Məhkəmə qərarları › İş №e-2(010)-6021/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-6021/2025

22.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-6021/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9600 manat banka olan borcun, habelə könüllü icra müddəti ötürüldüyü üçün 1700 manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat və ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 11926 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.4. Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Maddə 36.5. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Maddə 36.13. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Maddə 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia etmək hüququnun tərkib elementi kimi iddianı təqdim etmək hüququ ilk növbədə ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə səlahiyyətli məhkəmənin seçilməsi imkanını özündə ehtiva edir. Qüvvədə olan mülki prosessual qanunvericilik ərazi aidiyyəti ilə bağlı 4 fərqli qayda – ümumi aidiyyət, iddiaçının seçiminə görə aidiyyət, müstəsna aidiyyət və müqavilə aidiyyəti kimi aidiyyət qaydalarını nəzərdə tutmuşdur. Mülki mühakimə icraatı haqqında qanunvericilik bir tərəfdən aidiyyəti məsələləri ilə bağlı prosessual qaydalara dəqiq riayət edilməsini, digər tərəfdən müvafiq məcburi göstərişlərin pozulması halında görülməli olan tədbirlərin dairəsini dəqiq müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İstinad edilən prosessual hüquq normalarının məcburi göstərişlərindən aydın olur ki, aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilən iş hər hansı istisna müəyyən edilmədən onun aid olduğu məhkəməyə baxılması üçün göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Nəzərə alınmalıdır ki, iddiaçının cavabdehə qarşı qaldırdığı iddia tələbi (vurulmuş zərərin əvəzinin ödənilməsi) ümumi aidiyyəti qaydasından fərqli qayda, yəni müqavilə, seçimə görə aidiyyət və müstəsna aidiyyət müəyyən etmədiyindən, müvafiq iddia ərizəsi ilə cavabdehin rəsmi qeydə alındığı yerin rayon (şəhər) məhkəməsinə müraciət edilməlidir. İş üzrə Cavabdeh şəxsiyyəti haqqında məlumatlar “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilmiş və sonuncunun ünvan 1 ünvanında rəsmi qeydə alındığı aşkar edilmişdir. Beləliklə, hazırkı iddia tələbinə ərazi aidiyyət qaydalarına uyğun olaraq baxmalı olan səlahiyyətli məhkəmə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi olmadığından, mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44-45, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar