Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5789/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 və qeyrilərinə qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışlardan görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonudur. Göründüyü kimi hazırki iddia ərizəsinin Suraxanı Rayon Məhkəməsinə verilməsi üçün heç bir əsas yoxdur və iddiaçı cavabdehin qeydiyyatda olduğu yer üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidir.
Məhkəmənin gəldiyi nəticə
5. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 və qeyrilərinə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 31 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə tam qaytarılmalıdır.
6. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 və qeyrilərinə qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə aidiyyət qaydalarına riayət etməklə məhkəməyə müraciət edə bilər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 31 (otuz bir) manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.