Məhkəmə qərarları › İş №e-2(010)-5375/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5375/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5375/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı pul tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, BNK07260 nömrəli müqavilə üzrə 316 manat qalıq borcu və 311.70 manat cərimə borcu olmaqla, cəmi 627.70 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BNK07260 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, 641 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu il tarixli, BNK07260 saylı müqavilə üzrə qalıq borcu 316 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1558.52 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb edir. Belə olan halda, hesablanmış cərimə məbləği 311.70 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu il tarixli, BNK07260 saylı müqavilə üzrə 316 manat qalıq borcu, 311.70 manat cərimə borcu olmaqla, cəmi 627.70 manat borcu yaranmışdır. Bildiririk ki, faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri Optimal Elektronika” MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BNK07260 №-li nisyə alqısatqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir və bu barədə borcluya bilidiriş verilmişdir.

İş materialları

3. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BNK07260 №-li nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya 641 manat dəyərində nisyə məhsul satmışdır.

4. xx.xx.2019-cu tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2019-cu il tarixli, BNK07260 №-li nisyə alqı-satqı müqaviləsi üzrə məhsul "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir.

5. "xxxx" BOKT MMC ilə "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsindən görünür ki, "xxxx" MMC-nin tələbetmə hüququ “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilmişdir.

6. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, tələbetmə hüququnun “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilməsi və borc məbləğinin ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

7. «Optimal Finance” BOKT MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «Optimal Finance” BOKT MMC-yə 316 manat məbləğində qalıq borc və 311.70 manat cərimə borcu olmaqla cəmi 627.70 manat borcu mövcuddur.

İşin faktiki halları

8. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, BNK07260 saylı nisyə alqı-satqı müqaviləsinin bağlanması, 01 sentyabr 2022-ci il tarixli faktorinq müqaviləsinə əsasən tələbetmə hüququnun «Optimal Finance” BOKT MMC-yə keçməsi, bu barədə cavabdehə məlumat verilməsi və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər. Maddə 196. Kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcmi Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 655. Faktorinq müqaviləsi 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi

11. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.

12. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

13. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, "xxxx" MMC alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan məhsulu Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun ümumilikdə 627.70 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. "xxxx" BOKT MMC ilə "xxxx" MMC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən tələbetmə hüququ "xxxx" BOKT MMCyə keçmiş və hazırda "xxxx" BOKT MMC cavabdehdən ödənilməmiş borcun tutulmasını tələb edir.

14. Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn və məhsulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı məhsulun pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə, alqı-satqı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

15. Lakin bununla belə məhkəmə qeyd edir ki, hazırki iddia tələbi tələb olunan 311.70 manat cərimə borcuna münasibətdə qismən əsaslıdır. Belə ki, tələb olunan cərimə borcu əsas borca münasibətdə mütənasib olmadığından azaldılmalı və 30 manat həcmində müəyyən edilməlidir.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, BNK07260 nömrəli müqavilə üzrə 316 manat qalıq borcu və 30 manat cərimə borcu olmaqla, cəmi 346 manat borc, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, BNK07260 nömrəli müqavilə üzrə 316 manat qalıq borcu və 30 manat cərimə borcu olmaqla, cəmi 346 manat pul tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar