Məhkəmə qərarları › İş №e-2(010)-607/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-607/2024

08.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-607/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair küçük iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh inzibati xəta haqqında protokollar görə İddiaçı MMC tərəfindən ödənilmiş 252 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 5591/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5211 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq, İddiaçı MMC iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1213/2023 saylı qətnaməsi ilə (hakim R.Qafarova) İddiaçı MMC-nin iddiası təmin edilərək, cavabdehdən ümumilikdə 2218.41 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X1 İdarəsi tərəfindən inzibati qaydada cərimə edilmişdir. Bu faktı DYPİ-nin elektron portalından alınmış çıxarış təsdiq edir. AR X1 İdarəsi tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli, EQ ******* saylı protokola görə 45 manat, xx.xx.2021-ci il tarixli, EQ 10627636 saylı protokola görə 45 manat, xx.xx.2021-ci il tarixli, EQ 10627671 saylı protokola görə 9 manat, xx.xx.2021-ci il tarixli, EQ 10627648 saylı protokola görə 45 manat, xx.xx.2021-ci il tarixli, EQ 10627664 saylı protokola görə 9 manat, xx.xx.2021-ci il tarixli, EQ 10627663 saylı protokola görə 45 manat, xx.xx.2011-ci il tarixli, EQ 10627665 saylı protokola görə 9 manat, xx.xx.2021-ci il tarixli, EQ 10627666 saylı protokola görə 45 manat, ümumilikdə 252 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına göndərilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin hüquqları da pozulmuş olur.

Tərəflərin izahatları

4. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar

6. xx.xx.2022-ci il tarixli MAS-5211 nömrəli Daxili lizinq müqaviləsinin surətindən müəyyən olunur ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında lizinq müqaviləsi bağlanmışdır. Lizinq verən lizinq alanın sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizin alan isə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür.

7. Daxili lizinq müqaviləsinin 5.2-ci bəndindən müəyyən olunur ki, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır.

8. Həmin müqaviləyə edilmiş 1 saylı əlavənin surətindən müəyyən olunur ki, lizinq obyekti Ban:NVAW01HHFKE168343 nömrəli “Khazar SD” markalı minik maşını olmuşdur.

9. Həmin müqaviləyə edilmiş 3 saylı əlavəsi olan ödəniş cədvəlinin surətindən müəyyən olunur ki, lizinq alan Cavabdeh illik 17% dərəcəsi ilə, 18 ay ödəniş cədvəli üzrə hər ay 458,95 ( sonuncu ay 459.04 manat) manat, cəmi 7.247 manat ödəməyi öhdəsinə götürmüşdür.

10. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, “Khazar SD” minik markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir.

11. AD № 629578 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Khazar SD” minik markalı, ** PC *** dövlət qeydiyyat nişanlı , ağ rəngli, Ban:NVAW01HHFKE168343 nömrəli avtomobilin mülkiyyətçisi İddiaçı MMC-dir.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)- 1213/2023 saylı qətnaməsindən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5211 saylı “Daxili lizinq” müqaviləsi üzrə əsas borca görə 858.76 manat, mükafat borcuna görə 84.04 manat və cərimə borcuna görə 150 manat, lizinq obyektinin təmir bərpası xərcinə görə 1084 manat və ödənilmiş dövlət rüsumuna görə 43.61 manat olmaqla, ümumilikdə 2218.41 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

13. Daxili İşlər Nazirliyi- Elektron xidmətlər portalından çıxarışın surətindən müəyyən olunur ki, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh adına EQ 10627666 saylı protokol əsasında 50 manat, 5 manat endirim olmaqla 45 manat, EQ 10627665 saylı protokol əsasında 10 manat, 1 manat endirim olmaqla 9 manat, EQ 10627663 saylı protokol əsasında 50 manat, 5 manat endirim olmaqla 45 manat, EQ 10627664 saylı protokol əsasında 10 manat, 1 manat endirim olmaqla 9 manat, EQ 10627648 saylı protokol əsasında 50 manat, 5 manat endirim olmaqla 45 manat, EQ 10627671 saylı protokol əsasında 10 manat, 1 manat endirim olmaqla 9 manat, EQ 10627636 saylı protokol əsasında 50 manat, 5 manat endirim olmaqla 45 manat, EQ ******* saylı protokol əsasında 50 manat, 5 manat endirim olmaqla 45 manat inzibati qaydada qəbul edilmiş qərarlar əsasında cərimələr tətbiq edilmişdir.

14. **********, **********, **********, **********, **********, **********, **********, ********** nömrəli xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən müəyyən olunur ki, yuxarıda qeyd olunan cərimələr, cəmi 252 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən ödənilmişdir.

15. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh inzibati xəta haqqında protokollara əsasən 252 manat məbləğində pulun 7 gün ərzində ödənilmədiyi təqdirdə məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı MMC tərəfindən məhkəməyə ərizə ilə müraciət etmək üçün 40.93 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

18. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1000 manatadək olduqda – 30 manat

Məhkəmənin mövqeyi

20. Məhkəmə iddia ərizəni, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

21. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

22. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

23. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq).

24. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

25. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinə əsasında lizinq obyekti olan “Khazar SD” minik markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Həmin avtomobil cavabdehin istifadəsində olan müddət ərzində yol hərəkəti qaydalarının pozulması nəticəsində cavabdeh tərəfindən inzibati xətalar törədilmiş və nəticədə müvafiq protokollar əsasında inzibati qaydada cərimələr tətbiq edilmişdir. Həmin cərimələr iddiaçı tərəfindən ödənilmiş və cəmi ödənilən 252 manat pul iddiaçı tərəfindən cavabdehdən tələb olunur.

26. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi idarə olunarkən onun tərəfindən törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələr mülkiyyətində olan nəqliyyat vasitəsinin gələcəkdə istifadəsinin məhdudlaşdırılmasına səbəb olacağına görə həmin cərimələr əsasında cəmi 252 manat məbləğində pul iddiaçı tərəfindən ödənildiyindən iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

27. Belə ki, cavabdeh tərəfinədən yol hərəkəti qaydalarının pozulması nəticəsində barəsində inzibati qaydada cərimələ tətbiq edilməsi və həmin cərimələrin qanunda nəzərdə tutulmuş müddətdə ödənilməyəcəyi təqdirdə iddiaçıya məxsus nəqliyyat vasitəsinin istifadəsinin məhdudlaşdırılması ilə nəticələnməsi halı iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. Bununla da, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçıya zərər vurulmuş, həmin zərər isə iddiaçı tərəfindən ödənildiyindən məhkəmə iddia tələbinin əsaslı olması və təmin olunmalı olması qənaətinə gəlir.

Məhkəmə xərcləri

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30.40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh inzibati xəta haqqında protokollar görə İddiaçı MMC tərəfindən ödənilmiş 252 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

31. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 252 (iki yüz əlli iki) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar