Məhkəmə qərarları › İş №e-2(010)-526/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-526/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-526/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 4233 (dörd min iki yüz otuz üç) ABŞ dolları əsas, 3345.15 (üç min üç yüz qırx beş ABŞ dolları 15 sent) ABŞ dolları faiz, 510.94 (beş yüz on ABŞ dolları 94 sent) kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 8089.09 (səkkiz min səksən doqquz ABŞ dolları, 35 sent) məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 131 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 22% faiz ödənilmək şərtilə 8100 (səkkiz min bir yüz) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Cavabdehlə imzalanmış xx.xx.2015-ci il tarixli, 131 saylı Kredit müqaviləsinə dair imzalanmış xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əlavə № 1 əsasən kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 22% faizdən 16 % (on altı faiz) faizə endirilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanm ış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Kredit Müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında xx.xx.2015-ci il tarixli, 131 saylı və xx.xx.2015-ci il tarixli, 131/1 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə müvafiq olaraq zaminlər borclunun Bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışır. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 4233 (dörd min iki yüz otuz üç) ABŞ dolları əsas, 3345.15 (üç min üç yüz qırx beş ABŞ dolları 15 sent) ABŞ dolları faiz, 0,00 ABŞ dolları cərimə, 510.94 (beş yüz on ABŞ dolları 94 sent) kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 8089.09 (səkkiz min səksən doqquz ABŞ dolları, 35 sent) məbləğində borcu mövcuddur. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2015-ci il tarixli, 131 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" ASC-yə 36 ay müddətinə, illik 22% faiz ödənilmək şərtilə 8100 (səkkiz min bir yüz) ABŞ dolları məbləğində borcunun qaytarılmasını Cavabdeh1 öz üzərinə götürmüşdür. xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən xx.xx.2015-ci il tarixli, 131 saylı Kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 22% faizdən 16 % (on altı faiz) faizə endirilmişdir. xx.xx.2015-ci il tarixli, 131 saylı və xx.xx.2015-ci il tarixli, 131/1 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. xx.xx.2015-ci il tarixli, 131 saylı və xx.xx.2015-ci il tarixli, 131/1 saylı zaminlik müqavilələrinə 1 saylı Əlavələrə əsasən Cavabdeh3 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 131 saylı Kredit müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 22% faizdən 16 % (on altı faiz) faizə endirilməsinə razılıq vermişlər. Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tərəfindən cavabdehlər müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişlər. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı banka 4233 ABŞ dolları əsas, 3345.15 ABŞ dolları faiz, kredit müqaviləsinn müddəti bitəndən sonra hesablanmış 510.94 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8089.09 ABŞ dolları məbləğində borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 131 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı 36 ay müddətinə, illik 22% ödənilmək şərtilə 8100 (səkkiz min bir yüz) ABŞ dolları məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin vəsaitdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Sözügedən müqaviləyə xx.xx.2016-cı il tarixli, 1 saylı Əlavəyə əsasən müqavilə tərəfləri kredit müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixinədək uzadılması və illik faiz dərəcəsinin 22%-dən 16%-ə endirilməsinə razılaşmışlar. Tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni pul vəsaitini Cavabdeh1 sərəncamına vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. İş materiallarında əsasən müəyyən olunur ki, Cavabdeh1 yuxarıda sözügedən müqavilə üzrə əsas borca görə 4233 ABŞ dolları, faiz borcuna görə 3345.15 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış faiz borcuna görə 510.94 ABŞ dolları olmaqla, cəmi 8089.09 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 digər cavabdeh Məlikov Aydın Qəhrəman oğlunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da o, müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmə hesab edir ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öz üzərilərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiklərindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır və onlar iddiaçıya müqavilə üzrə əsas borca görə 4233 ABŞ dolları, faiz borcuna görə 3345.15 ABŞ dolları məbləğində pul vəsaitini ödəməyə borcludurlar. Məhkəmə həmçinin qeyd edir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna görə 510.94 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 4233 ABŞ dolları, faiz borcuna görə 3345.15 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcuna görə 510.94 ABŞ dolları olmaqla, cəmi 8089.09 ABŞ dolları məbləğində pul vəsaiti ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 132.40 manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 4233 (dörd min iki yüz otuz üç) ABŞ dolları, faiz borcuna görə 3345.15 (üç min üç yüz qırx beş ABŞ dolları on beş sent) ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcuna görə 510.94 (beş yüz on ABŞ dolları doxsan dörd sent) ABŞ dolları olmaqla, cəmi 8089.09 (səkkiz min səksən doqquz ABŞ dolları doqquz sent) ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumuna görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar