Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5537/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi
1. İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 747 manat məbləğində əsas borcun, 75 manat məbləğində cərimə borcunun, 30 manat məbləğində dövlət rüsumu, cəmi 852 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşin faktiki halları
2. İddiaçı ”L FİN” MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, R0045961 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə 18 ay müddətinə qiyməti 996 manat olan nisyə mal satmış, Cavabdeh isə malı qəbul edib, malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Alınan əşya xx.xx.2022ci il tarixdə cavabdehə təhvil verilmişdir.
3. xx.xx.2023- cü il tarixli maliyyə arayışına görə müqavilə üzrə cavabdehin 747 manat əsas borcu, 75 manat cərimə borcu vardır.
İddia ərizəsi və ona etirazın dəlilləri
a)iddia ərizəsinin dəlilləri
4. İddiaçı MMC Cavabdeh İddiaçı MMC-nin xeyrinə R0045961 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 747 manat əsas borcun, 75 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 852 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış R0045961 nömrəli, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 18 ay müddətinə, 996 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 220 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 776 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 29 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri
6. “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh tərəfindən məhkəmə bildirişinin alındığı tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər
7. xx.xx.2022-ci il tarixli R0045961 nömrəli nisyə alqı-satqı müqaviləsi və ona edilən əlavəyə əsasən Cavabdeh ilkin ödəniş 220 manat olmaqla, 18 ay ödəniş cədvəli üzrə hər ay 44 manat, sonuncu ay 28 manat, cəmi 776 manat ödəməyi öhdəsinə götürmüşdür.
8. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, R0045961 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsində nəzərdə tutulan mallar alıcıya təhvil verilmişdir.
9. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, R0045961 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh İddiaçı MMC-yə əsas borc 776 manat əsas borcundan 29 manat ödəniş etmiş, 747 manat əsas borc, 75 manat cərimə borcu qalmışdır. 10.xx.xx.2023-cü il xəbərdarlıq məktubuna (xx.xx.2023-cü il tarixli reyestr) əsasən, Cavabdeh tərəfindən 3 gün ərzində ödəniş olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 475. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 757-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
12. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi borcun ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir.
14. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır.
15. Cavabdeh göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 755.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir.
16. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
17. Belə ki, MM- nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu ( cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikfə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
19. “Zvierzinski Polşaya qarşı” 19 iyun 2001-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azaqlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir.
20. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən R0045961 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə tələb olunan 75 manat cərimə pulu tənasübsüz yüksək məbləğdir. Həmin müqavilə üzrə dəbbə pulu 5 manat hesablanmaqla ödənilməlidir.
21. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
23. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh R0045961 saylı xx.xx.2022-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 747 manat ödənilməmiş məbləğ, 5 manat cərimə məbləği, ümumilikdə 752 (yeddi yüz əlli iki) manat borc, 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fəridə Rzayeva