Məhkəmə qərarları › İş №e-2(010)-570/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-570/2023

07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-570/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş 1257,11 (bir. min iki yüz əlli yeddi manat on bir qəpik) manat məbləğində zərərin və 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun, cəmi 1290,11 (min iki yüz doxsan manat on bir qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi. İddia tələbinin dəlilləri Sabunçu-Bakıxanov dəmir yolu mənzilində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus STADLER EŞ2-018 Bakı-Pirşağı-Sumqayıt sürətli elektrik qatarının Q-01 vaqonuna kənardan daş atılması nəticəsində qatarın ikinci mərtəbəsinin yan şüşəsinin biri sınmış, digəri isə əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində ADY-yə 1257,11 (min iki yüz əlli yeddi manat on bir qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X8 Polis İdarəsinin Sabunçu Xətt polis şöbəsində araşdırma aparılmışdır. Sabunçu Xətt polis şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixində Sumqayıt- Pirşağı dəmir yolu mənzilində (31-ci km 2-ci piketində) ADY-yə məxsus STADLER EŞ2-018 Bakı-Pirşağı-Sumqayıt sürətli elektrik qatarının Q-01 vaqonuna kənardan daş atılması nəticəsində şüşə hissələrinə zərər verən şəxsin yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X6 olması müəyyən olunmuşdur. Bununla əlaqədar onun qanuni nümayəndəsi, valideyni Cavabdeh bölməyə dəvət olunmuş, onun iştirakı ilə X3 izahatı alınmışdır. Həmçinin qərardan görünür ki, hadisə nəticəsində ADY-yə 1257,11 (min iki yüz əlli yeddi manat on bir qəpik) manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal edilmiş ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia əsassızdır. Oğlu ona demişdir ki, qatara daşı atmış, lakin şüşəni sındırmamışdır. Sürət qatarının şüşəsinin məhz onun oğlu tərəfindən sındırılması təsdiqini tapmamışdır. Uşağın izahatı alınan zaman həyəcanlı olmuş, şüşəni sındırmasını izahatında göstərmişdir. O, özü də həmin anda düşünmədən uşağın izahatını təsdiqləmişdir. Odur ki, iddiaçının iddia tələbi əsassızdır. Cavabdehin nümayəndəsi (əri) X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, oğlu qatara daşı atsa da, qatarın şüşəsinin məhz onun tərəfindən sındırılması faktı sübut olunmamışdır. Odur ki, iddia rədd olunmalıdır. Uşağın şüşəni sındırması barədə video olduğunu desələr də, ona həmin video göstərilməmişdir. İş materiallarına əlavə edilmiş: DYNPİ-nin Sabunçü st. XPŞ-nin İst.TQ-nin müstəntiqi polis mayoru A.Musayevin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, 12 iyun 2022-ci il tarixdə icraatına ”ADY” QSC-nin xx.xx.2022-ci il tarixli 196284 nömrəsi ilə xx.xx.2022-ci il tarxdə saat 15:06 radələrində 6620 saylı marşrut ilə hərəkət edən EŞ 2-018 saylı Sumqayıt-Pirşağı-Bakı elektrik qatarı Sabunçu-Bakıxanov mənzilində hərəkətdə olarkən qatarın Q-01 vaqonunun 2-ci mərtəbəsində 1 ədəd yan şüşəsi kənardan yad cisim dəyməsi nəticəsində sınmış və yararsız hala düşməsi və 1 ədəd yan şüsəsi isə əhəmiyyətli dərəcədə zədə alması barədə məktubu daxil olmuşdur. Aparılmış araşdırma zamanı X6 07 iyul 2022-ci il tarixdə saat 15:06 radələrində Sabunçu-Bakıxanov dəmir yolu mənzilində daş parçasını yerdən götürüb hərəkətdə olan EŞ2-018 saylı qatara ataraq Q-01 nömrəli vaqonunun 2-ci mərtəbəsində 1 ədəd yan pəncərəsi sınaraq yararsız hala düşməsi və 1 ədəd yan şüsəsini isə əhəmiyyətli dərəcədə zədə almış və nəticəsində "xxxx" QSC-yə 1,257.11 manat maddi ziyan vurmuşdur. Həmin qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. X6 xx.xx.2009-cu il təvəllüdlü olduğundan, İXM-nə əsasən məsuliyyətə cəlb etmə yaş həddi 16 yaşdan nəzərdə tutulduğundan barəsində inzibati icraatın açılmasından imtina edilmişdir. "xxxx" QSC-nin məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:06 radələrində 6620 saylı marşrut ilə hərəkətdə olan EŞ2-018 saylı Sumqayıt-Pirşağı-Bakı elektrik qatarına kənardan atılan daş nəticəsində Q-1 vaqonunun ikinci mərtəbəsinin yan şüşəsi sınmışdır. Stadler KİSS EŞ2-018 elektrik qatarının Q1 vaqonunda yuxari mərtəbə əyri qəza çıxışı şüşəsinin dəyişilməsinin kalkulasiyasından görünür ki, Stadler elektrik qatarının şüşəsinin dəyişdirilməsində 3 işçi (2 mütəxəssis, 1 çilingər) iştirak edir. Ümumi təmir prosesinin müddəti 2 saat nəzərdə tutulub. Əmək haqqı məbləğinin hesablanmasında işçilərin hesablanmış əmək haqları, sosial ödənişlər nəzərə alınmışdır. Birbaşa əmək haqqı təmirə sərf olunan vaxta və işçinin tarif dərəcəsinin qiymətinə əsasən hesablanmışdır. Dolayı əmək haqqı məbləği mükafatlandırma sisteminə əsaslanır. Təmirə cəlb olunan işçilərin əmək haqqlarına əlavə olaraq alınan mükafat məbləğinin təmirə allokasiya olunmasıdır. Ümumi hesablamalara əsasən 1 saat təmir işinə allokasiya olunan məbləğ 1.67 AZN-dir. Hər bir işçinin təmirə sərf etdiyi vaxtı nəzərə alaraq dolayı əmək haqqı məbləği hesablanır. (6 saatx 1.67 AZN=10.01 AZN). "xxxx" QSC-nin arayışından görünür ki, EŞ2-018 qatarın Q1 vaqonunda yuxarı mərtəbə eyni qəza çıxışı şüşəsinin dəyişdirilməsinə xərc əmək haqqı olaraq 55,70 manat, dolayı əmək haqqı olaraq 10,01 manat, mal və materiallar olaraq 1190,57 manat, amortizasiya xərci olaraq 0,82 manat təşkil etmişdir. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" QSC-ti ilə Stadler Service AG şirkəti arasında bağlanmış müqaviləyə əsasən Stadler Service AG şirkəti 4 ədəd dəyəri 986 EVRO olan sağ yan pəncərə üçün izolyasiya şüşəsini "xxxx" QSC-yə çatdırır. X3 Sabunçu st. XPŞ-nin İstintaq və Təzqiqat qrupuna verdiyi izahatından görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakıxanov dəmir yol xəttinin yanında qardaşı Məhərrəmli Rahil və onlarla eyni binada yaşayan Ayxan və Emil ilə birlikdə velosiped sürərkən, velosipedin sepi yerindən çıxdığı üçün dəmir yolun kənarında dayanmışlar. Elə bu vaxt yolun sağ tərəfindən sol tərəfə doğru qatarın gəldiyini görmüşdür. O, əyilərək yerdən daş götürüb hərəkətdə olan qatarın şüşəsinə doğru atmışdır. Atdığı daş qatarın şüşəsi tərəfə dəyərək səs gəldi. Daha sonra o, velosipedin sepini düzəldərək yoluna davam edərək oradan uzaqlaşmişdir. İşin faktiki halları İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tələbini ona məxsus STADLER EŞ2-018 Bakı-Pirşağı-Sumqayıt sürətli elektrik qatarının Q-01 vaqonuna kənardan daş atılması nəticəsində qatarın ikinci mərtəbəsinin yan şüşəsinin zədələnməsi ilə əlaqədar ona iddia etdiyi miqdarda zərər dəyməsi ilə əsaslandırmışdır. Cavabdeh yetkinlik yaşına çatmayan övladı X1 qatara daş atmasını mübahisələndirməmiş, nəzarət etməyə borclu olduğu xx.xx.2009-cu il təvəllüdlü övladının yetirdiyi zərərin onun təqsiri üzündən yaranmadığına dair sübutu təqdim etməmiş, polis araşdırması zamanı faktı qəbul etsə də, məhkəmə iclasında daşı övladı atsa da, şüşənin oğlu tərəfindən sındırılmaması əsası ilə iddiaya etiraz etmişdir. Cavabdeh iddia tələbinə etirazının əsası kimi ona istinad etmişdir ki, uşağın izahatı alınan zaman həyəcanlı olmuş, şüşəni sındırmasını izahatında göstərmiş, o, özü də həmin anda düşünmədən uşağın izahatını təsdiqləmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 459.1 Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 1103.1 On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Maddə 1103.4 Valideynlərin (övladlığa götürənlərin), qəyyumların, təhsil, tərbiyə, müalicə müəssisələrinin və digər müəssisələrin azyaşlının vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə azyaşlı yetkinlik yaşına çatdıqda və ya zərərin əvəzini ödəmək üçün yetərli əmlak əldə etdikdə xitam verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə vurğulayır ki, cavabdeh tərəf yetkinlik yaşına çatmayan övladı X1 qatara daş atmasını mübahisələndirməsə də, oğlunun qatara daş atdığı halda şüşəni sındırmamasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə xatırladır ki, mülki prosessual qanunvericiliyin tələbləri baxımından hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəflərin izahatını və iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayan X3 törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideyni Cavabdeh məsuliyyət daşıyır. Zərərin məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı şüşənin dəyişdirilməsi üçün əmək haqqı olaraq 55,70 manat, dolayı əmək haqqı olaraq 10,01 manat, mal və materiallar olaraq 1190,57 manat, amortizasiya xərci olaraq 0,82 manat məbləğində xərc çəkildiyini iddia edir. Lakin, məhkəmə iddiaçının ona məxsus qatarın şüşəsinə zərər dəyibdəyməməsindən asılı olmayaq işçisinə aylıq əsasla ödədiyi sabit əmək haqqı müqabilində cavabdehdən pul tələb etməsini ağlabatan hesab etmir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 33 (otuz üç) manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş 1191,39 (bir min yüz doxsan bir manat otuz doqquz qəpik) manat məbləğində zərər və ödənilmiş dövlət rüsumuna görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş 1191,39 (bir min yüz doxsan bir manat otuz doqquz qəpik) manat məbləğində zərər və ödənilmiş dövlət rüsumuna görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissəsi təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar