Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6156/2025 29.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20 000 manat məbləğində pul vəsaitinin, həmçinin hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində vəsaitin və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024cü il tarixində borc müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında 20000 manat məbləğində pul məbləği iddiaçı tərəfindən Cavabdeh borc vermişdir. Müqavilənin 3-cü bəndinin şərtlərinə görə borc alan borc məbləğini xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmalı idi. Lakin bugünədək heç bir ödəniş olmamış, borc məbləği olduğu kimi qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə pretenziya məktubu göndərilmiş, borc məbləğinin geri qaytarılması tələb edilmişdir. Lakin hər hansı bir müsbət nəticə əldə edilməmişdir. Yazılı qaydada xəbərdar edilməkdən əlavə, dəfələrlə iddiaçı tərəfindən şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin borc alan heç bir ödəniş etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbi ilə razıdır. Hazırda işləyə bilmədiyi üçün borcu ödəyə bilmir, aprel ayına qədər borcunu qaytaracaqdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı (Borc verən) və Cavabdeh (Borcalan) arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış borc müqaviləsindən müəyyən olunur ki, “Borc verən” “Borcalan”a 20000 (iyirmi min) manat məbləğində pul borc verir, “Borcalan” borcu xx.xx.2024-cü il tarixinədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. Müraciət edən şəxs İddiaçı və vəkil Nümayəndə arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM-1418VK-62798/25 nömrəli “Hüquqi yardım göstərilməsi haqqında müqavilə”dən görünür ki, İddiaçı hüquqlarının müdafiəsi məqsədilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində borc tələbinə dair mülki iş üzrə vəkil tərəfindən göstəriləcək hüquqi xidmətin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 300 (üç yüz) manat məbləğində müəyyən edilmişdir. İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq görünür ki, xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış borc müqaviləsi əsasında verilmiş 20 000 manat məbləğində puyl vəsaitini 3 gün ərzində qaytarmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir (xəbərdarlıq məktubundan qeyd olunan ünvanda yaşamadığından xx.xx.2025-ci il tarixdə geri qaytarılmışdır). Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Qanun M a d d ə 1 9 . İ. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlanmış, iddiaçı 20 000 manat məbləğində pul vəsaitini cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin pul vəsaitini xx.xx.2024-cü il tarixədək iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddət daxilində müqavilə üzrə öz üzərinə düşən öhdəliyi vaxtında və lazımı qaydada yerinə yetirməmişdir. Hazırkı məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir. İş materiallarının araşdırılması zamanı təqdim edilmiş sübutlara müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməli, xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 20 000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin Maddə 115.0-cı maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə (115.0.6.) vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin vəkilə hüquqi xidmət üçün ödənilmiş 300 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə bildirir ki, prosessual normanın tələbindən aydın olduğu kimi məhkəmə xərcləri dövlət rüsumu və işə baxılmasına dair məsrəflərdən ibarətdir. Hazırki iş materiallarından göründüyü kimi, müraciət edən şəxs İddiaçı və vəkil Nümayəndə arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM-1418VK- 62798/25 nömrəli “Hüquqi yardım göstərilməsi haqqında müqavilə”dən görünür ki, İddiaçı hüquqlarının müdafiəsi məqsədilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində borc tələbinə dair mülki iş üzrə vəkil tərəfindən göstəriləcək hüquqi xidmətin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 300 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən eyni zamanda vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 26 mart 2024-cü il tarixli borc müqaviləsi üzrə 20 000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-6156/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-6156/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver