Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-624/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6508.75 manat məbləğində vəsaitin, 85.09 manat dövlət rüsumunun, 0.4 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** PN *** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə ** PN *** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı sığortalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən HH968FF dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E240” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. ** PN *** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. "xxxx" MMC-də ** PN *** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən zərər 6608.75 manat məbləğində müəyyən edilmişdir. Sözügedən məbləğin 5600.66 manat hissəsi material, ehtiyat hissələri, görüləcək işləri və 1008.09 manat hissəsi isə ödənilməli olan ƏDV-si təşkil edir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən azadolma çıxılmaqla 6508.75 manat məbləğində sığorta ödənişi təmir məqsədi ilə "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası mövcud olmadığına görə ödənilmiş sığorta dəyərinin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. ** PN *** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə "xxxx" ASC tərəfindən ödənilmiş 6508.75 manat məbləğində vəsait Cavabdeh tərəfindən geri qaytarılmalıdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, cavabdehin təqsirli bilindiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə zərər dəymişdir. Sığortalı avtomobilə dəymiş zərər servis tərəfindən 5600.66 manat məbləğində qiymətləndirilmişdir. 1008.09 manat məbləğində ƏDV ilə birlikdə avtomobilin təmiri üçün ödəniləcək məbləğ 6608.75 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdən 100 manat azadolma məbləği çıxılmış və iddiaçı tərəfindən qalan 6508.75 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda həmin pul yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan cavabdehdən tələb edilir. Avtomobilə dəymiş zərərin məbləği ilə bağlı verilmiş ekspert rəyi ilə isə razılaşmır. Belə ki, rəy verilərkən köhnəlmə əmsalı tətbiq edilmişdir. Halbuki Nazirlər Kabinetinin müvafiq qərarına əsasən istehsal tarixindən iki ildən az müddət keçmiş avtomobillərə görə sığorta ödənişi hesablanarkən köhnəlmə əmsalı tətbiq edilmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, yol nəqliyyat vasitəsinin baş verməsində onun heç bir təqsiri yoxdur. Belə ki, əksinə, hadisə nəticəsində onun sürdüyü maşına zərər dəymişdir. Bu səbəbdən dəymiş zərərin ödənilməsi ilə bağlı hazırkı iddianı qəbul etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Camry” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 6608.75 manat məbləğində olduğu müəyyən edilmiş, 100 manat azadılma məbləği çıxılmaqla 6508.75 manat məbləğində sığorta ödənişi ediləcəyi qeyd edilmişdir.
6. "xxxx" MMC tərəfindən tərtib edilmiş hesab-fakturadan görünür ki, “Toyota Camry” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə dəymiş zərər 4159.98 manat, təmir işləri 1440.68 manat olmaqla, cəmi 5600.66 manat məbləğində xərc hesablanmış, 1008.09 manat ƏDV əlavə edilməklə yekun məbləğ 6608.75 manat məbləğində müəyyən edilmişdir.
7. xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.
8. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 6608.75 manat məbləğində sığorta ödənişi edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1610 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı, “Toyota Camry” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5272 manat müəyyən edilmişdir.
İşin faktiki halları.
10. Cavabdeh idarə etdiyi “Mercedes Benz E240” markalı, HH968FF dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, H.Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, “Toyota Camry” markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir.
11. Yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş “Toyota Camry” markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobil avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış olduğundan hadisə nəticəsində avtomobilə dəymiş zərərə görə iddiaçı "xxxx" ASC tərəfindən 6508.75 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC həmin ödənişi cavabdehdən tələb edir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
13. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 2. Sığorta. Sığorta - sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. Maddə 3. Sığortanın obyektləri və formaları.
2. Sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər.
3. Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. Maddə 23. Əmlak sığortası üzrə sığorta olunanın dəymiş zərər üçün məsul şəxs barəsində hüquqlarının sığortaçıya keçməsi. Sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
15. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi sığortaçının subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla belə nəzərə alınmalıdır ki, istənilən növ mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və zərərvuranın təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.
16. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Toyota Camry” markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobil yolun əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edən “Mercedes-Benz E 240” markalı, HH 968 FF dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuş, baş vermiş hadisədə “Mercedes-Benz E 240” markalı avtomobili idarə edən Cavabdeh təqsirli olduğu müəyyən edilmiş, təqsirli şəxs Azərbaycan Respublikasının İnzibati Xətaları Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh (40 manat inzibati cərimə) edilmişdir. Avtomobilə dəymiş zərərə görə zərərçəkmiş avtomobilin sığortaçısı olan "xxxx" ASC tərəfindən 6508.75 manat (100 manat azadolma məbləği çıxılmaqla) məbləğində ödəniş edilmişdir.
17. Məhkəmə qeyd edir ki, cavabdeh törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edildiyindən və bu qərarı mübahisələndirmədiyindən (bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən) məhkəmə yol nəqliyyat hadisənin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi və onun təqsirindən iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə zərər dəymiş olması nəticəsinə gəlir. Bu baxımdan məhkəmə Cavabdeh hadisənin baş verməsində heç bir təqsiri olmamasına dair heç bir sübutla təsdiq olunmayan mövqeyi ilə razılaşmır.
18. Belə olan halda iddiaçı "xxxx" ASC hadisə nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
19. Bununla belə məhkəmə iddiaçı tərəfindən cavabdehdən subroqasiya qaydasında tələb edilən pulun məbləği ilə, yəni hadisə nəticəsində sığortalı avtomobilə dəymiş zərərin məbləği ilə qismən razılaşmır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı, “Toyota Camry” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5272 manat müəyyən edilmişdir. Lakin iş materiallarında olan müvafiq qüsur aktından görünür ki, "xxxx" MMC tərəfindən avtomobilə dəymiş zərər (dəyişilməli hissələr və təmir-bərpa xərcləri birlikdə) 5600.66 manat məbləğində qiymətləndirilmişdir.
20. Müvafiq qüsur aktı və ekspert rəyinin qarşılıqlı təhlilindən görünür ki, bu iki sənəddə olan qiymət fərqi ekspert rəyində avtomobilin dəyişilməli olan hissələrinə 4%-lik aşınma (köhnəlmə faizi) tətbiq edilməsi, yəni 4158 manat məbləğində müəyyən edilmiş dəyişilməli hissə xərcinin köhnəlmə faizi nəzərə alınmaqla 3832 manat məbləğində müəyyən edilməsi ilə əlaqədardır. Ekspert rəyinin əksinə, müvafiq qüsur aktında isə avtomobilin dəyişilməli ehtiyat hissələrinin dəyəri hesablanarkən heç bir köhnəlmə faizi tətbiq edilməmiş, dəyişilməli ehtiyat hissələrin cəmi dəyəri 4159.98 manat məbləğində müəyyən edilmişdir.
21. Məhkəmə iclasında izahatı dinlənilən iddiaçının nümayəndəsi iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilin 2018-ci il buraxılışlı olduğunu, müvafiq yol nəqliyyat hadisəsinin 2020-ci ildə baş verdiyini, istehsal tarixindən iki ildən az müddət keçmiş avtomobillərə görə sığorta ödənişi verilərkən köhnəlmə əmsalının tətbiq edilməməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı olduğunu, dolayısı ilə hazırkı iş üzrə iddiaçı tərəfindən sığortalanmış avtomobilin ehtiyat hissələrinə dəymiş zərərin məbləği hesablanarkən köhnəlmə əmsalının tətbiq edilməməli olduğunu bildirmişdir.
22. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, köhnəlmə əmsalının tətbiqi ilə bağlı iddiaçının nümayəndəsinin istinad etdiyi qərar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”dır. Həmin Qaydaların köhnəlmə əmsalı adlanan 35-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki: “35.2. Aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur: 35.2.1. avtomobilin tam məhvi; 35.2.2. avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi”. Görünür, iddiaçı sığorta şirkəti də məhz ikinci bənddə göstərilən əsasla sığortalı avtomobilin ehtiyat hissələrinə dəymiş zərərin məbləğini hesablayarkən köhnəlmə əmsalının tətbiqinə etiraz edir.
23. Məhkəmə isə iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş “Toyota Camry” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil 2018-ci il buraxılışlı avtomobildir. Bu avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi isə xx.xx.2020-ci il tarixdə baş vermişdir. Avtomobilin dəqiq istehsal tarixi (istehsal olunduğu ay və gün) məhkəməyə məlum olmadığından (bununla bağlı heç bir sübut təqdim edilmədiyindən) hadisə baş verdiyi gün avtomobilin istehsal tarixindən iki il keçib-keçməməsini dəqiq müəyyən etmək mümkün deyil. Bununla belə nəzərə alınmalıdır ki, yol nəqliyyat hadisəsi 2020-ci ilin sonuncu ayının sonuncu günündən iki gün əvvəl baş vermişdir. Avtomobilin 2018-ci ildə istehsal olunduğu nəzərə alınsa, bu avtomobilin 2018-ci ilin yanvar ayının 1-dən dekabr ayının 29-dək istehsal olunduğu istənilən halda xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilin istehsal tarixindən iki il və daha çox müddət keçmiş olur. Avtomobil yalnız xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərindən birində istehsal olunduğu təqdirdə, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilin istehsalından iki ildən az müddət keçmiş olur. Bu baxımdan məhkəmə hesab edir ki, avtomobilin dəqiq istehsal tarixi məlum olmasa da, 2018-ci il buraxılışlı avtomobilin istehsalından hadisə baş verən vaxt iki ildən az müddət keçmiş olması ehtimalı hadisənin baş vermə tarixi baxımından demək olar ki tam istisna edildiyindən hadisə vaxtı zərər dəymiş ehtiyat hissələrə köhnəlmə əmsalı tətbiq edilməlidir.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsirli olduğu yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən sığortalanmış avtomobilə dəymiş zərər müvafiq ekspert rəyinə uyğun olaraq 5272 manat məbləğində müəyyən edilməli, iddiaçı "xxxx" ASC-nin həmin məbləğdə sığorta ödənişinin əvəzini subroqasiya qaydasında cavabdehdən tələb etməsi tələbi təmin edilməlidir.
25. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişindən əlavə, ödənilmiş əlavə dəyər vergisini də cavabdehdən tələb etmişdir. İş materiallarından görünür ki, sığortalı avtomobilə dəymiş zərər 5600.66 manat məbləğində müəyyən edilmiş, bu məbləğə 18% (1008.09 manat) ƏDV hesablanaraq, iddiaçı "xxxx" ASC tərəfindən ümumilikdə 6508.75 manat (100 manat azadolma məbləği nəzərə alınmaqla) məbləğində pul ödənilmişdir.
26. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC sığortalı avtomobilə cavabdehin təqsiri nəticəsində dəymiş zərərə görə ödəməli olduğu əlavə dəyər vergisini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı "xxxx" ASC sığorta xidmətləri göstərən və bu xidmətlər əsasında mənfəət əldə edən hüquqi şəxsdir. Bu baxımdan iddiaçının sığorta şirkəti kimi göstərdiyi xidmətlər vergi tutulan əməliyyatlara daxildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən, bu fəslin (11-ci fəsil. Əlavə dəyər vergisi) müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.
27. Göründüyü kimi iddiaçı "xxxx" ASC sığorta xidmətləri göstərən hüquqi şəxs kimi ödəməli olduğu sığorta ödənişinin 18%-i dəyərində əlavə dəyər vergisi ödəməyə məcbur olmuş və bu ödənişi həyata keçirmişdir. Bu baxımdan iddiaçı şirkət öz təqsirli hərəkətləri ilə bu vergini ödəməsinə səbəb olmuş cavabdehdən ödədiyi əlavə dəyər vergisini dəymiş zərər kimi tələb etməkdə haqlı olmuşdur.
28. Bununla belə nəzərə alınmalıdır ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən sığortalanmış avtomobilə dəymiş zərərin məbləği artıq məhkəmənin yuxarıda (§ 19-24) əsaslandırdığı səbəblərdən müvafiq ekspert rəyinə uyğun olaraq 5272 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda ƏDV-yə görə cavabdehdən tutulacaq pulun məbləği də məhz 5272 manat məbləğində sığorta ödənişinə uyğun olaraq hesablanmalı, cavabdehdən 18% ƏDV-yə görə 948.96 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri.
29. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 85.09 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
30. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (6220.96) mütənasib olan 82.2 manat dövlət rüsumu və 0.4 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. İş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyi mövcuddur. Bu rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən edilmişdir.
32. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 50 manat məbləğində ekspertiza xərcinin 47.7 manatı cavabdehdən, 2.3 manatı isə iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6220.96 (5272+948.96) manat məbləğində sığorta ödənişi, 82.2 manat dövlət rüsumu və 0.4 manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 47.7 manat məbləğində ekspertiza xərci Cavabdeh, 2.3 manat ekspertiza xərci isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
34. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 6220.96 manat (altı min iki yüz iyirmi manat doxsan altı qəpik) məbləğində sığorta ödənişi, 82.2 manat (səksən iki manat iyirmi qəpik) məbləğində dövlət rüsumu və 0.4 manat (qırx qəpik) məbləğində bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 47.7 manatı (qırx yeddi manat yetmiş qəpik) Cavabdeh, 2.3 manatı (iki manat otuz qəpik) isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva