Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-586/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 28.000 manat (iyirmi səkkiz min) məbləğində əsas borcun və 174 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli borc müqaviləsi bağlanmış və həmin borc müqaviləsinə əsasən “Borc verən” İddiaçı 30.000 (otuz min) manat məbləğində pul vəsaitini “Borc alan” Cavabdeh verir. “Borc alan” Cavabdeh isə 30.000 (otuz min) manat məbləğində borc pulu “Borc verən” İddiaçı götürərək müqavilənin şərtlərinə uyğun olaraq “Borc verən” İddiaçı xx.xx.2020-ci ilədək qaytarmağı öz öhdəsinə götürür. Cavabdeh tərəfindən 2020-ci ilin avqust ayında borcun az hissəsi - 2000 (iki min) manat məbləğində pul iddiaçıya verilsə də, qalan məbləğ 28.000 manat məbləğində pul ödənilməmişdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən, Tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaqdır. Borc müqaviləsindən də göründüyü kimi borc məbləği xx.xx.2020-ci ilədək qaytarılmalı idi. Lakin həmin müddətdən xeyli müddətin keçməsinə baxmayaraq, Borc alan tərəfindən heç bir ödəniş olunmamışdır. Borc alan Borc verənin pulunu mənimsəmişr və hal-hazıradək də geri qaytarmamışdır Tərəfindən xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət olunaraq, 3 gün müddətində xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinin geri qaytarmağı xahiş edilmiş, əks halda “pul tələbi”nə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Lakin cavabdeh tərəfindən hal-hazıradək heç bir cavab məktubu göndərilməmişdir. Belə olan halda, iddiaçının məhkəməyə müraciət etməkdən savayı yolu qalmamışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (vəkili) X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul edərək, izahatında göstərdi ki, o, İddiaçı ilə aralarında xx.xx.2018-ci il tarixdə borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən o, xx.xx.2020-ci ilədək qaytarmaq şərti ilə 30.000 (otuz min) manat məbləğində borc pulu İddiaçı götürmüşdür. Həmin müqavilə üzrə borcundan iki min manatını ödəmişdir. Qalan məbləği isə ödəməyə maddi imkanı olmadığına görə heç bir ödəniş həyata keçirə bilməmişdir. Maddi vəziyyəti çox ağırdır. İddiaçıya cəmi 28.000 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2018-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2020-ci ilədək qaytarmaq şərti ilə 30.000 (otuz min) manat məbləğində borc pulu Cavabdeh vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı iddiasını qəbul edir və 28.000 manat məbləğində borcu vardır. İşin halları İddiaçı xx.xx.2020-ci ilədək qaytarmaq şərti ilə 30.000 (otuz min) manat məbləğində pulu xx.xx.2018-ci il tarixində Cavabdeh vermişdir. Cavabdeh həmin vəsaitdən 2000 (iki min) manat məbləğində pulu iddiaçıya geri qaytarmışdır. Hazırda İddiaçı cavabdehdən 28000 (iyirmi səkkiz min) manat vəsaitin qaytarılmasını tələb edir. Cavabdeh ərizə yazaraq iddianı qəbul edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, cavabdeh iddianı qəbul və etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olubolmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmənin gəldiyi nəticə Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən 28000 (iyirmi səkkiz min) manat və ödənilmiş dövlət rüsumuna görə 174 (bir yüz yetmiş dörd) manat olmaqla cəmi 28.174 (iyirmi səkkiz min bir yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-586/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-586/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver