Məhkəmə qərarları › İş №e-2(010)-567/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-567/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-567/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Balayev Elməddı̇ n Fəxrəddı̇ n oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" MMC cavabdeh Balayev Elməddı̇ n Fəxrəddı̇ n oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 195,59 manat maddi zərər məbləğinin, 30 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 225.99 məbləğində pul vəsaitinin Cavabdeh Cəmiyyətin xeyrinə tutulmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. xx.xx.2024-cü il tarixində **-EX-*** dövlət qeydiyyat nişanlı, “X6 Minik” markalı avtomobilin sürücüsü Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində hərəkət edərkən İddiaçı MMC-yə məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı “BMC Procity” markalı avtobusun sol tərəfindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Bu barədə Cəmiyyətin əməkdaşı tərəfindən AR DİN-in “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİnin polisi X3 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun araşdırması nəticəsində Cavabdeh əməllərində AR İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli, TP67558973 saylı İnzibati tənbeh vermə haqqında Qərar verilmişdir. Yol nəqliyyat hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X8 İdarəsində tanınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun sol hissəsi yararsız hala düşmüş və təmir olunması üçün 3 gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 0982 saylı Zərər Aktına əsasən **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusa 195,59 manat maddi zərər dəymişdir. Qeyd edilir ki, yuxarıda qeyd edilən **-EX-*** dövlət qeydiyyat nişanlı, “X6 Minik” markalı nəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olmadığından hadisə nəticəsində İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 195,59 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. “BUSTECH”in xx.xx.2024-cü il tarixli, 0982 saylı Zərər Aktından görünür ki, **-JA-*** dövlət qeydiyyat nişanlı, Model BMC, Procity markalı avtobusa cəmi 195,59 manat maddi zərər dəymişdir.

6. xx.xx.2024-cü il tarixli, TP67558973 saylı İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, **-EX-*** dövlət qeydiyyat nişanlı, “X6 Minik” markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh növü kimi 40 manat cərimə tətbiq edilmişdir.

7. “İcbari Sığorta Bürosu”nun elektron məlumatından görünür ki, hadisə baş verən xx.xx.2024-cü il tarixdə **-EX-*** dövlət qeydiyyat nişanlı, “X6 Minik” markalı nəqliyyat vasitəsinin aktiv icbari sığorta müqaviləsi mövcud olmamışdır.

İşin faktiki halları

8. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, **-JA-*** dövlət qeydiyyat nişanlı “BMC Procity” markalı avtobus iddiaçının mülkiyyətindədir. Cavabdehin idarə etdiyi **-EX-*** dövlət qeydiyyat nişanlı, “X6 Minik” markalı nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində **-JA-*** dövlət qeydiyyat nişanlı “BMC Procity” markalı avtobusa maddi zərər dəymişdir. Eyni zamanda, hadisə “**-EX-*** dövlət qeydiyyat nişanlı, “X6 Minik” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermişdir və hadisə baş verən tarixdə həmin avtomobilin aktiv icbari sığorta müqaviləsi mövcud olmamışdır. Hazırkı iddia tələbində iddiaçı dəymiş maddi ziyanın cavabdehdən tutulmasını tələb edir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Məhkəmənin mövqeyi

11. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir.

12. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçı mülkiyyətində olan **-JA-*** dövlət qeydiyyat nişanlı “BMC Procity” markalı avtobusla Cavabdeh idarə etdiyi “**-EX-***” dövlət qeydiyyat nişanlı, “X6 Minik” markalı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində **-JA-*** dövlət qeydiyyat nişanlı “BMC Procity” markalı avtobusa zərər dəymişdir. Eyni zamanda, hadisənin baş verməsində “**- EX-*** dövlət qeydiyyat nişanlı, “X6 Minik” markalı avtomobili idarə edən Cavabdeh təqsirli bilinmiş və barəsində inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə, işdən müəyyən edilir ki, qəza Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermişdir. Delikt münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçı Cavabdeh ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlıdır. Ziyanın məbləğinə gəldikdə isə iş materiallarında olan zərər aktından görünür ki, **-JA-*** dövlət qeydiyyat nişanlı “BMC Procity” markalı avtobusa dəymiş zərər məbləği ümumilikdə 195.59 manat təşkil edir. Məhkəmə qeyd olunan məbləği ağlabatan qəbul edir və hesab edir ki, həmin pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Balayev Elməddı̇ n Fəxrəddı̇ n oğlundan 195.59 manat pul vəsaiti və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu olmaqla cəmi 225.99 manat pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh Balayev Elməddı̇ n Fəxrəddı̇ n oğlundan 195.59 manat pul vəsaiti və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu olmaqla cəmi 225.99 manat pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar