 1510 manat borc cavabdeh Əliyeva Aysel Ruslan qızından alınaraq “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 35,1 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11681115 saylı 11.02.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, TOSHIBA TV üçün 1025 manat ödənilməmiş hissə, 50 manat cərimə, 08502334 saylı 08.04.2024-cü il tarixli alğısatqı müqaviləsinə əsasən, İmei kod 863943070974701 XIAOMI REDMI 13C markalı telefon üçün 415 manat ödənilməmiş hissə, 20 manat cərimə, ümumilikdə 1510 manat borc və 35,1 manat ödənilmiş dövlət rüsumu cavabdeh Əliyeva Aysel Ruslan qızından alınaraq “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar