Məhkəmə qərarları › İş №e-2(010)-5721/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5721/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5721/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, BAL061313/12 nömrəli müqavilə üzrə 484.16 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL061313/12 nömrəli müqaviləyə əsasən, 700 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum X4 484.16 manat məbləğində banka borcu vardır. X6 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin verdiyi şəhadətnaməyə əsasən, cavabdeh borclu X3 vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında ona keçmişdir. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə hüquqi şəxslərin qeydiyyatı barədə reyestrdən çıxarış əlavə edilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və təqdim edilmiş sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) və X6 (Kredit alan) arasında xx.xx.2013-cü il tarixdə bağlanmış BAL061313/12 nömrəli kredit kartı üzrə bank hesabı müqaviləsindən müəyyən olunur ki, “Bank” “Kredit alan” “Bolkart”ın qüvvədə olma müddətində “Bank”ın “Bolkart” layihəsinə qoşulmuş satış və xidmət şəbəkələrində malların və xidmətlərin dəyərinin ödənilməsi üçün 700 manat məbləğində bərpa olunan kredit xətti açır. Bu müqavilə üzrə ayrılmış limit daxilində istifadə edilmiş hər bir məbləğ istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1 (bir), 6 (altı) və 12 (on iki) ay ərzində “Kredit alan” tərəfindən “Bank”a geri ödənilməlidir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X6 ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış BAL061313/12 nömrəli müqaviləyə əsasən, sonuncunun 484.16 manat məbləğində borcu vardır. xx.xx.2014-cü il tarixli, 2V-485 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan arvadı – X1 və oğlu – Cavabdehdur və onların hər biri miras əmlakdan bərabər paylarda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak AR DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********78-05101-093090 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 49.2 m2, yaşayış sahəsi 30.5 m2, yardımçı sahəsi 18.7 m2 olan, 2 otaqlı, 109 nömrəli mənzildən ibarətdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları İddiaçı və mərhum miras qoyan X6 arasında xx.xx.2023-cü il tarixli, BAL061313/12 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, ban kredit alana “Bolkart”ın qüvvədə olma müddətində bankın “Bolkart” layihəsinə qoşulmuş satış və xidmət şəbəkələrində malların və xidmətlərin dəyərinin ödənilməsi üçün 700 manat məbləğində bərpa olunan kredit xətti açmışdır. Həmçinin, tərəflər arasında razılaşdırılmışdır ki, bu müqavilə üzrə ayrılmış limit daxilində istifadə edilmiş hər bir məbləğ istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1 (bir), 6 (altı) və 12 (on iki) ay ərzində kredit alan tərəfindən banka geri ödənilməlidir. X6 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, borcalanın ölümü ilə əlaqədar olaraq 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən sonuncunun adına vərəsəlik açılmış, qanun üzrə vərəsələr qismində miras qoyanın arvadı X1 və oğlu Cavabdeh tanınmışdır. Miras qoyan X4 qanun üzrə vərəsələri tərəfindən miras əmlakın qəbulunun formal üsulu (notariat orqanına ərizə verməklə) realizə edilmiş və AR DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********78-05101-093090 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 49.2 m2, yaşayış sahəsi 30.5 m2, yardımçı sahəsi 18.7 m2 olan, 2 otaqlı, 109 nömrəli mənzil həmin vərəsələr tərəfindən qəbul edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.1. iddia qiyməti 1.000manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqda sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı və mərhum miras qoyan X6 arasında xx.xx.2023-cü il tarixli, BAL061313/12 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, ban kredit alana “Bolkart”ın qüvvədə olma müddətində bankın “Bolkart” layihəsinə qoşulmuş satış və xidmət şəbəkələrində malların və xidmətlərin dəyərinin ödənilməsi üçün 700 manat məbləğində bərpa olunan kredit xətti açmışdır. Həmçinin, tərəflər arasında razılaşdırılmışdır ki, bu müqavilə üzrə ayrılmış limit daxilində istifadə edilmiş hər bir məbləğ istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1 (bir), 6 (altı) və 12 (on iki) ay ərzində kredit alan tərəfindən banka geri ödənilməlidir. Göründüyü kimi, mərhum borcalan və iddiaçı arasında öhdəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, iddiaçı müqavilə üzrə öz üzərinə müəyyən edilmiş öhdəlikləri vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) icra etmiş, lakin borcalan müqavilə üzrə üzərinə düşən öhdəlikləri obyektiv səbəblərdən (xx.xx.2013-cü il tarixdə vəfat etməsi ilə əlaqədar) yerinə yetirə bilməmişdir. X6 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, borcalanın ölümü ilə əlaqədar olaraq 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən sonuncunun adına vərəsəlik açılmış, qanun üzrə vərəsələr qismində miras qoyanın arvadı X1 və oğlu Cavabdeh tanınmışdır. Miras qoyan X4 qanun üzrə vərəsələri tərəfindən miras əmlakın qəbulunun formal üsulu (notariat orqanına ərizə verməklə) realizə edilmiş və AR DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********78-05101-093090 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 49.2 m2, yaşayış sahəsi 30.5 m2, yardımçı sahəsi 18.7 m2 olan, 2 otaqlı, 109 nömrəli mənzil həmin vərəsələr tərəfindən qəbul edilmişdir. Cavabdeh mərhum atasından miras qalmış əmlakı qəbul etsə də, onun kreditoru, yəni hazırkı iş üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəliyini yerinə yetirməmiş və iddiaçı banka olan borcu ödəməmişdir. Halbuki, vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın əmlak hüquqları (mirasın aktivi) ilə yanaşı əmlak vəzifələrini (mirasın passivi) də qəbul edir və buna müvafiq olaraq miras qoyanın kreditorları qarşısında qəbul etdiyi miras aktivi həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. İddiaçı tərəfindən hazırkı iş üzrə cavabdehə qarşı irəli sürülmüş iddia tələbi qanuni və əsaslı olsa da, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi ərizə əsasında iddia müddətinin hazırki mübahisəyə tətbiq edilib-edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Belə ki, müqavilənin icra müddəti xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olmaqla 36 ay müddəti əhatə etmişdir. İddiaçı həmin müqavilənin icrası müddətinin başa çatmasından 9 ildən çox müddət keçdikdən sonra (xx.xx.2025-ci il tarixdə) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında da təkrarlayaraq, məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İş materiallarıni tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2013-cü il tarixli müqavilədə nəzərdə tutulan öhdəliklərin icra müddəti müqavilə imzalandığı tarixdən başlamış və müqavilə müddəti 36 ay müəyyən edilməklə xx.xx.2016-cı il tarixədək hissəhissə icra edilməsi müəyyənləşdirilmişdir. İddiaçı həmin müqavilənin üzrə öhdəliklərin icra müddətinin başa çatmasından 9 ildən çox müddət keçdikdən sonra (xx.xx.2025-ci il tarixdə) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar