Məhkəmə qərarları › İş №e-2(010)-5422/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5422/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5422/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 200 manat borc məbləği, 20 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 250 manat borcun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən sonuncunun Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 01-AGT000037879 nömrəli alğı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 2400 manat olan İphone XS 64 gold (İmei: **********45749) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 23-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 200 manat ödəniş etməli olduğu halda aylıq ödənişləri etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri – 200 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, cavabdeh götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01-AGT000037879 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” “Alıcı”ya bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 10 ay müddətinə 2400 manat məbləğində olan əmtəəni (əşyanı) nisyə alğı-satqı şərtləri əsasında verir, “Alıcı” aldığı əmtəənin (əşyanın) qiymətini müqaviləyə əlavə edilən “Ödəniş cədvəli” əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli, 01-AGT000037879 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, müqavilə üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2019 – xx.xx.2020-ci il tarixləri arasında hər ay 200 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. "xxxx" MMC (Girov saxlayan) və Cavabdeh (Girov qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01-AGT000037879 nömrəli girov müqaviləsindən görünür ki, “Girov saxlayan”la “Girov qoyan” arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01-AGT000037879 nömrəli hissə-hissə şərtləri ilə mal alğı-satqısı haqqında müqaviləyə əsasən 2400 manat məbləğində avadanlığın dəyərinin ödənilməsini təmin etmək məqsədilə “Girov qoyan” ona təhvil verilmiş həmin əmlakı özündə saxlamaq şərtilə girov qoyur. "xxxx" MMC (Müştəri) və İddiaçı MMC (Faktor) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 002 nömrəli faktorinq müqaviləsindən görünür ki, “Müştəri” siyahısı və ümumi dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 nömrəli əlavədə göstərilən üçüncü şəxslərə qarşı əşyanın nisyə alğı-satqısı müqavilələrindən və həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini “Faktor”a güzəşt etməyi, “Faktor” isə bunun müqabilində müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini “Müştəri”yə ödəməyi öhdəsinə götürür. Müqavilədə nəzərdə tutulmuşdur ki, "xxxx" MMC "xxxx" MMC-nin törəmə şirkətidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 01-AGT000037879 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə həmin tarixə 200 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 220 manat məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə yaranmış borc məbləği barədə xəbərdar edilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 656-cı maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən əşyanı borcluya vermişdir. Borclu isə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 200 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442 və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi(vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyinməzmunu ilə müəyyənləşdirilmişdiqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onunrisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclukreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cərimə (dəbbə) tutulmasını xahiş etmişdir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən 20 manat məbləğində cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа uyğun deyildir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 5 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən,ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən,cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən,məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasəniddia qiyməti 1.000 manatadək olduqda - 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi – 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 200 manat məbləğində əsas borc və 5 manat cərimə olmaqla, cəmi 205 manat məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 200 manat əsas, 5 manat cərimə olmaqla, ümumilikdə 205 (iki yüz beş) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar