Məhkəmə qərarları › İş №e-2(010)-55/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-55/2025

21.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-55/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı əmlakına (avtobusa) dəymiş 1405,13 manat maddi zərər məbləğinin, 34,05 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 1439,58 manat məbləğində pul vəsaitinin Cavabdeh Cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində **-LZ-*** DQN-lı “BMW 520İ MİNİK” markalı avtomobilin sürücüsü Cavabdeh Əlif Hacıyev küçəsi- Q.Qarayev prospekti kəsişməsində Əlif Hacıyev küçəsindən arxaya Q.Qarayev prospektinə hərəkət edərkən Q.Qarayev prospekti ilə hərəkətdə olan, İddiaçı MMC-yə məxsus **-JB-*** DQN-lı “BMC Neocity” markalı avtobusun sağ yan hissəsini vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. YNH-i barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin YNH baş inspektoru polis mayoru X1 tərəfindən araşdırılmış və izahatlar alınmışdır. İnspektorun araşdırması nəticəsində Cavabdeh əməllərində İXM-nin 327.1 maddəsinin tələbləri pozulması öz əksini tapdığından barəsində TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar verilmişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olmasını cavabdeh verdiyi öz yazılı izahatı ilə də təsdiq etmişdir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X4 idarəsində tanınmışdır Cavabdeh törətdiyi inzibati qayda pozuntusunu izahatında etiraf etdikdən sonra TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş və ödəmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun sağ yanı hissəsi deformasiya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 6 ay müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9532 saylı Zərər Aktına əsasən **-JB-*** DQN-lı avtobusa 6405.13 manat maddi zərər dəymişdir. Yuxarıda qeyd dilən yol-nəqliyat hadisəsi nəticəsində **-LZ-*** DQN-lı “BMW 520İ MİNİK” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş zərərdən 5000 manat "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilmişdir, lakin qalan 1405,13 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdehlə aparılmış danışıqlar nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixində **-LZ-*** DQN-lı “BMW 520İ MİNİK” markalı avtomobilin sürücüsü Cavabdeh Əlif Hacıyev küçəsi-Q.Qarayev prospekti kəsişməsində Əlif Hacıyev küçəsindən arxaya Q.Qarayev prospektinə hərəkət edərkən Q.Qarayev prospekti ilə hərəkətdə olan, İddiaçı MMC-yə məxsus **-JB-*** DQN-lı “BMC Neocity” markalı avtobusun sağ yan hissəsini vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əksini tapdığından barəsində TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli 9532 № zərər aktından müəyyən olunmuşdur ki, avtobusa 6405,13 manat məbləğdə zərər dəymişdir. Sığorta təşkilatı tərəfindən vurulmuş zərərin 5000 manat hissəsi ödənilmiş, vurulmuş zərərin qalan hissəsi ödənilməmiş qalmışdır. Yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsiri müəyyən olunduğundan qalan məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, yolnəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində o təqsirli olmamış, belə ki, həmin hadisədə onun avtomobilini avtobus vurmuşdur. Bundan əlavə avtobusun yalnız iki şüşəsi sınmış və iki şüşəyə görə 6405 manat tələb olunması absuddur. Belə ki, o özü də serviz işlədir və avtomobillərə dəymiş ziyanın dəyərini hesablaya bilir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

İş materialları.

5. xx.xx.2023-cü il tarixli 9532 № zərər aktından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə BMC Neocity markalı, **-JB-*** DQN-lı avtomobil zədələnmişdir və quraşdırılan ehtiyat hissəsi üçün 4424,08 manat, servis xidmət haqqı üçün 1004 manat, cəmi 5,428,08 manat ƏDV (18%) 977,05 manat olmaqla yekun məbləğ 6405,13 manat müəyyən edilmişdir.

6. İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərardan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 09:30-da Əlif Hacıyev küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində, BMW 520İ MİNİK markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

7. Mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən məhkəməyə iddia verilməsi üçün 34,05 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutulmuşdur.

8. xx.xx.2022-ci il tarixli izahatdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 09:30-da etibarnamə ilə idarə etdiyi BMW markalı **-LZ-*** DQN-lı avtomobillə Ə.Hacıyev küçəsində geriyə hərəkət edib avtomobilin arxa künc ilə arxasında prospektdə düzünə hərəkət edən BMC markalı **-JB-*** DQN-lı avtomobilin sağ yan küncünü vurmuşdur.

9. xx.xx.2024-cü il tarixli e-2(010)-427/2024 saylı Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur.

10. 3-16-16/2-96508/2024 saylı, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası tərəfindən göndərilmiş məktubdan müəyyən olunur ki, e-2(010)-427/2024 nömrəli mülki iş üzrə 8 yanvar 2024-cü il tarixdə təyin edilmiş əmtəəşünaslıq və yol-nəqliyyat hadisələrinin ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün tədqiqat obyekti olan “BMC Noecity” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusun ehtiyyat hissələrinin satışı barədə Azərbaycan Respublikasında yerləşən yerli internet saytlarında və Mərkəzdə məlumat olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamış, göstərilənləri nəzərə alaraq “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.3-cü bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.

İşin faktiki halları.

11. xx.xx.2022-ci il tarixində ** LZ *** DQN-lı “BMW 520İ MİNİK” markalı avtomobilin sürücüsü Cavabdeh Əlif Hacıyev küçəsi-Q.Qarayev prospekti kəsişməsində Əlif Hacıyev küçəsindən arxaya Q.Qarayev prospektinə hərəkət edərkən Q.Qarayev prospekti ilə hərəkətdə olan, İddiaçı MMC-yə məxsus **-JB-*** DQN-lı “BMC Neocity” markalı avtobusun sağ yan hissəsini vuraraq yol nəqliyyat hadisəsi törətmişdir.

12. İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərara əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 09:30-da Əlif Hacıyev küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində, BMW 520İ MİNİK markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

13. xx.xx.2023-cü il tarixli 9532 № zərər aktı ilə dəymiş zərərin, quraşdırılan ehtiyat hissəsi üçün 4424,08 manat, servis xidmət haqqı üçün 1004 manat, cəmi 5,428,08 manat ƏDV (18%) 977,05 manat olmaqla yekun məbləğ 6405,13 manat olduğu müəyyən edilmişdir.

14. Hazırda hadisə nəticəsində zərərçəkmiş avtomobilin sahibi olan iddiaçının nümayəndəsi hadisənin baş verməsində birbaşa təqsiri müəyyən edilən Cavabdeh avtomobilə dəymiş zərərin ödənilməsini tələb etmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.

Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

19. İşin faktiki hallarından göründüyü kimi İddiaçınə məxsus olan avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (yol nəqliyyat hərəkəti qaydalarını pozma) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi iş materialları əsasında müəyyən edilir.

20. Yuxarıda (§ 19) istinad edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 21.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 21.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 21.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 21.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

21. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

22. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, cavabdehin mülki məsuliyyəti icbari qaydada sığortalandığından avtomobilə dəymiş zərərin bir hissəsi sığorta təşkilatı tərəfindən ödənilmiş, qalan hissə isə ödənilməmiş qalmışdır.

23. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək avtomobilə dəymiş zərərə görə qalan 1405,13 manat məbləğində təmin edilməsini xahiş etmişdir. İşlə bağlı ekspertiza təyin olunmuş və ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün tədqiqat obyekti olan “BMC Noecity” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusun ehtiyyat hissələrinin satışı barədə Azərbaycan Respublikasında yerləşən yerli internet saytlarında və Mərkəzdə məlumat olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamışdır.

Məhkəmə xərcləri.

24. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 34,05 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq iddia qiymətinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1405,13 manat məbləğində pul və 34,45 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı tutularaq İddiaçınə ödənilməlidir.

26. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-yə məxsus **-JB-*** DQN-lı “BMC Neocity” markalı avtobusa dəymiş 1405,13 (bir min dörd yüz beş manat, on üç qəpik) manat maddi zərər tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 34,45 (otuz dörd manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar