Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5513/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “X4 Azərbaycan” QSC) Cavabdeh qarşı pul tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26799.13 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 755.59 manat borcun və ödənilmiş dövlət rüsumu 30 manat iddiaçı “X4 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “X4 Azərbaycan” QSC və Cavabdeh arasında 298459 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 24230 manat məbləğində pul ayrılmışdır və o, 42 ay müddətində illik 16 % dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X4 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X4 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Lakin öhdəliklər tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 26799.13 manat məbləğində borc tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdehin 26799.13 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 755.59 manat məbləğində banka maddi zərər dəymişdir. Cavabdehin bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla : xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 203 gün - 755.59 manat olmaqla ümumilikdə 203 gün olmaqla cəmi 755.59 manat təşkil edir. Tərəflərin izahatları İddiaçı “X4 Azərbaycan” QSC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 4756/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh 24230 manat əsas borc, 2358 manat faiz borcu və 41.24 manat cərimə borcu olmaqla cəmi 26629.54 manat və iş üzrə ödənilmiş 169.89 manat pul vəsaiti tutularaq iddiaçı "X4 Azərbaycan" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 4756/2024 saylı qətnaməsi qanuni qüvvəsini aldığından 10 fevral 2025-ci il tarixdə icra olunması üçün aidiyyəti icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(010)-4756/2024 saylı icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş və qərarın surəti göndərilmişdir. xx.xx.2025-ci il tarixli, e38343/2025-18-19/01 nömrəli İnkasso sərəncamından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 4756/2024 saylı icra sənədinin icrası üzrə 26629.54 manat borc vəsaiti tam ödənilənədək hər ay borclunun (Cavabdeh) hesabından 50 faiz tutularaq müvafiq ("X4 Azərbaycan" QSC-nin) hesaba ödənilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin “X3 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, e38343/2025-18-19 nömrəli məktubundan görünür ki, icra sənədi üzrə qalıq 26799.43 manat borc vəsaitinin icrası məqsədilə Cavabdeh əmək haqqından 50 faiz tutub "X4 Azərbaycan" QSC-nin hesabına, borc qurtardıqdan sonra 7 faiz icra ödənişi məbləğinin icra məmurlarının xüsusi fonduna köçürülməsi və tutma barədə məlumat verilməsi xahiş edilmişdir. "X4 Azərbaycan" QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-4756/2024 saylı qətnaməsi icra olunmadığından xx.xx.2025-ci il tarixədək Banka ümumilikdə 755.59 manat ziyan dəymişdir. Qeyd olunan məbləğin 3 gün ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. “X4 Azərbaycan" QSC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən ödənilməli olan borc məbləğini gecikdirdiyindən xx.xx.2025-ci il tarixə gecikdirilmiş illik 5 faizlə hesablanmış 755.59 manat borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 445.7 Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli Qərarı Həmin qərarda qeyd edilmişdir ki, Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında müqavilə münasibət olmuş, daha sonra cavabdeh öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən iddiaçı kredit borcu tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-4756/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 24230 manat əsas borc, 2358 manat faiz borcu və 41.24 manat cərimə borcu olmaqla cəmi 26629.54 manat və iş üzrə ödənilmiş 169.89 manat pul vəsaiti tutularaq iddiaçı "X4 Azərbaycan" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığından icraya yönəldilmiş və icra icraatı çərçivəsində bir sıra məcburi icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq icra sənədi icra olunmamışdır. Hazırki tələbdə isə iddiaçı cavabdehdən tutulmalı olan ümumilikdə 26799.13 manat pul vəsaitinin ödənilməməsinə görə vurulmuş maddi ziyan qismində illik 5 faiz hesablanmaqla 755.59 manat pul vəsaiti tələb edir. İddaçı qeyd olunan məbləği 203 günə münasibətdə (məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan 30 iyun 2025-ci il tarixə qədər olan dövr) tələb edir. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Eyni mövqe AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli Qərarında da öz əksini tapmışdır. Hazırki vəziyyətdə məhkəmə qeyd olunan icra sənədi üzrə borc məbləğinin ödənilmədiyini və dəymiş ziyanın ödənilməsilə əlaqədar mülki qanunvericilik müddəalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia təmin edildiyindən məhkəmə qeyd edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq “X4 Azərbaycan” QSC-yə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 26799.13 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə 755.59 (yeddi yüz əlli beş manat əlli doqquz qəpik) manat pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “X4” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 26799.13 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə 755.59 (yeddi yüz əlli beş manat əlli doqquz qəpik) manat pul vəsaiti və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “X4” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-5513/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5513/2025
13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver