Məhkəmə qərarları › İş №e-2(010)-529/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-529/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-529/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1065/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 90000 manat borc məbləğinin ½ , yəni 45000 manat hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı – İddiaçı xx.xx.2020-ci il tarixdə yaxın qohumu olan Quliyeva Nazlı Vaqif qızına ev alması üçün 98000 manat borca pul vermişdi. Gələcəkdə bunu sübut etmək üçün isə Quliyeva Nazlı Vaqif qızından özünün şəxsi əl yazması ilə borcun etiraf etməsinə dair qəbz almışdır. O, daha əvvəllər də Quliyeva Nazlı Vaqif qızına bu formada borca pul verirdi və o, dediyi vaxtda pulunu qaytarırdı. Həmin ərəfədə Quliyeva Nazlı Vaqif qızı hazırki iddia ərizəsi üzrə Cavabdeh ilə rəsmi nikahda olmaqla birgə təsərrüfat idarə edib bir ailə kimi bir yerdə yaşayırdılar və onlar bu borc məbləğini də ondan bir yerdə almağa gəlmişdilər. Lakin pulu ondan alandan bir müddət sonra onların ailəsində daxili mübahisələr baş vermiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-165/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onlar arasında olan xx.xx.2007-ci il tarixdə 4671 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Bundan sonra isə onlar birgə nikah dövründə əldə edilmiş əmlakların bölüşdürülməsi üçün məhkəməyə müraciət etdilər və birgə nikah dövründə əldə edilmiş bütün əmlakları 1/2 hissədə olmaqla bölüşdürülmüşdür. Həmçinin qeyd edir ki, iddiaçı 98000 manat borcun qaytarılmadığını görüb məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1065/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Məhərrəmova Nazlı Vaqif qızından 90000 (doxsan min) manat məbləğində pul vəsaiti və 384 (üç yüz səksən dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bildirir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1065/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi hazırda Gədəbəy rayon İcra şöbəsinin icraatındadır. Lakin Məhərrəmova (Quliyeva) Nazlı Vaqif qızı tərəfindən ona olan borc qaytarılmır. Hesab edir ki, qeyd olunan borc məbləğinin Məhərrəmova (Quliyeva) Nazlı Vaqif qızı və Cavabdeh tərəfindən birgə nikah dövründə əldə etdikləri və həmçinin bu pul hesabına birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən dörd otaqlı mənzili əldə etdikləri üçün və qeyd olunan mənzil üzərində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-318/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh 2/3 hissədə pay hüququnun olması qət edildiyindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1065/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə 90000 manat borc məbləğinin 2/3 hissəsi yəni 60000 manatının Cavabdeh alınması barədə müvafiq məhkəmə aktı qəbul edilməlidir. Cavabdehin nümayəndəsinin etirazı. Cavabdehin nümayəndəsi X4 məhkəməyə xx.xx.2024-cü il tarixində etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin etirazı. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə xx.xx.2025-ci il tarixində etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, pul 5 fevral 2020-ci ildə götürülüb, onlar pulu qızın (Nazlının) anasıgildə olanda götürmüşdülər. Amma 2 dəfə bərabər gəlmişdilər, əvvəllər də pul alıb veriblər. Pandemiya ortaya düşdü, sonra da boşandıqlarını eşitdi. Evə həbs qoydular. Pandemiyadan 4-5 ay öncə gəliblər. Qarşı tərəf əl ilə ərizə yazıb. O, 5 fevral pulu vermişdir. Oğlu sahibkar işləyir. Bacısı rəhmətə gedib, evi satılıb, 30000 manat da oradan qalıb. Onlar gəldilər, pul istədilər, Nazlı xanımla alış-verişləri olub, Nazlı istədi, yoldaşı ilə gəlmişdi, o, pulu ikisinə birgə sayıb vermişdir, pulu Nazlıya vermişdir, yoldaşı da yanında idi. Qeyd edir ki, o, Nazlının yoldaşı ilə danışmışdı, o, evi satacağını demişdi, bərabər gəlib pul istəmişdilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, iddia ərizəsində hər bir hal yazılıb. Cavabdeh tərəf hər dəfə vurğulayır ki, Nazlı xanım bütün məhkəmə iclaslarında bütün əmlakları özü aldığını deyib. Nurlan heç bir yerdə işləməyib, 300 manat maaş alıb. Bu maaşla həmin evi ala bilməzdi. Özü isə bütün iclaslarda bərabər yaşadıqlarını deyib. İkisi bərabər gedib pulu götürüblər. Apellyasiya Məhkəməsinin qətnaməsində qısa yazılıb ki, işin Nurlana aidiyyatı yoxdur. O vaxt əmlak Nazlının adına idi. Hazırda evlər bölünüb. Əvvəl Nəzakət xanım Nurlanı məhkəməyə verməmişdir. Amma hazırda ona qarşı iddia qaldırıb. Evə həbs qoyulub, əmlakı 2 yerə bölüblər, amma pulu ödəmirlər. Ortada 98000 manatdan söhbət gedir. 125000 manatlıq ev alıblar, təmir ediblər. 8000 manat qaytarılıb. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 2 otağı satdığını, satan gündən 5 gün sonra evi aldıqlarını, cavabdehin – onun oğlunun BP şirkətində işlədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, qətnamə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə qanuni qüvvəyə minib. Preyudisiallıq prinsipinin yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, isdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edildiyini nəzərə alan məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Cavabdeh İddiaçı Məhərrəmova Nazlı Vaqif qızına qarsı “pul” tələbinə aid mülki iş üzrə keçirilən məhkəmə proseslərinə prosessual şəxs olaraq cəlb edilməmədir. Belə olan halda, Bakı səhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1065/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin preyudisiallıqı Cavabdeh aid edilə bilməz. Eyni zamanda, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Bildirmişdir ki, iddiaçı iddiasını yalnız öz sözləri və bir məhkəmə qətnaməsi ilə sübut edir. Cavabdeh pulu almadığını deyir. Qarşı tərəf 3 məhkəmə qətnaməsi təqdim etmişdirlər. Həmin qətnamə preyudisial əhəmiyyətə malik deyildir. Birgə nikah dövründə əldə olunan əmlaka sərf edilməsi sübuta yetirilməyib. İş materialları. Suraxanı rayon Məhkəməsinin 2(010)-165/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Məhərrəmova Nazlı Vaqif qızı ilə Cavabdeh arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2007-ci il tarixdə 4671 nömrə ilə qeydə alınmış nikahın pozulması; nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 iddiaçı Məhərrəmova Nazlı Vaqif qızının yanında qalmalarının müəyyən edilməsi; xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən hesablanmaqla (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(010)-18/2022 saylı qərardadı ilə tutulan aliment nəzərə alınmaqla) Cavabdeh tutularaq iddiаçı Məhərrəmova Nazlı Vaqif qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 85.11 kv.m olan mənzil xüsusi mülkiyyət kimi tam pay olmaqla Məhərrəmova Nazlı Vaqif qızının adına xx.xx.2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil tam pay olmaqla Məhərrəmova Nazlı Vaqif qızının mülkiyyətindədir. Xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan bu mənzil Məhərrəmova Nazlı Vaqif qızının adına xx.xx.2014-cü il tarixində qeydiyyata alınmışdır. Xətai rayon Məhkəməsinin 2(011)-318/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzilə tərəflərin hər ikisinin ½ hissədə paylarının müəyyən olunması, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı Cavabdeh 2/3 hissədə, cavabdeh Məhərrəmova Nazlı Vaqif qızının 1/3 hissədə paylarının müəyyən olunması, “İnfiniti” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat və “Toyota Prius” markalı 77CJ790 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 5000 manat, ümumilikdə 7500 (yeddi min beş yüz) manatın cavabdeh Məhərrəmova Nazlı Vaqif qızından alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Məhərrəmova Nazlı Vaqif qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-318/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “Toyota Prius” markalı 77CJ790 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 5000 manatın cavabdeh Məhərrəmova Nazlı Vaqif qızından alınaraq iddiaçı Cavabdeh ödənilməsi” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4180/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh və cavabdeh Məhərrəmova Nazlı Vaqif qızının kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2956/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Xətai rayon Məhkəməsinin 2(011)-1065/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Məhərrəmova Nazlı Vaqif qızından 90000 (doxsan min) manat məbləğində pul vəsaiti və 384 (üç yüz səksən dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin e-2(010)-201/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Məhərrəmova Nazlı Vaqif qızı Cavabdeh qarşı “birgə nikah dövründə alınmış borca payların müəyyən edilməsi və pul” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2920/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı rayon Məhkəməsinin e-2(010)- 201/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3054/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Quliyeva Nazlı Vaqif qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2920/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 41. Ödəmənin ər-arvadın əmlakına yönəldilməsi 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.... Maddə 740. Borc müqaviləsinin forması (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 15. Məhkəmə aktlarının məcburiliyi 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.... 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı. 3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.17. Məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsinin bağlanması, bununla bağlı məhkəmədə qaldırılmış iddianın və ya iddiaçının əsaslandığı faktların etiraf edilməsi hallarına rast gəlinir. Belə mübahisələrə baxılarkən ər-arvadın hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnə bilərsə, məhkəmə Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən həmin şəxsləri müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işdə iştirak etməyə cəlb edə bilər. 3.19. Nəzərə alınmalıdır ki, qeyd olunan mübahisələr üzrə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik olmadığı nəzərə alınmalıdır. 6.41. O da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi). Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1065/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 90000 manat borc məbləğinin ½, yəni 45000 manat hissəsinin Cavabdeh alınaraq ona verilməsini tələb etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, sözügedən borcun qaytarılması ilə bağlı İddiaçı məhkəməyə müraciət etmiş, Xətai rayon Məhkəməsinin 2(011)- 1065/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Məhərrəmova Nazlı Vaqif qızından 90000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçının tələbi həmin borcun – 90000 manat məbləğində pulun yarısının, yəni 45000 manatın Məhərrəmova Nazlı Vaqif qızının keçmiş əri Cavabdeh tutulmasından ibarətdir. Həmin borc tərəflər rəsmi nikahda olan dövrdə götürülmüşdür. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzilə tərəflərin hər ikisinin ½ hissədə paylarının müəyyən olunması, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı Cavabdeh 2/3 hissədə, cavabdeh Məhərrəmova Nazlı Vaqif qızının 1/3 hissədə payları müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Məhərrəmova Nazlı Vaqif qızı Cavabdeh qarşı “birgə nikah dövründə alınmış borca payların müəyyən edilməsi və pul” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Bununla, Məhərrəmova Nazlı Vaqif qızının 90000 manat məbləğində borcu və s. borcları onun keçmiş əri Cavabdeh ilə birgə borcu hesab edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli üçün ilk növbədə sözügedən borc öhdəliyinin ər-arvadın ümumi öhdəliyi olub-olmaması və alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi müəyyən edilməlidir. Yuxarıda qeyd edilən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə qeyd edir ki, Məhərrəmova Nazlı Vaqif qızının 90000 manat məbləğində borcunun onun keçmiş əri Cavabdeh ilə birgə borcu hesab edilmədiyi məhkəmə qətnaməsi məcburi əhəmiyyət daşısa da, bu hal hazırki iş üzrə iddiaçının həmin işdə proses iştrakçısı olmadığından öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etməsi imkanından məhrum etmir. Yuxarıda qeyd edilmiş Ali Məhkəmənin Plenumunun Qərarına əsasən, birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyə ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir və yaranmış borcun ümumi borc hesab olunması öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etdiyi və ya bu faktın işin mübahisə olunmayan halı olduğu təqdirdə mümkündür. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı borc öhdəliyi üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğu və borcun ər-arvadın, yəni Məhərrəmova Nazlı Vaqif qızı və Cavabdeh birgə borcu olduğunu sübut etməli olduğu halda, bunu edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 90000 manat borc pulun Məhərrəmova Nazlı Vaqif qızı və Cavabdeh nikahda olduğu dövr ərzində ailənin ehtiyaclarına sərf olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməsi üçün əsas yoxdur. Bununla yanaşı, iddiaçı öz izahatlarında Məhərrəmova Nazlı Vaqif qızının sözügedən borcu Cavabdeh ilə birlikdə almağa gəldiyini bildirsə də, nəzərə alınmalıdır ki, hazırki iş üzrə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğundan, mülki qanunvericiliyin tələblərinə əsasən, borc müqaviləsi yazılı formada bağlanmalı idi. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı “Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1065/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 90000 manat borc məbləğinin ½ , yəni 45000 manat hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi”-nə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı “Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1065/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 90000 manat borc məbləğinin ½, yəni 45000 manat hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi”-nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar