Məhkəmə qərarları › İş №e-2(010)-5560/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5560/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5560/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdehdən 449.90 manat qalıq borcu və 60.46 manat cərimə borcu olmaqla, cəmi 510,36 manat borcun, həmçinin ərizə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə həmin Məcəllənin 23-1-ci fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3 Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4. Tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. 284-6.1 Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında «pul» tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri İddiaçı ilə cavabdeh arasında bağlanmış MGK00263 saylı 25.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, borcluya 599.90 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcluya dəfələrlə iddiaçı tərəfindən yazılı və şiiahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin tələbinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Borclunun kreditor qarşısında müqavilə üzrə qalıq borcu 449.90 manat təşkil edir. Müqavilənin tələbinə əsasən, borcun ödənişi gecikdiridikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə) pulu ödəməyi borclu öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 604.67 manat təşkil edir. Hazırda borcluya qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edir. Həmin məbləğin 10%-i isə 60.46 manat təşkil edir. İş materiallarına əlavə edilmiş: MGK00263 saylı 25.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung Galaxy A71 SM-A715 128GB Silver markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 75 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə MGK00263 saylı 25.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 449,90 manat məbləğində qalıq borcun məbləği, 604,07 manat məbləğində hesablanmış cərimə məbləği olmaqla cəmi 1054,57 (bir min əlli dörd manat əlli yeddi qəpik) manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehnın müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında MGK00263 saylı 25.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 899,90 manat olan özünə məxsus Samsung Galaxy A71 SM- A715 128GB Silver markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 75 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçının sözügedən müqavilə üzrə ümumilikdə 449,90 manat məbləğində qalıq borc, 604,67 manat cərimə borcu qalmışdır. Hazırda iddiaçı cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni, yəni 60.46 manatını ödəməyi borcludan tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MGK00263 saylı 25.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 449,90 (dörd yüz qırx doqquz manat doxsan qəpik) manat və cərimə borcuna görə 60,46 (altmış manat qırx altı qəpik) manat olmaqla ümumilikdə 510,36 (beş yüz on manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MGK00263 saylı 25.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 449,90 (dörd yüz qırx doqquz manat doxsan qəpik) manat və cərimə borcuna görə 60,46 (altmış manat qırx altı qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, ümumilikdə 540,36 (beş yüz qırx manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar