Məhkəmə qərarları › İş №e-2(010)-5353/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5353/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5353/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı «Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 126167- 1-16258/1 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 1923,08 manat məbləğində əsas borc, 8,15 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1931,23 manat və 39,71 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq Bank ilə Cavabdeh (bundan sonra mətndə A.Cavabdeh) arasında restrukturizasiya olunma barədə xx.xx.2019-cu il tarixli 126167-1-16258/1 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 3459,06 manat məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs A.Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka ümumilikdə 1931,23 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir.

İş materialları.

3. «Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 27 iyun 2019-cu il tarixli, 126167-1-16258/1 nömrəli Nağd pul krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3459,06 manat məbləğində kredit verilmişdir.

4. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh banka olan borcun 3 gün müddətində tam ödənilməsi, əks təqdirdə bankın borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

5. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka kredit müqaviləsi üzrə 1923,08 manat məbləğində əsas borcu, 8,15 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1931,23 manat məbləğində kredit borcu vardır.

6. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, «Bank VTB (Azərbaycan) ASC tərəfindən məhkəməyə ərizə verilərkən 39,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

7. İddiaçı «Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında 27 iyun 2019-cu il tarixli nağd pul krediti müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi.

10. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

11. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı krediti müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan məbləği Cavabdeh vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır.

12. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 1923,08 manat məbləğində əsas borc və 8,15 manat məbləğində faiz borcunun tutulması barədə tələb əsaslıdır.

Məhkəmə xərcləri.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,71 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1923,08 manat məbləğində əsas borc və 8,15 manat məbləğində faiz borcu olmaqla, cəmi 1931,23 manat məbləğində pul tutularaq iddiaçı «Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 1923,08 manat məbləğində əsas borc və 8,15 manat məbləğində faiz borcu olmaqla, cəmi 1931,23 (bir min doqquz yüz otuz bir manat iyirmi üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,71 (otuz doqquz manat yetmiş bir qəpik) manat məbləğində pul Cavabdeh «Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar