Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5533/2022 28.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra mətndə BOKT "xxxx" MMC) Cavabdeh2 və qeyrilərinə qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli, L-BK-0056442-F saylı Kredit müqaviləsi və BK-00026986, BK-00027327 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ödənilməmiş əsas məbləğ üzrə 4043,10 manat, faiz borcu üzrə 93,44 manat, cərimə borcu üzrə 30,30 manat və 528,52 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 4695,36 manat məbləğində kredit borcunun və ödənilmiş 67 manat dövlət rüsumunun alınaraq BOKT “İnkişaf üçün Maliyyə “ MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
2. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2021-ci il tarixli, L-BK-0056442-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Dövriyyə kapitalı” məqsədilə borcluya 24 ay müddətinə, aylıq 2.17%, illik 26 % olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh1 və Cavabdeh3 ilə müvafiq BK-00026986, BK-00027327 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 956,90 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1156,96 manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 251,14 manat olmaqla cəmi 2365 manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh2 təşkilata ödənilməmiş 4043,10 manat məbləğində əsas məbləğ , 93,44 manat məbləğində faiz borcu və 30,30 manat məbləğində cərimə borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış kredit Müqaviləsinin 6.6 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 528,52 manat təşkil edir.
İş materialları.
3. xx.xx.2021-ci il tarixli, L-BK-0056442-F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 5000 AZN məbləğində kredit verilmişdir.
4. xx.xx.2021-ci il tarixli, BK-00026986, BK-00027327 saylı Zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 kreditor qarşısında yaranmış öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır.
5. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdehlərə banka olan borcun ödənilməsi haqqında xəbərdarlıq edilmişdir.
6. xx.xx.2022-ci il tarixli **********9 nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 67 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
7. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 BOKT "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4043,10 manat əsas; 93,44 manat faiz; 30,3 manat cərimə və 528,52 manat əldən çıxmış fayda olmaqla, cəmi 4695,36 manat borcu vardır.
İşin faktiki halları.
8. İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-cı il tarixli kredit müqaviləsinin, Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsinin bağlanması və cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşıması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 6. Mülki qanunvericiliyin prinsipləri. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarı.
Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
Məhkəmənin mövqeyi.
12. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
13. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, cavabdeh isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır.
14. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən xx.xx.2021-ci il tarixli, L-BK-0056442-F saylı kredit müqaviləsi və BK- 00026986, BK-00027327 saylı Zaminlik müqaviləsi üzrə 4043,10 manat əsas; 93,44 manat faiz; 30,30 manat cərimə borcun tutulması barədə tələb əsaslıdır.
15. Məhkəmə 528,52 manat məbləğində müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzinin tələb edilməsi ilə bağlı qeyd edir ki, bu hissədə tələb əsassızdır. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və hər hansı müqavilə şərtləri qoymaqda sərbəst olsalar da, həmin müqavilə şərtləri qanunvericiliyə zidd olmamalıdır. Lakin tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, L-BK-0056442-F saylı kredit müqaviləsinin 6.6-cı maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Göründüyü kimi qeyd olunan müqavilə şərti əsassızdır. Çünki borclunun öhdəliyini gecikdirdiyi təqdirdə qanunvericilik faiz və cərimə borcunun hesablanmasını nəzərdə tutmaqla, kreditorun mənafeyinin pozulmasını qarşısını almışdır. Müqavilə üzrə əldən çıxmış faydanın tutulması isə yalnız kredit müqaviləsinin bitmə tarixindən sonrakı dövr ərzində kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyi hal üçün keçərlidir.
Məhkəmə xərcləri.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 8 manat hissəsi iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən xx.xx.2021-ci il tarixli, L-BK-0056442-F saylı kredit müqaviləsi və BK-00026986, BK-00027327 saylı Zaminlik müqaviləsi üzrə 4043,10 manat əsas; 93,44 manat faiz; 30,30 manat cərimə olmaqla, cəmi 4166,84 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2021ci il tarixli, L-BK-0056442-F saylı kredit müqaviləsi və BK-00026986, BK-00027327 saylı Zaminlik müqavilələri üzrə 4043,10 manat əsas; 93,44 manat faiz; 30,30 manat cərimə olmaqla, cəmi 4166,84 (dörd min bir yüz altmış altı manat səksən dörd qəpik) manat pul Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59 (əlli doqquz) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 8 (səkkiz) manat hissəsi iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.