Məhkəmə qərarları › İş №e-2(010)-569/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-569/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-569/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1973-cü il təvəllüdlü Cavabdeh tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 522 (beş yüz iyirmi iki) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 652 (altı yüz əlli iki) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 16 iyun 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlayıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 675 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 522 manat borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürüb. Odur ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 7830 (yeddi min səkkiz yüz otuz) manat faiz borcu yaranıb (522 manatx 1500 gün x 1%=7830 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 (yüz) manat məbləğində tələb edir.

Tərəflərin izahatları

3. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılan zaman əsas borc tələbi ilə razı olduğunu bildirmiş və eyni zamanda üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materialları

5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2018-ci il tarixli, 553196 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən hissə hissə ödəniş şərti ilə 675 manat məbləğində məişət avadanlığı əldə etmiş, ilkin olaraq 15 manat ödəniş etmiş və qalıq 660 manat pul vəsaitini 15 ay müddətində aylıq 44 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

6. xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 16 iyun 2018-ci il tarixli müqavilə üzrə 522 manat əsas qalıq borcu vardır.

İşin faktiki halları

7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2018-ci il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə məişət avadanlığı təqdim edilmiş və o, həmin məhsulun dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh ödəniş qrafikinə əməl etməyib, müqavilə üzrə ödəməli olduğu pulu ödəməyib. Cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz və ya mülahizə daxil olmayıb. Cavabdeh yalnız telefon əlaqəsi zamanı bildirib ki, məhkəmə iclasına gəlməyəcək, tələb edilən əsas borc məbləğinə isə etiraz etmir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmənin mövqeyi

9. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

10. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan məhsulu cavabdehə vermişdir. Cavabdeh isə borclu olduğu məbləği ödəniş qrafikinə uyğun 15 ay müddəti ərzində ödəməyi öhdəsinə götürsə də, lakin həmin öhdəliyi icra etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırki borc məbləğini tələb etməkdə haqlıdır.

11. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən müqavilə üzrə tələb olunan 522 manat əsas borca münasibətdə tam əsaslıdır.

12. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçı cavabdehdən 522 manat əsas borc məbləği ilə yanaşı müqavilə üzrə hesablanmış 100 manat faiz borcunu tələb etsə də, lakin iş materiallarında olan tərəflər arasında bağlanmış 16 iyun 2018-ci il tarixli borc müqaviləsində faiz məbləğinin ödənilməsi barədə müddəa nəzərdə tutulmamışdır. Müqavilədə ödənişin gecikdirildiyi halda faiz hesablanması ilə bağlı müddəa nəzərdə tutulmadığı halda, həmin müqaviləyə istinad edilməklə faiz tələb edilməsi əsassızdır. Digər tərəfdən, xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 16 iyun 2018-ci il tarixli müqavilə üzrə 522 manat əsas qalıq borcu vardır. Yəni, iddiaçı tərəfindən cavabdehin müqavilə üzrə olan borcunun yalnız 522 manat əsas qalıq borcdan ibarət olduğu qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi faiz borcuna münasibətdə təmin edilə bilməz.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Gülmanov Fı̇ rdovsi Arı̇ safa oğlundan iddiaçı "xxxx" MMC-nin xeyrinə 522 manat əsas borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Gülmanov Fı̇ rdovsi Arı̇ safa oğlundan iddiaçı "xxxx" MMC-nin xeyrinə 522 manat əsas borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar