Məhkəmə qərarları › İş №e-2(010)-5550/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5550/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5550/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra – İddiaçı BOKT MMC) Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 800 manat əsas, 39 manat faiz, 116 manat komissiya, 483 manat cərimə olmaqla, cəmi 1439 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34.8 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları Tərəflər arasında xx.xx.2024-cü il tarixli, **********008 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdehə istehlak məqsədləri üçün 30 gün müddətinə illik 60.85% ödəmək şərtilə, 800 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə, xx.xx.2024-cü il tarixli, **********008 saylı müqavilə üzrə cavabdehin ümumilikdə 1439 manat məbləğində borcu vardır. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********008 saylı mikro kredit müqaviləsinə əsasən borcalanın sorğusu əsasında və onun verilmiş mikro kredit məbləğini ödəmə qabiliyyətini nəzərə alaraq, mümkün kredit limiti çərçivəsində cavabdehə şəxsi məqsədləri üçün 30 gün müddətinə, illik 60.85 % ödəmək şərtilə, 800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinin 2-ci yarımbəndinə əsasən, borcalan müqavilənin şərtlərinə uyğun olaraq verilmiş mikro kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra еtməmişdir. Həmin müqavilənin 1.13-cü bəndinə görə, öhdəliklərin vaxtında yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,7%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 483 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2024-cü il tarixli, **********008 saylı müqavilə üzrə 800 manat əsas borcu, 39 manat faiz, 116 manat komissiya və 483 manat cərimə borcu olmaqla, cəmi 1439 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı BOKT MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının tələbinin əsaslandırıldığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi və kredit borcuna dair maliyyə arayışıdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər İddiaçı BOKT MMC (Kreditor) və Cavabdeh (Borcalan) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış **********008 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, “Kreditor” “Borcalan”ın sorğusuna əsasən və onun verilmiş kredit məbləğini ödəmə qabiliyyətini nəzərə alaraq, mümkün kredit limiti çərçivəsində ona xx.xx.2024-cü il tarixinədək, illik 60.85% ödənilmək şərtilə, 200 manat məbləğində kredit verməyi, “Borcalan” isə müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləği və bütün digər məbləğləri bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada qaytarmağı öhdəsinə götürür. İddiaçı BOKT MMC (Kreditor) və Cavabdeh (Borcalan) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış **********008 nömrəli kredit müqaviləsinə əlavə olan əlavə kredit məbləğinin verilməsi haqqında müqavilədən müəyyən olunur ki, “Kreditor” “Borcalan”ın sorğusuna əsasən və onun verilmiş kredit məbləğini ödəmə qabiliyyətini nəzərə alaraq, mümkün kredit limiti çərçivəsində ona xx.xx.2024-cü il tarixinədək, illik 60.85% ödənilmək şərtilə, 800 manat məbləğində kredit verməyi, “Borcalan” isə müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləği və bütün digər məbləğləri bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada qaytarmağı öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı BOKT MMCnin müştərisi olan Cavabdeh həmin tarixə xx.xx.2024-cü il tarixli, **********008 nömrəli kredit müqaviləsi üzrə 800 manat əsas, 39 manat faiz, 116 manat komissiya və 483 manat cərimə borcu olmaqla, cəmi 1439 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, borclu Cavabdeh İddiaçı BOKT MMC-yə xx.xx.2024-cü il tarixli, **********008 saylı kredit müqaviləsi üzrə yaranmış borcu barədə xəbərdar edilmiş və bütün borc məbləğinin tam olaraq 3 gün müddətində ödənilməklə kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı BOKT MMC tərəfindən məhkəməyə ərizə ilə müraciət edilməsi üçün 34.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdeh bu davranışı ilə MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə ki, MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “Zvierzinski Polşaya qarşı” 19 iyun 2001-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 483 manat cərimə pulu tənasübsüz yüksək məbləğdir. xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəbbə pulu 20 manat hesablanmaqla ödənilməlidir. Beləliklə iş materiallarını araşdıraraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər icra edilmədiyindən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, **********008 nömrəli kredit müqaviləsi üzrə 800 manat əsas, 39 manat faiz, 20 manat cərimə borcu və 116 manat komissiya haqqı olmaqla, cəmi 975 manat borc tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı BOKT MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 34.4 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (975 manat) mütənasib hissəsi (30 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********008 nömrəli kredit müqaviləsi üzrə 800 (səkkiz yüz) manat əsas, 39 (otuz doqquz) manat faiz, 20 (iyirmi) manat cərimə borcu və 116 (yüz on altı) manat komissiya haqqı olmaqla, cəmi 975 (doqquz yüz yetmiş beş) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar