Məhkəmə qərarları › İş №e-2(010)-5766/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5766/2025

27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5766/2025 27.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 mirası qəbul etmiş vərəsəsi olan cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixli, 061 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 354.55 manat əsas və 822.24 manat faiz olmaqla, cəmi 1176.79 manat məbləğində borcun, ödənilmiş 31.77 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X8 arasında xx.xx.2013-cü il tarixli, 061 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, X7 12 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 1209 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X8 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 34 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 284/25 saylı məktubuna əsasən, X4 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 34 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə xx.xx.2025-ci il tarixli 2V-53 nömrəli vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Bankın Xətai filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2025-ci ilədək kredit üzrə banka ödənilməmiş 354.55 manat əsas, ödənilməmiş 822.24 manat faiz borcu olmaqla, cəmi 1176.79 manat borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2- 41449/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" ASC (Borcverən) və X8 (Borcalan) arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 061 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, “Borcverən” “Borcalan”a “Visa İnternational” X10 ödəniş sisteminə aid kredit kartı vasitəsilə 1209 manat məbləğində, 12 ay müddətinə kredit xəttinin açılmasını, “Borcalan” bu müqavilədə göstərilən müddətdə və qaydada kredit vəsaitini “Borcverən”ə qaytarmağı, o cümlədən kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdəsinə götürür. xx.xx.2013-cü il tarixli, AZ-İ seriyalı, 638975 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2013-cü il tarixdə “kaxeksiya” səbəbindən Bakı şəhərində ölmüşdür. xx.xx.2025-ci il tarixli, 2V-53 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X7 verilmiş, **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 57.22 kv/m, yaşayış sahəsi 44.2 kv/m, yardımçı sahəsi 13.02 kv/m, 3 otaqlı fərdi yaşayış evindən və ümumi sahəsi 0.0075 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, X4 xx.xx.2013-cü il, 061 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 354.55 manat əsas və 822.24 manat faiz olmaqla, cəmi 1176.79 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli, 6-2-22/2-41449/2025 nömrəli bildirişdən müəyyən olunur ki, iddiaçı tərəfindən borcalan X4 qanun üzrə vərəsəsi olan cavabdehə xx.xx.2013-cü il tarixli, 061 nömrəli kredit müqaviləsi üzrə borcalanın qalıq borcunun məbləği barədə məlumat verilmiş, həmin borc məbləğinin tam şəkildə 3 (üç) gün müddətində ödənilməsi təklif edilmiş, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Müvafiq bildiriş məktubunun qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 31.77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları İddiaçı və mərhum miras qoyan X8 arasında xx.xx.2013-cü il tarixli, 061 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, borcverən borcalana “Visa İnternational” X10 ödəniş sisteminə aid kredit kartı vasitəsilə 1209 manat məbləğində, 12 ay müddətinə kredit xəttinin açılmasını, borcalan bu müqavilədə göstərilən müddətdə və qaydada kredit vəsaitini borcverənə qaytarmağı, o cümlədən kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. X8 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, borcalanın ölümü ilə əlaqədar olaraq Bakı şəhəri 34 saylı notariat ofisi tərəfindən sonuncunun adına vərəsəlik açılmış, qanun üzrə vərəsə qismində miras qoyanın oğlu Cavabdeh tanınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqda sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı və mərhum miras qoyan X8 arasında xx.xx.2013-cü il tarixli, 061 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, borcverən borcalana “Visa İnternational” X10 ödəniş sisteminə aid kredit kartı vasitəsilə 1209 manat məbləğində, 12 ay müddətinə kredit xəttinin açılmasını, borcalan bu müqavilədə göstərilən müddətdə və qaydada kredit vəsaitini borcverənə qaytarmağı, o cümlədən kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, mərhum borcalan və iddiaçı arasında öhdəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, iddiaçı müqavilə üzrə öz üzərinə müəyyən edilmiş öhdəlikləri vaxtında və lazımı qaydada (vicdanlılığın tələb etdiyi tərzdə) icra etmiş, lakin borcalan müqavilə üzrə üzərinə düşən öhdəlikləri obyektiv səbəblərdən (xx.xx.2013-cü il tarixdə vəfat etməsi ilə əlaqədar) yerinə yetirə bilməmişdir. X8 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, borcalanın ölümü ilə əlaqədar olaraq Bakı şəhəri 34 saylı notariat ofisi tərəfindən sonuncunun adına vərəsəlik açılmış, qanun üzrə vərəsə qismində miras qoyanın oğlu Cavabdeh tanınmışdır. Miras qoyan X4 qanun üzrə vərəsəsi tərəfindən ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X7 verilmiş, **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 57.22 kv/m, yaşayış sahəsi 44.2 kv/m, yardımçı sahəsi 13.02 kv/m, 3 otaqlı fərdi yaşayış evindən və ümumi sahəsi 0.0075 ha olan torpaq sahəsi həmin vərəsə tərəfindən qəbul edilmişdir. Cavabdeh mərhum anasından miras qalmış əmlakı qəbul etsə də, onun kreditoru, yəni hazırkı iş üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəliyini yerinə yetirməmiş və iddiaçı banka olan borcu ödəməmişdir. Halbuki, vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın əmlak hüquqları (mirasın aktivi) ilə yanaşı əmlak vəzifələrini (mirasın passivi) də qəbul edir və buna müvafiq olaraq miras qoyanın kreditorları qarşısında qəbul etdiyi miras aktivi həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. İddiaçı tərəfindən hazırkı iş üzrə cavabdehə qarşı irəli sürülmüş iddia tələbi qanuni və əsaslı olsa da, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi ərizə əsasında iddia müddətinin hazırki mübahisəyə tətbiq edilib-edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Belə ki, müqavilənin icra müddəti xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olmaqla 12 ay müddəti əhatə etmişdir. İddiaçı həmin müqavilənin icrası müddətinin başa çatmasından 11 ildən çox müddət keçdikdən sonra (xx.xx.2025-ci il tarixdə) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında da təkrarlayaraq, məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İş materiallarıni tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2013-cü il tarixli müqavilədə nəzərdə tutulan öhdəliklərin icra müddəti müqavilə imzalandığı tarixdən başlamış və müqavilə müddəti 12 ay müəyyən edilməklə xx.xx.2014-cü il tarixədək hissəhissə icra edilməsi müəyyənləşdirilmişdir. İddiaçı həmin müqavilənin üzrə öhdəliklərin icra müddətinin başa çatmasından 11 ildən çox müddət keçdikdən sonra (xx.xx.2025-ci il tarixdə) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı mövqeyinə əks dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarında formalaşdırılan hüquqi mövqelərə əsasən, borclunun ölümü halında Mülki Məcəllənin 427-ci maddəsi ilə müəyyənləşdirilmiş icra müddəti ərzində öhdəlik icra edilməzsə, Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələri ilə nəzərdə tutulmuş müddətdən etibarən kreditorun hüquq varisliyi prinsipinə əsasən borclunun vərəsələrinə qarşı iddia qaldırmaq hüququ yaranmış olur. Müqavilələrdən yaranan öhdəliklər üzrə iddia müddətlərinin mirasdan imtina üçün qanunvericiliklə müəyyənləşdirilmiş 3 aylıq (məhkəmə qaydasında uzadıldıqda isə ən çoxu 5 aylıq) müddətlərə münasibətdə uzun olması nəzərə alınarsa, kreditor borcluya, onun ölümü halında isə mirasdan imtina etməmiş vərəsələrinə qarşı iddia qaldırmaq üçün kifayət qədər zamana malik olur. Mülki Məcəllənin 1312-ci maddəsində də qeyd olunmuşdur ki, əgər kreditor tələbi icra müddəti çatanadək irəli sürmüşdürsə, vərəsə icranı müddət çatanadək təxirə sala bilər. Müddət çatdıqda kreditor ümumi iddia müddəti ərzində icranı tələb edə bilər. Əks yanaşma, yəni borclunun ölümünün iddia müddətinin axımının kəsilməsinə və ya dayandırılmasına səbəb olan hal kimi qəbul edilməsi, iddia müddətinin axımının vərəsələrin müəyyən edilməsindən sonra başlanmış hesab olunması kreditora əsassız üstünlüyün tanınması ilə nəticələnməklə yanaşı, iddia müddətinin məqsəd və mahiyyətinə də uyğun olmazdı. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 2023-cü il 26 dekabr tarixli Qərarı qəbul edilənədək yaranmış vərəsəlik münasibətləri ilə bağlı isə qeyd olunmalıdır ki, miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan, kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsinin əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). “Mirasın açılması” adlanan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. İş materiallarının tədqiqindən aydın olur ki, mərhum miras qoyan, yəni borcalan X8 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və həmin tarixdən miras açılmış hesab edilmişdir. Miras açıldıqdan sonra miras qoyanın miras aktivinə daxil olan əmlak hüquqlarının ehtiva edildiyi maddi dəyərin – hazırkı işin halları baxımından fərdi yaşayış evi və torpaq sahəsinə vərəsə(lər) tərəfindən sahiblik edilməsi və ya həmin miras əmlakların idarə edilməsi miras əmlakın qəbulunun qeyri-formal üsulu hesab edilir ki, bu da miras əmlakın mülki qanunvericiliklə müəyyən edilən qanuni və əsaslı qəbul qaydasıdır. Baxılan işin halları baxımından mərhum borcalanın miras əmlakının qanun üzrə vərəsə olan cavabdeh tərəfindən formal (vərəsinin notariat orqanına miras əmlakı qəbul etməsinə dair ərizə verməsi) və ya qeyri-formal (vərəsə tərəfindən miras əmlaka sahiblik edilməklə və ya miras əmlakı idarə etməklə miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi) üsulla qəbul edilməsi məhkəməyə məlum olmasa da, miras əmlakın cavabdeh tərəfindən qəbulu mübahisəsizdir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında o da qeyd edilir ki, Mülki Məcəllənin 1309-cu maddəsinə görə, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək vərəsələrin borcu kimi müəyyən olunmuşdur. Beləliklə, vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinin tələbləri baxımından, miras qoyanın vərəsələri tərəfindən vicdanlılıq prinsipinin pozulmasını kreditorun vərəsələrin dairəsini müəyyənləşdirmək cəhdlərinin vərəsələr tərəfindən qəsdən (bilərəkdən) qarşısının alınmasına yönələn hərəkətləri ilə əlaqələndirir. Bunun üçün ilk növbədə, miras qoyanın kreditoru tərəfindən sonuncunun vərəsələrinin axtarılması istiqamətində müəyyən müvafiq hərəkətlər həyata keçirilməli (miras qoyanın adına vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı notariat ofislərinə (miras əmlakın qəbulunun formal üsulu baxımından), miras qoyanın yaşayış yeri üzrə müvafiq orqanlara və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq struktur qurumlarına sonuncunun ailə tərkibi barədə məlumatın əldə edilməsi məqsədilə sorğu ilə müraciət edilməlidir (miras əmlakın qəbulunun qeyri-formal üsulu baxımından) və bu hərəkətlərin həyata keçirilməsi zamanı miras qoyanın vərəsələri tərəfindən bu və ya digər üsullarla kreditorlara süni maneələr yaradılmalıdır. Lakin, baxılan iş üzrə qeyd edilən müvafiq məlumatlar məhkəməyə təqdim edilməmiş, iddiaçı tərəfindən mərhum borcalanın ölümündən sonra onun vərəsələrinin axtarışı ilə bağlı hər hansı tədbir görülməmiş (və ya görülsə də, bu barədə mötəbər sübut məhkəməyə təqdim edilməmişdir) və müqavilə öhdəlikləri üzrə son icra müddətinin başa çatmasından 11 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət edilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan da müəyyən olunur ki, miras qoyanın kreditoru mərhum borcalanın vərəsələrinin dairəsinin müəyyən edilməsi barədə yalnız xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 34 saylı Notariat Ofisinə müraciət etmişdir. İddiaçının miras əmlakın qəbulunun qeyri-formal üsulunu nəzərə almadan, yalnız notariat orqanına ərizə verməklə şərtlənən miras əmlakın qəbulunun formal üsulunu realizə edən vərəslərin dairəsini müəyyənləşdirməyə yönələn cəhdləri, həmçinin bu cəhdlərin borclunun ölümündən və ya öhdəliklərin icra müddətinin başa çatmasından ağlabatan müddət keçdikdən sonra baş verməsi, cavabdehin hüquqdan sui-istifadə etməsi, mülki hüquq və vəzifələrin hüquq uyğun olmayan, başqalarına zərər vurmaq məqsədilə edilməsi nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 31.77 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun miras əmlakı qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 31.77 (otuz bir manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar