Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5845/2025 24.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 11276.88 manat məbləğində kredit borcu, 996.20 manat məbləğində faiz borcu və 222.60 manat məbləğində cərimə olmaqla, cəmi 12495.68 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 127.49 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə iddiaçı ilə xx.xx.2023-cü il tarixdə bağladığı 029A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında X2”, Tariflər və Valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqavilə əsasında o, aylıq faiz dərəcəsi 1.75% olmaqla, 45 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3723.12 manat ödəniş etmiş və onun iddiaçıya 11276.88 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 141 gün üçün hesablanmış faiz borcu 996.20 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə əsasən borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1%-i məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 141 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 222.60 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında X2nin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, müştəri iddiaçının rəsmi internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X2”, “Tariflər və Valyuta Məzənnəsi” ilə tanış olduğunu, bu ərizədə istifadə edilmiş anlayışların “Bank Xidmətlərinin Göstərilməsi haqqında X2” ilə eyni məna daşıdığını və onları qəbul etdiyini öz imzası ilə təsdiq edərək, ona istehlak məqsədilə 45 ay müddətinə, 15000 manat məbləğində kredit məbləği ayrılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli, 029A********** nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2027-ci il tarixləri arasında hər ay 489 manat (sonuncu ay 461.50 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli, OUT-2025/09/23-21 nömrəli maliyyə arayışından görünür ki, iddiaçının müştərisi olan cavabdehin xx.xx.2023-cü il tarixli, 029A********** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə banka 11276.88 manat əsas, 996.20 manat faiz və 222.60 manat cərimə borcu olmaqla, ümumilikdə 12495.68 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdalıq məktubundan görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixli, 029A********** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği barədə (11276.88 manat əsas borc, 996.20 manat faiz borcu və 222.60 manat cərimə borcu olmaqla, ümumilikdə 12495.68 manat) məlumat verilmiş və həmin borcun ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlıq məktubunun qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. İşin faktiki halları Cavabdeh kredit məbləğinin ayrılmasına dair ərizə ilə iddiaçıya müraciət etmiş və xx.xx.2023-cü il tarixli, 029A********** nömrəli kredit müqaviləsi üzrə borcalana 45 ay müddətinə, illik 1.75% ödənilmək şərtilə, 15000 manat məbləğində kredit verilmişdir. Borcalan müvafiq kredit müqaviləsi üzrə öz üzərinə müəyyən olunmuş öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmiş və iddiaçının müştərisi olan cavabdehin xx.xx.2023-cü il tarixli, 029A********** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə banka 11276.88 manat əsas, 996.20 manat faiz və 222.60 manat cərimə borcu olmaqla, ümumilikdə 12495.68 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün borcalan Cavabdeh xx.xx.2023-cü il tarixli, 029A********** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği barədə (11276.88 manat əsas borc, 996.20 manat faiz borcu və 222.60 manat cərimə borcu olmaqla, ümumilikdə 12495.68 manat) məlumat verilmiş və həmin borcun ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda – 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi. Məhkəmənin mövqeyi Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi kredit məbləği üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə 222.60 manat məbləğində cərimə tutulmasını xahiş etmişdir. Tələb edilən cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. İşdən göründüyü kimi iddiаçı cаvаbdehdən 222.60 manat məbləğində cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 50 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 127.49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi (126.97 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 11276.88 manat əsas, 996.20 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 12323.08 manat məbləğində borc və 126.97 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 029A********** nömrəli kredit müqaviləsi üzrə 11276.88 manat əsas, 996.20 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 12323.08 (on iki min üç yüz iyirmi üç manat səkiz qəpik) manat məbləğində borc və 126.97 (yüz iyirmi altı manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-5845/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5845/2025
24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver