Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-608/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 501.30 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2.Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və xx.xx.2018-ci il tarixli, 2(010)-6088/2018 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC"xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 3342.00 məbləğ "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 501.30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1 -ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 501.30 manat məbləğində xidmət haqqı ödəmişdir. «X1 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.20-cu bəndində qeyd edilmişdir ki, «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tam əsassız və qanunsuzdur. İddiaçı tərəfin bu yanaşması vətəndaşın (onun) vəziyyətinin pisləşməsinə yönəlib. Əlavə olaraq qeyd etdi ki, idiaçı iddia müddətini də ötürmüşdür və ona görə də, tələb bu əsasla da rədd edilməlidir.
İş materialları
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6088/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 3270.55 manat əsas borc, 290.67 manat faiz borcu, 50 manat məbləğində cərimə borcu və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir.
6. "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında 04 iyul 2017-ci il tarixində, istehlak kreditləri, avtomobil kreditləri və /və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kredit kartları və / və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləmək məqsədi ilə Hüquqi Xidmət haqqında Müqaviləsi bağlanmışdır.
7. “X1 Azərbaycan” QSC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında 04 iyul 2017-ci il tarixli Hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci ilə təmin edilmiş 3342.00 manat məbləğində pul vəsaitinə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 501.30 manat məbləğində xidmət haqqı olmuşdur.
8. xx.xx.2022-ci il tarixli təhvil aktından görünür ki, Cavabdeh 2022-ci ilin yanvar ayı üçün banka 3342 manat geri ödəniş etməsi nəzərdə tutulmuş, büroya (Lider Leqal MMC) ödəniləcək 15 % xidmət haqqı 501.30 manat qeyd edilmişdir.
9. İş matariallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən (pretenziya) görünür ki, Cavabdeh 501.30 manat pul vəsaitinin 5 iş günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
10. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 2014-cü ildə ümumi kredit müqaviləsi bağlanmış, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmədiyindən “X1 Azərbaycan” QSC məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6088/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3270.55 manat əsas borc, 290.67 manat faiz borcu, 50 manat məbləğində cərimə borcu və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. İddiaçı tələbində ona əsaslanır ki, məhkəmə qətnaməsi ilə qət edilmiş həmin borc məbləğinin ödənilməsi Banka hüquqi xidmət göstərən üçüncü şəxsin sayəsində mümkün olmuşdur. Belə ki, cavabdeh borcunu könüllü qaydada ödəməmiş, ona görə də, Banka hüquqi xidmət göstərən üçüncü şəxs borcun ödənilməsi istiqamətində tədbirlər görmüş və nəticədə borc ödənilmişdir. Bu səbəbdən hazırki iddia tələbində iddiaçı həmin hüquqi yardıma görə üçüncü şəxsə ödənilmiş xidmət haqqının cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. İddiaçı tərəf tələbinin hüquqi əsaslandırması kimi, prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən normalarına, eləcə də, maddi əsas kimi, mülki qanunvericiliyin zərər anlayışını tənzimləyən normalarına istinad edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, hazırki tələb qanunsuz və əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda məhkəməyə yazılı etirazla da müraciət edərək tələbə iddia müddətinin tətbiq edilməli olduğunu qeyd etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
12. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu
M a d d ə 2 . Məcburi icra orqanları 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. M a d d ə 3 . İcra məmurunun tələblərinin məcburiliyi 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. M a d d ə 8 . İcra sənədləri üzrə icraata başlanılması 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Məhkəmənin mövqeyi
14. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
15. Məhkəmə qeyd edir ki, tərəflərin izahatı və iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2014-cü ildə bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh öhdəliyinin icrasını təmin etmədiyindən “X1 Azərbaycan” QSC məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi əsasında kredit müqaviləsi üzrə borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı tərəf hazırki iddia tələbində ona istinad edir ki, məhkəmə qətnaməsi əsasında qət edilmiş borc məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi üçüncü şəxs - "xxxx" MMC-nin hüquqi xidməti əsasında baş tutmuş və “X1 Azərbaycan” QSC tərəfindən həmin üçüncü şəxsə göstərilən hüquqi xidmətə görə 501.30 manat ödəniş edilmişdir. Məhkəmə iddiaçının irəli sürdüyü dəlillərlə razılaşmır. Belə ki, iddiaçının tələb etdiyi məbləğ nə məhkəmə xərclərinə, nə maddi zərərə aiddir. İşin müəyyən olunmuş hallarına əsasən, "xxxx" MMC iddiaçı bankı cavabdehə qarşı olan məhkəmə işində təmsil etməmişdir. İşə baxılması ilə əlaqədar məsrəflərin, yəni məhkəmə xərclərinin dairəsi qanunverici tərəfindən konkret şəkildə müəyyən edilmiş, lakin hazırkı iş üzrə iddiaçının tələb etdiyi pul məbləği məhkəmə xərclərinin dairəsinə daxil deyildir Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən də göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan aktdır və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra edilməlidir və bu icra qurumu tərəfindən məcburi həyata keçirilən prosesdir. İcra orqanından kənar hər hansı bir subyektin məcburi icra işlərini təşkil etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, hazırki tələb AR Mülki Məcəlləsinin 21-ci maddəsinin məzmunu baxımından da əsaslı deyildir. Çünki, həmin maddəyə görə hüququ pozulmuş şəxs çəkdiyi və ya çəkməli olduğu xərcləri zərər vurandan tələb edə bilər. Hazırkı işdə isə iddiaçının məcburi icra tədbirlərinə görə hüquqi xidmət göstərən təşkilata ödədiyi 501.30 manat pul onun məcburi çəkdiyi və ya çəkməli olduğu xərc deyildir. Belə ki, məhkəmə qətnaməsi iddiaçının üçüncü şəxslə əməkdaşlıq edib-etməməsindən asılı olmayaraq və bunun üçün xərc çəkilmədən də icra ediləcəkdir və bu xüsusda iddiaçı hüququnu bərpa etmək üçün məcburi xərc çəkmiş sayılmır.
16. Məhkəmə, cavabdehin iddia tələbinə iddia müddətinin tətbiq edilməsi məsələsinin araşdırılmasına əsas görmür. Belə ki, tələb özü-özlüyündə əsassız tələbdir. İddia müddətinin tətbiqi isə əsaslı hesab edilən iddia tələblərinə münasibətdə mümkündür. Hazırkı işdə isə belə bir hal yoxdur.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdeh Namazov Ramı̇ n Şahı̇ n oğluna qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı "xxxx" QSC-nin cavabdeh Namazov Ramı̇ n Şahı̇ n oğluna qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.