Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-629/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 009CASA191700005 nömrəli, xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin ləğv edilməsini və cavabdehlərdən müştərək qaydada 5167.64 manat əsas kredit borcu, 40.43 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 5208.07 manat borcun, həmçinin 72.09 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixili güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh3 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5567.64 manat məbləğində pul vermişdir. Digər cavabdehlər Cavabdeh2 və İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli, 009FİZAM14836403 nömrəli, Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli, 009FİZAM383333103 nömrəli zaminlik müqavilələri bağlanmış və onlar həmin kredit müqavilələri üzrə öhdəlikləri öz üzərlərinə götürmüşlər. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən cavadehlərin İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixinə 5167.64 manat əsas kredit, 40.43 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 5208.07 manat məbləğində borcu qalmaqdadır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı bankın nümayənəsi məhkəməyə ərizə ilə müracət edərək, məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir.
4. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş cavabdehlər iddianı qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər.
5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
İş materialları.
6. İddiaçı ASC (Bank) və Cavabdeh3 (Müştəri) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 009CASA191700005 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Bank Müştəriyə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 5567.64 manat məbləğində kredit verir, Müştəri isə bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürür. Faizlər kreditin verilmə tarixindən etibarən kredit Banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 % olmaqla hesablanır.
7. İddiaçı ASC (Bank) və Cavabdeh2 (Zamin) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 009FİZAM14836403 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə Borclunun Kreditor qarşısında xx.xx.2019-cu il tarixli, 009CASA191700005 nömrəli güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamı ilə icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir.
8. İddiaçı ASC (Bank) və Cavabdeh1 (Zamin) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FİZAM383333103 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə Borclunun Kreditor qarşısında xx.xx.2019-cu il tarixli, 009CASA191700005 nömrəli güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamı ilə icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir.
9. xx.xx.2019-cu il tarixli, 009CASA191700005 nömrəli güzəştli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə verilmiş 5567.64 manat məbləğində kreditin 60 ay ərzində - xx.xx.2019 – xx.xx.2024-cü il tarixləri arasında hər ay ~118.38 manat (ilk 12 ay güzəştlə ~4.64 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.
10. xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcun məbləği barədə məlumat verilmiş, müvafiq borcu ödəmələri, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh3 İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə ödənilməmiş 5208.07 manat (5167.64 əsas borc; 40.43 faiz borcu) məbləğində borcu yaranmışdir.
İşin faktiki halları.
12. İddiaçı ASC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən iddiaçı Bank tərəfindən cavabdehə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 60 ay müddətinə, illik 1 % ödəmək şərtilə 5567.64 manat məbləğində kredit verilmiş, cavabdeh isə götürdüyü krediti faizi ilə birlikdə kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə, iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında eyni tarixli zaminlik müqavilələri bağlanılmış və bu müqavilələrə əsasən zaminlər kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasına tam həcmdə zamin durmuşlar. Lakin cavabdehlər müqavilə şərtlərini pozaraq, müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
Məhkəmənin mövqeyi.
16. İşin halları və mülki qanunvericiliyin yuxarıda istinad edilmiş normaları baxımından Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bank Cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya (cavabdehə) vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcu tələb etməkdə haqlı olmuşdur.
17. Həmçinin borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, ödənilməmiş əsas və faiz borcu hər üç cavabdehdən müştərək qaydada tutulmalıdır.
18. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini də tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Eyni zamanda, cavabdehə öhdəliklərin lazımınca icra edilməyəcəyi təqdirdə müqavilənin ləğv ediləcəyi barədə bildiriş göndərilmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin ləğvini tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
19. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə (5208.07 manat) uyğun olaraq 72.09 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
20. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 009CASA191700005 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5167.64 manat əsas borc, 40.43 manat faiz borcu olmaqla, 5208.07 manat məbləğində borc və 72.09 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
21. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ASC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 009CASA191700005 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5167.64 manat əsas borc, 40.43 manat faiz borcu olmaqla, 5208.07 manat (beş min iki yüz səkkiz manat yeddi qəpik) məbləğində borc və 72.09 manat (yetmiş iki manat doqquz qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva