Məhkəmə qərarları › İş №e-2(010)-5270/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5270/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5270/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1798 XZF nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3458.55 ABŞ dolları əsas, 1412.02 ABŞ dolları faiz, 250.76 ABŞ dolları cərimə, 681.60 ABŞ dolları AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, əsas borca illik 5%-lə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 5802.93 ABŞ dolları kredit borcunun və iş üzrə ödənilmiş 118.65 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1798 XZF nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 60 ay müddətinə, illik 14% hesablanmaqla, 8270 ABŞ dolları məbləğində kredit verilmişdir. İddia ərizəsinə əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, kredit alan Cavabdeh1 5 illik müddətin sonunda ümumilikdə banka 3275.71 ABŞ dolları faiz borcu ödəməlidir. İlkin ödəniş tarixi xx.xx.2016-cı il, son ödəniş isə xx.xx.2021-ci il tarixidir. Aylıq cəmi ödənilməli olan məbləğ 192.43 ABŞ dollarıdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən bank qarşısında yaranmış bütün pul öhdəliklərinə Cavabdeh2 zamin durmuşdur. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2025-ci il tarixli, 12-5/2-A- 21-16402/2025 nömrəli bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, kredit alan tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki kredit alan ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 12-5/2-A-21-16403/2025 nömrəli maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 5802.93 ABŞ dolları təşkil edir ki, bunun da 3458.55 ABŞ dolları əsas, 1412.02 ABŞ dolları faiz, 250.76 ABŞ dolları cərimə, 681.60 ABŞ dolları isə AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün əsas borca illik 5% hesablanmış faiz borcundan ibarətdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, kredit müqaviləsi üzrə 2020-ci ildə ödəniş edilmişdir. Bu da iddia müddətinin tətbiqi baxımından etirafedici hərəkətdir. Hesab edir ki, bu halda iddia müddəti tətbiq oluna bilməz. Bundan əlavə, iddia müddətinin tətbiqi ilə bağlı ərizəni yalnız cavabdehlərdən biri vermişdir. Zamin tərəfindən belə bir ərizə verilməmişdir. Bu baxımdan iddia müddəti zaminə münasibətdə tətbiq oluna bilməz. Həmçinin zaminlik müqaviləsində bu müqavilənin əsas borc tam icra olunanadək qüvvədə olduğu göstərilmişdir. Bu vəziyyətdə zaminliyə münasibətdə müddət keçməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh1 bu barədə yazılı ərizə verməklə, məhkəmədən mübahisəyə iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, o, bankdan kredit götürdüyünü qəbul edir. Amma bank ləğv olunandan sonra onunla heç bir əlaqə saxlanılmamış, uzun illər ərzində ondan heç bir borc tələb edilməmişdir. Əgər borc vaxtında tələb edilsə idi, həmin vaxt işlədiyinə görə borcu bağlaya bilərdi. Hazırda isə pensiyaya çıxmışdır. Bank bağlanandan sonra bir nəfər ona məlumat verməmişdir ki, ödənişləri hara etsin. Bu vəziyyətdə o borcunu necə ödəyə bilərdi? İllər sonra ona məhkəmədən bildiriş gələndə bu borcdan xəbərdar olmuşdur. Həmçinin qeyd etdi ki, iş üzrə digər cavabdeh-zamin onun oğludur. Oğlunun məhkəmə iclasından xəbəri var, lakin işinə görə iclasda iştirak edə bilmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Kredit verən) və Cavabdeh1 (Kredit alan) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 1798XZF nömrəli kredit müqaviləsindən görünür ki, “Kredit verən” “Kredit alan”a 60 ay müddətinə, illik 14% ödənilmək şərti ilə 8270 ABŞ dolları məbləğində kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri “Kredit verən”ə ödəməyi öhdəsinə götürür.

7. xx.xx.2016-cı il tarixli, 1798XZF nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2016 – xx.xx.2021-ci il tarixləri arasında hər ay 192.43 ABŞ dolları məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Kredit verən) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış zaminlik müqaviləsindən görünür ki, “Zamin” xx.xx.2016cı il tarixli, 1798XZF nömrəli kredit müqaviləsi üzrə “Kredit alan”ın “Kredit verən” qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Kredit verən”ə dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür.

9. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 1798XZF nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 3458.55 ABŞ dolları əsas, 1412.02 ABŞ dolları faiz, 250.76 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan 681.60 ABŞ dolları faiz olmaqla, cəmi 5802.93 ABŞ dolları məbləğində borcu vardır.

10. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 1798XZF nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə yaranmış borcun məbləği (3458.55 ABŞ dolları əsas, 1412.02 ABŞ dolları faiz, 250.76 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5%-lə hesablanan 681.60 ABŞ dolları faiz olmaqla, cəmi 5802.93 ABŞ dolları) barədə məlumat verilmiş, həmin borcun tam şəkildə 3 (üç) gün müddətində ödənilməsi təklif edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləciyi ilə bağlı xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Kredit verən) və Cavabdeh1 (Kredit alan) arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Kredit verən Kredit alana 60 ay müddətinə, illik 14% ödənilmək şərti ilə 8270 ABŞ dolları məbləğində kredit verməyi, Kredit alan isə krediti qəbul edib, müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri “Kredit verən”ə ödəməyi öhdəsinə götürür.

12. İddiaçı ASC (Kredit verən) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Zamin Kredit alanın xx.xx.2016cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsinə görə Kredit alanla birgə məsuliyyət götürmüşdür.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 372. İddia müddəti anlayışı. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375. İddia müddətinin tətbiqi. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377. İddia müddətinin başlanması. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380. İddia müddəti axımının kəsilməsi. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477. Zaminliyə xitam verilməsi. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

15. İşin faktiki hallarından görünür ki, İddiaçı ASC (Bank) və Cavabdeh1 (Kredit alan) arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən, Bank Kredit alana 60 ay müddətinə, illik 14% ödənilmək şərti ilə 8270 ABŞ dolları məbləğində kredit verməyi, Kredit alan isə krediti qəbul edib, müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı ASC (Bank) və Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən, Zamin Kredit alanın öhdəliyinin icrasına görə onunla birgə məsuliyyət götürmüşdür. Hazırda ləğv prosesində olan İddiaçı ASC tələb edir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borc hesablanmış faiz və cərimələrlə birlikdə cavabdehlərdən tutulsun. Cavabdeh1 isə məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).

17. Məhkəmə iddiaçının müvafiq subyektiv hüququnun pozulub-pozulmaması ilə bağlı qeyd edir ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh1 iddiaçı qarşısında məsuliyyət daşıyır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu borcun ödənilməməsi ilə iddiaçı Bankın subyektiv hüququ pozulmuşdur.

18. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı məsələni aydınlaşdırdıqdan sonra qeyd edir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə əsaslı olduğundan iddia təmin edilməməlidir.

19. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Yəni həmin müqavilə üzrə öhdəliklərin icra müddəti həmin tarixdə bitmiş, iddia müddətinin axımı da məhz bu tarixdən başlamış, xx.xx.2024-cü il tarixdə isə bitmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhz bu hala istinad edərək, bunun borcun etirafını göstərən hərəkət olduğunu, bu halın isə iddia müddətinin tətbiqini istisna etdiyini iddia etmişdir. Məhkəmə isə qeyd edir ki, kredit müqaviləsi üzrə sonuncu ödənişin edildiyi xx.xx.2020-ci il tarixdə hələ iddia müddətinin axımı başlamadığından hansısa etirafedici hərəkətlə axımın kəsilməsindən də söhbət gedə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, hazırkı işdə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlanmışdır. Əgər iddiaçının nümayəndəsinin iddia etdiyi kimi xx.xx.2020-ci il tarixdə borcun etiraf edilməsini göstərən hərəkət edilməsi əsası ilə müddətin axımı həmin tarixdən kəsilsə idi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.2-ci maddəsinin tələbi baxımından həmin tarixdən etibarən iddia müddətinin axımı yenidən başlayar, bu axım da xx.xx.2023-cü ildə bitmiş olardı. Halbuki müddətinin axımının müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən hesablandığı vəziyyətdə bu axım xx.xx.2024-cü il tarixdə bitmiş olur ki, bu da iddiaçının nümayəndəsinin istinad etdiyi müddətdən daha uzun müddətdir. Bu baxımdan məhkəmə iddia müddətin tətbiqinə iddiaçı tərəfin etdiyi etirazın dəlillərini əsassız hesab edir və hazırkı iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğunu nəzərə alaraq, 3 illik (mübahisəli hüquq münasibəti yarandığı zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq) iddia müddətinin buraxıldığı nəticəsinə gəlir. Odur ki, iddia Cavabdeh1 münasibətdə təmin edilə bilməz.

20. Digər cavabdeh-zamin Cavabdeh2 münasibətdə isə məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 376-cı maddəsinə istinadla qeyd edir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçdiyindən həmin cavabdehə münasibətdə də iddianın təmin edilməsi istisna edilir. Bu vəziyyətdə məhkəmə zamin-cavabdehin zaminliyinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş əsasla xitam verilib-verilməməsi məsələsinə ayrıca münasibət bildirməyə lüzum olmadığı qənaətinə gəlir.

Məhkəmə xərcləri.

21. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 118.65 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

23. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:

İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar