Məhkəmə qərarları › İş №e-2(010)-5904/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5904/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5904/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB (Azərbaycan) ”Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona dəqiqləşdirmə ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 331799-1-26948 nömrəli “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə cavabdehin banka borclu olduğu 715.34 manat məbləğində əsas borc, 0.74 manat məbləğində faiz borcu və 8.80 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 724.88 manat məbləğində pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 331799-1-26948 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” bağlanılmış və illik 21.90% hesablanması şərti ilə 60 ay müddətinə, 3025 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh kredit vəsaitindən istifadə etmiş, bununla belə öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və bunun nəticəsində cavabdehin banka 715.34 manat məbləğində əsas borc, 0.74 manat məbləğində faiz borcu, ümumilikdə 724.88 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd edilən müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) və Cavabdeh (Borcalan) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 331799-1-26948 nömrəli kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsindən görünür ki, “Bank” istehlak məqsədləri üçün, 60 ay müddətinə, illik 21.9% ödənilmək şərti ilə, 3025 manat məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verməyi, “Borcalan” isə kredit qəbul edib, müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada krediti və ona hesablanacaq faizləri “Bank”a ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli, 331799-1-26948 saylı kredit müqaviləsinə əlavə olan 1 nömrəli ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2021 – xx.xx.2026-cı il tarixləri arasında hər ay 83.39 manat (sonuncu ay 85.29 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 331799-1-26948 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə həmin tarixə 715.34 manat əsas borc, 0.74 manat faiz borcu və 8.80 manat cərimə borcu olmaqla, ümumilikdə 724.88 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcunun məbləği barədə məlumat verilmiş, həmin borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 331799-1-26948 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank borcalanın digər kredit təşkilatlarında olan ümumilikdə 2293.69 manat kredit qalıq məbləğinin yenidən maliyyələşdirilməsi məqsədi ilə, 60 ay müddətinə, illik 21.90% ödənilmək şərti ilə 3025 manat məbləğində kredit verməyi, borcalan isə həmin krediti qəbul edərək, krediti və ona hesablanacaq faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada dövri olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcalan Cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etmədiyinə görə iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi kredit məbləği üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlı olmuşdur. Tələb edilən 8.80 manat məbləğində cəriməyə münasibətdə isə məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, dəbbə pulu (cərimə, penya) öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. xx.xx.2021-ci il tarixli, 331799-1-26948 nömrəli kredit müqaviləsi üzrə tələb edilən 8.80 manat məbləğində dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksək məbləğ deyildir və işin hallarına tam uyğundur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müddətli kredit müqaviləsi üzrə 715.34 manat əsas, 0.74 manat faiz və 8.80 manat cərimə olmaqla, cəmi 724.88 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən,kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən,ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən,cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən,məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 715.34 manat əsas borc, 0.74 manat faiz borcu və 8.80 manat cərimə olmaqla, cəmi 724.88 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 715.34 manat əsas borc, 0.74 manat faiz borcu və 8.8 manat cərimə olmaqla, cəmi 724.88 manat (yeddi yüz iyirmi dörd manat səksən səkkiz qəpik) məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar