Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5475/2025 09.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (“X1 Azərbaycan” QSC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 23742.62 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 2276.67 manat borcun və ödənilmiş dövlət rüsumu 42.76 manat iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 5475/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 21.000 manat məbləğində pul ayrılmışdır və о, 36 ay müddətində kreditin əsas məbləği və оna illik 18 % dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X1 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 23742.62 manat məbləğində bоrc tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdeh(lər)in 23742.62 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 2276.67 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdeh(lər)in Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) xx.xx.2024 tarixindən xx.xx.2023 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 358 gün – 1180.54 manat 2) xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 34 gün – 110.70 manat 3) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 29 gün – 92.41 manat 4) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 29 gün – 90.40 manat 5) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 35 gün – 106.67 manat 6) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 27 gün – 80.41 manat 7) xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 63 gün – 186.89 manat 8) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 146 gün – 428.65 manat olmaqla ümumilikdə 721 gün olmaqla cəmi 2276.67 manat təşkil edir.
Tərəflərin izahatları.
4. “X1 Azərbaycan” QSC-nin Hüquq Departamentinin aparıcı hüquqşünası Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin baxış iclasının iddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir belə ki, o, “X1 Azərbaycan” QSC dən 21000 manat məbləğində kredit götürmüş, lakin cəmi 1 il 6 ay işlədikdən sonra işdən çıxmış və banka olan borcunu ödəyə bilməmişdir. Hal-hazırda isə heç yerdə işləmədiyindən borcu ödəmək qabiliyyətində deyildir. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir.
İş materialları.
6. Maliyyə arayışının surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 2276,67 manat məbləğində borcu vardır.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1939/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh 20,485.20 manat əsas borc, 2453,46 manat faiz borcu və 549,08 manat cərimə borcu olmaqla, cəmi 23,487.74 manat məbləğində borc və ödənilmiş 254,88 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
8. "X1 Azərbaycan" QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1939/2023 saylı qətnaməsi icra olunmadığından xx.xx.2025ci il tarixədək Banka ümumilikdə 2276,67 manat ziyan dəymişdir. Qeyd olunan məbləğin 3 gün ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1989/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh 20,485.20 manat əsas borc, 2453,46 manat faiz borcu və 549,08 manat cərimə borcu olmaqla, cəmi 23,487.74 manat məbləğində borc və ödənilmiş 254,88 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 1939/2023 saylı qətnaməsi icra olunmadığından xx.xx.2025-ci il tarixədək Banka ümumilikdə 2276,67 manat ziyan dəymişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdön hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 445.7 Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
12. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü tarixli qərarı
1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.
2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
15. Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
16. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında müqavilə münasibəti mövcud olmuş, daha sonra cavabdeh öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən iddiaçı kredit borcu tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(010)-1989/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 20,485.20 manat əsas borc, 2453,46 manat faiz borcu və 549,08 manat cərimə borcu olmaqla, cəmi 23,487.74 manat məbləğində borc və ödənilmiş 254,88 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığından icraya yönəldilmiş və icra icraatı çərçivəsində bir sıra məcburi icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq icra sənədi icra olunmamışdır. Hazırkı tələbdə isə iddiaçı cavabdehdən tutulmalı olan ümumilikdə 23742.62 manat pul vəsaitinin ödənilməməsinə görə vurulmuş maddi ziyan qismində illik 5 faiz hesablanmaqla 2276.67 manat pul vəsaiti tələb edir. İddaçı qeyd olunan məbləği 721 günə münasibətdə (məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan 30 iyun 2025-ci il tarixə qədər olan dövr) tələb edir.
17. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Eyni mövqe AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli Qərarında da öz əksini tapmışdır. Hazırki vəziyyətdə məhkəmə qeyd olunan icra sənədi üzrə borc məbləğinin ödənilmədiyini və dəymiş ziyanın ödənilməsilə əlaqədar mülki qanunvericilik müddəalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
Məhkəmə xərcləri.
18. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 42,76 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia təmin edildiyindən məhkəmə qeyd edir ki, iş üzrə ödənilmiş 42,76 manat dövlət rüsumu Cavabdeh tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 23742.62 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində gecikdirilmiş vaxt üçün illik beş faiz, ümumilikdə 2276.67 manat pul vəsaiti və iş üzrə ödənilmiş 42,76 manat manat dövlət rüsumu tutularaq iddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. 20.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 23742.62 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, ümumilikdə 2276.67 (iki min iki yüz yetmiş altı manat, altmış yeddi qəpik) manat pul vəsaiti və iş üzrə ödənilmiş 42,76 (qırx iki manat, yetmiş altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X1” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova