Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-613/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddia tələbi
1. İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kod **********30698 Samsung Galaxy A13 markalı telefon, Vinil şəffaf üçün 468.92 manat ödənilməmiş hissə, 46.08 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ütü Gorenje, Blender Braun, ətçəkən Panasonic üçün 467.17 manat ödənilməmiş hissə, 46.83 manat cərimə pulu olmaqla, ümumilikdə 1029 manat borc, 30.29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşin faktiki halları:
2.Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 02642715 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın alqı-satqı qiyməti 648.18 manat, ilkin ödəniş 0 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq 36.01 manat məbləğində müəyyən edilmişdir. Alınan əşya xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir.
3. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 03722908 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın alqı-satqı qiyməti 625.94 manat, ilkin ödəniş 0 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq 52.16 manat məbləğində müəyyən edilmişdir. Alınan əşya xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir.
4. xx.xx.2023 il tarixli maliyyə və ödəniş cədvəlinə görə müqavilələr üzrə cavabdehin 936.09 manat əsas borcu, 92.91 manat cərimə borcu, ümumilikdə 1029 manat borcu müəyyən edilmişdir.
İddia ərizəsi və ona etirazın dəlilləri
a)iddia ərizəsinin dəlilləri
5. İddiaçı MMC xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə əsas borc 936.09 manat, cərimə borcu 92.91 manat olmaqla, ümumilikdə 1029 manat borc və 30.29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********30698 Samsung Galaxy A13 markalı telefon, Vinil şəffaf, ütü Gorenje, Blender Braun, ətçəkən Panasonic almış və nəticədə 1029 manat borc yaranmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri
7. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır.
İş materiallarına əlavə edilmiş sənədlər
8. xx.xx.2022-ci il tarixli, 02642715 saylı müqavilə və ona edilən əlavəyə əsasən ütü Gorenje, Blender Braun, ətçəkən Panasonic üçün Cavabdeh 18 ay ödəniş cədvəli üzrə hər ay 36.01 manat, cəmi 648.18 manat ödəməyi öhdəsinə götürmüşdür.
9. xx.xx.2022-ci il tarixli bildirişə əsasən, xx.xx.2022-ci il tarixli, 02642715 saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya iddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
10. xx.xx.2022-ci il tarixli 02642715 nömrəli təhvil-təslim aktına əsasən, Cavabdeh ütü Gorenje, Blender Braun, ətçəkən Panasonic-i tam qüsursuz halda təhvil almışdır.
11. xx.xx.2022-ci il tarixli, 03722908 saylı müqavilə və ona edilən əlavəyə əsasən, İmei kod **********30698 Samsung Galaxy A13 markalı telefon, Vinil şəffaf üçün Cavabdeh 12 ay ödəniş cədvəli üzrə hər ay 52.16 manat, cəmi 625.94 manat ödəməyi öhdəsinə götürmüşdür.
12. xx.xx.2022-ci il tarixli bildirişə əsasən, xx.xx.2022-ci il tarixli, 03722908 saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənədək əşya iddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
13. xx.xx.2022-ci il tarixli 03722908 nömrəli təhvil-təslim aktına əsasən, Babayeva X1 **********30698 Samsung Galaxy A13 markalı telefon, Vinil şəffaf-ı tam qüsursuz halda təhvil almışdır.
14. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə ümumilikdə ödənilməmiş məbləğ 1029 manat təşkil edir.
15. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna (xx.xx.2023-cü il tarixli poçt qəbzi) əsasən, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
16. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.29 manat dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
18. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
19. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi borcun ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir.
20. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə əlavə edilmiş ödəniş cədvəlləri ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır.
21. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir.
22. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
23. Belə ki, MM- nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu ( cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikfə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
25. “Zvierzinski Polşaya qarşı” 19 iyun 2001-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azaqlıqlarının müdafiəsi haqqında Konvensiyanın ( Avropa Konvensiyası) 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir.
26. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan xx.xx.2022-ci il tarixli müqavilə üzrə 46.83 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 46.08 manat cərimə pulu tənasübsüz yüksək məbləğdir. xx.xx.2022-ci il tarixli müqavilə üzrə dəbbə pulu 10 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə dəbbə pulu 10 manat hesablanmaqla ödənilməlidir.
27. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri
28. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 30.29 manatı cavabdehə aid edilməlidir.
29. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 02642715 saylı müqavilə üzrə 467.17 manat ödənilməmiş məbləğ, 10 manat cərimə məbləği və xx.xx.2022-ci il tarixli 03722908 saylı müqavilə üzrə 468.92 manat ödənilməmiş məbləğ, 10 manat cərimə məbləği, cəmi 956.09 (doqquz yüz əlli altı manat doqquz qəpik) manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 30.29 (otuz manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fəridə Rzayeva