Məhkəmə qərarları › İş №e-2(010)-633/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-633/2022

25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-633/2022 25.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti ilə arasında bağlanmış 1390 nömrəli, 04 oktyabr 2017-ci il tarixli torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsinə və fərdi yaşayış evinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən faktiki istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 246.0 m2 torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün onun adına sənədləşdirilməsi ilə bağlı 2017-ci ilin yanvar ayının əvvəlində Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə müraciət edilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti onun müraciətini aidiyyəti üzrə baxılması üçün 13.01.2017-ci il tarixli, X-55-091 nömrəli məktubla Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış və həmin məktubda vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətinə etiraz edilmədiyi qeyd edilmişdir. Daha sonra onun tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən torpaq sahəsinin cizgisi tərtib olunaraq 15.05.2017-ci il tarixli, 18/03-8/1187 məktubla ona təhvil verilmişdir. Bundan sonra, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ondan VÖEN açıb təqdim etməsi tələb edilmiş və o, müvafiq tələbi yerinə yetirmişdir. 04 oktyabr 2017-ci il tarixdə onunla cavabdehin arasında 1390 nömrəli “Torpaq icarəsi müqaviləsi” bağlanmışdır. İcarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində yerləşən ümumi sahəsi 246.0 m2 olan torpaq sahəsi 49 il müddətində qeyriyaşayış obyektinin tikintisi məqsədi (təyinatı) qeyd edilməklə ona icarəyə verilmişdir. Ardınca AR FHN Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən onun fərdi yaşayış evinin layihəsi razılaşdırılmış və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir. Onun tərəfindən müvafiq razılıq və icazələr əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi, döngə 16 ünvanında fərdi yaşayış evi inşa edilmişdir. O, torpaq sahəsinin icarəyə götürüldüyü tarixdən bu günədək heç bir kommersiya fəaliyyəti ilə məşğul olmamış və cavabdehin istəyi ilə açdığı VÖEN-i də dayandırmışdır. Onun tərəfindən 2021-ci ilin noyabr ayının əvvəlində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilən zaman torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınmasından və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. Səbəb kimi, torpaq icarəsi müqaviləsinin yaşayış sahəsinin deyil, qeyriyaşayış obyektinin tikintisi üçün icarəyə verilməsi bildirilmişdir. Bundan sonra, ona tərəflər arasında bağlanmış 1390 nömrəli, 04.10.2017-ci il tarixli torpaq icarəsi müqaviləsinin onun həqiqi iradə ifadəsinə uyğun olmadığı və faktiki olaraq etibarsız əqd, yəni əhəmiyyətsiz yalan əqd olması məlum olmuşdur. Onun tərəfindən 1390 nömrəli torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi barədə 05.11.2021-ci il tarixli məktubla cavabdehə müraciət edilsə də cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 25 noyabr 2021-ci il tarixli, X-16/4-091/4-Z/2 cavab məktubu ilə müqavilənin etibarsız hesab edilməsindən imtina edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yalan əqd olduğundan etibarsız hesab edilməli və onun daşınmaz əşyalara mülkiyyət hüququ tanınmalıdır: İşin faktiki hallarından açıq-aydın görünür ki, tərəflər arasında faktiki olaraq qeyri-yaşayış sahəsinin deyil, yaşayış sahəsinin icarəyə verilməsi münasibətləri mövcud olmuşdur. Belə ki, onun iradəsinin həqiqi ifadəsinin fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin əldə olunmasından ibarət olduğu onun tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə edilmiş müraciətin məzmunu, Suraxanı rayon icra hakimiyyəti tərəfindən Bakı Şəhər icra Hakimiyyətinə göndərilmiş məktub, həmin sahədə faktiki olaraq fərdi yaşayış evinin tikilməsi, ərazidə indiyədək heç bir kommersiya fəaliyyəti ilə məşğul olmaması və ya qeyri-yaşayış sahəsi inşa etməməsi, fərdi yaşayış evinin layihəsinin hazırlanması üçün müraciət edilməsi ilə sübut olunur. Həmçinin, onun həqiqi iradə ifadəsinin cavabdehə məlum olması və cavabdehin də həqiqi iradə ifadəsinin məhz fərdi yaşayış sahəsinin inşası üçün torpaq sahəsinin ayrılmasından ibarət olması cavabdehin müraciətlərinə etiraz etməməsi, bu günədək ona torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsi ilə bağlı bildiriş verilməməsi və ən əsası fərdi yaşayış evinin layihəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməsi ilə sübut edilir. Göstərilənlərdən müəyyən edilir ki, tərəflər arasında faktiki olaraq yaşayış sahəsinin inşası üçün torpaq sahəsinin icarəyə verilməsi münasibətləri mövcud olsa da formal olaraq - real əqdi pərdələmək məqsədilə qeyri-yaşayış sahəsinin inşası üçün torpaq icarəsi müqaviləsi bağlanmışdır. Faktiki hallardan və qanunvericiliyin qeyd olunan müddəalarından məlum olur ki, tərəflər arasında bağlanmış 1390 nömrəli, 04.10.2017-ci il tarixli torpaq icarəsi müqaviləsi tərəflərin həqiqi iradəsini ifadə etmədiyindən və digər əqdi pərdələdiyindən əhəmiyyətsiz yalan əqddir və bağlandığı andan etibarsızdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsinə əlavə ilə müraciət edərək, məhkəmədən iddiaçı ilə cavabdehin arasında bağlanmış 1390 nömrəli, 04 oktyabr 2017-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 16 ünvanında yerləşən 246.0 m2 torpaq sahəsinə iddiaçının yaşayış məqsədilə əvəzsiz olaraq daimi istifadə hüququnun tanınması qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən İddiaçı ünvanmış 25 noyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası TM-nin qüvvədə olan müddəalarına əsasən dövlət mülkiyyətində olan torpaq sahələri bir qayda olaraq ayrıayrı şəxslərin istifadəsinə icarə əsasında verilir və bu baxımdan İddiaçıla bağlanmış torpaq icarə müqaviləsinin ləğv edilməsinə hazırda hər hansı bir mötəbər əsas yoxdur. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış 13.01.2017-ci il tarixli, X-55-091 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək, Qaraçuxur qəsəbəsində yerləşən, uzun illər abadlaşdırıb bağ sahəsi kimi istifadə etdiyi 246 m2 torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün onun adına sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətinə etiraz edilməmiş, məsələnin həlli Bakı şəhər İcra Hakimiyyətinin başçısının səhaliyyətlərinə aid olduğu üçün münasibət bildirilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 04 oktyabr 2017-ci il tarixli 1390 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, həmin müqavilə üzrə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 15 may 2017-ci il tarixli, 18/03-8/1187 saylı məktuba əlavədə ölçüləri göstərilən və İddiaçı 16 aprel 2017-ci il tarixli müraciət məktubuna əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti icarə əsasında sahəsi 246 m2 olan torpaq sahəsini, o cümlədən su ilə örtülmüş sahəsi olmayan ərazini İddiaçı 49 il müddətinə istifadəsinə vermiş, İddiaçı isə onu qəbul etmişdir. Torpaq sahəsi qeyri-yaşayış obyektinin tikintisi üçün verilmişdir. İcarə haqqının 01 oktyabr 2017-ci il tarixindən hesablanması müəyyən edilmişdir. Müqavilə 49 il müddətinə bağlanmışdır. İddiaçı hər il 1115.86 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş 867 nömrəli, 03 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2017-ci ildən cari dövrədək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 16-da yerləşən 246 m2 torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır və hal-hazırda da məşğul deyil. Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş 868 nömrəli, 03 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 16 ünvanda 246 m2 torpaq sahəsində yerləşən fərdi yaşayış evi mövcuddur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iş üzrə İddiaçı və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti arasında 04.10.2017-ci il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində yerləşən, 246 m2 sahəsi olan torpaq sahəsi illik 1115.86 manat icarə haqqı qarşılığında 49 il müddətinə İddiaçı icarəyə verilmişdir. Müqavilədə torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi üçün verildiyi qeyd edilmişdir. Hazırda İddiaçı müvafiq torpaq sahəsinin ona qeyri-yaşayış obyektinin yox, fərdi yaşayış evinin tikintisi üçün icarəyə verildiyini, müqaviləyə uyğun olaraq, torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin layihəsinin İcra Hakimiyyəti ilə razılaşdırılaraq tərtib edildiyini, həmin layihəyə uyğun evin artıq tikildiyini, bunun əksinə, heç vaxt bu torpaq sahəsində hansısa qeyri-yaşayış obyekti tikilmədiyini, dolayısı ilə müqavilədə torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi üçün icarəyə verildiyinin göstərilməsinin onun icarəçi kimi həqiqi iradə ifadəsini əks etdirmədiyini, onun ilk gündən məhz fərdi yaşayış evi tikmək üçün torpaq icarəyə götürmək məqsədilə İcra Hakimiyyətinə müraciət etdiyini, buna baxmayaraq, yekunda bağlanmış müqavilənin onun həqiqi iradə ifadəsinə uyğun olmayaraq bağlandığını bildirərək, bu müqavilənin etibarsız hesab edilməsini və torpaq sahəsi üzərində istifadə hüququnun tanınmasını xahiş etmişdir. Göründüyü kimi müqavilə üzrə icarəçi İddiaçı icarəyəverən Bakı şəhəri İcra Hakimiyyəti ilə arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. O, bu tələbini onunla əsaslandırır ki, müqavilə bağlayarkən onun niyyəti fərdi yaşayış evi tikmək üçün icarəyə torpaq sahəsi götürmək olmuş, lakin müqavilədə torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi məqsədilə icarəyə verildiyi göstərilmiş, bununla da bağlanmış müqavilə onun həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə olan halda məhkəmə mübahisənin həlli üçün icarə müqaviləsi üzrə hər iki tərəfin müqavilə bağlayarkən göstərdikləri iradə ifadələrinin motivinin, yəni həqiqi hüquqi niyyətlərinin, eləcə də iradə ifadələrinin məzmunun dəqiqliklə araşdırılmasını iş üçün əhəmiyyətli hesab edir. Belə ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir (“X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17.09.2021-ci il tarixli Qərar). Vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01.12.2020-ci il tarixli Qərarı). Hazırkı işə baxan məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq, İddiaçı və cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin torpaq sahəsinin icarə müqaviləsi bağlayarkən iradə ifadələrinin həqiqi məzmununu və hüquqi niyyətlərini araşdırmışdır. Bu araşdırma nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında torpaq sahəsinin icarə müqaviləsi bağlanarkən tərəflərin əsl niyyəti məhz fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin icarəyə verilməsi olmuşdur. Məhkəmə bu cür nəticəyə gələrkən iş üzrə tədqiq edilmiş konkret sübutları, müqaviləyə qədərki və sonrakı hərəkətləri, müqavilə üzrə edilən-edilməyən hərəkətləri, bir sözlə, tərəflər arasındakı bütün münasibətləri nəzərə almışdır. Belə ki, iş materiallarından görünür ki, vətəndaş İddiaçı uzun müddətdir ki, istifadəsində olan torpaq sahəsinin məhz fərdi yaşayış evinin tikintisi üçün onun adına sənədləşdirilməsinə dair müraciətinə ilk növbədə, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən baxılaraq, müraciətin təmin edilməsinə, yəni müraciətdə qeyd edilən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 246 m2 torpaq sahəsində məhz fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz edilməmiş, məsələ ilə bağlı münasibət bildirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Həmçinin, yenə iş materiallarından görünür ki, icarə müqaviləsi bağlandıqdan sonra həmin torpaq sahəsində məhz fərdi yaşayış evinin tikintisi üçün layihə hazırlanmış, müvafiq layihə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən İddiaçı ünvanlanmış 19.12.2017-ci il tarixli məktubdan görünür ki, həmin məktubda da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivində məhz fərdi yaşayış evi üçün şəhərsalma əsaslandırılması sənədlərinin göndərilməsi təmin edilmişdir. Göründüyü kimi, iş materialları əsasında müəyyən edilir ki, müvafiq torpaq sahəsi məhz fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya icarəyə verilmişdir. Bunun əksinə, torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi üçün verildiyini təsdiq edən heç bir sübut məhkəmə təqdim edilməmişdir. Əksinə, torpaq sahəsinin yerləşdiyi bələdiyyə tərəfindən verilmiş arayışlarda bu torpaq sahəsində yalnız fərdi yaşayış evi tikildiyi və heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olunmadığı bildirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti ilə arasında bağlanmış torpaq sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, müqavilə tərəflərin həqiqi hüquqi niyyətinə uyğun olmadan bağlanmış, müqavilədə torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün verilməsi göstərilməli olduğu halda, qeyri-yaşayış obyektinin tikintisi üçün verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir... Göründüyü kimi, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi torpaq sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin digər hissəsi isə müvafiq torpaq sahəsinə iddiaçının istifadə hüququnun tanınması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, hər nə qədər tərəflər arasında bağlanmış torpaq sahəsinin icarə müqaviləsinin etibarsız olduğu yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilsə də nəzərə alınmalıdır ki, müvafiq torpaq sahəsi bu müqavilə ilə iddiaçının istifadəsinə verilmiş, iddiaçı da torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmişdir. Həmin vaxtdan iddiaçı bu torpaq sahəsindən heç bir mübahisə olmadan istifadə etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Hazırkı iş üzrə müvafiq icra hakimiyyəti orqanı ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsi etibarsız hesab edilsə də bunun səbəbi bu torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinin qanuniliyini istisna edən hər hansı halla bağlı olmamış, sadəcə müqavilədə torpaq sahəsinin icarəyə verilmə məqsədinin düzgün göstərilməməsi ilə bağlı olmuşdur. Yəni bu etibarsızlıq iddiaçının uzun müddətdir bu torpaq sahəsininin istifadəçisi olması, torpaq sahəsi üzərində müvafiq icra hakimiyyətinin razılığı ilə ev tikmiş olması faktlarını dəyişmir. Həmçinin, o da nəzərə alınmalıdır ki, iddiaçının gələcəkdə torpaq sahəsi üzərində tikdiyi fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etməsi də istisna edilmir. Bu halda isə iddiaçı həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanuni gözləntisi olan şəxsə çevriləcəkdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının müvafiq torpaq sahəsi üzərində istifadə hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 04.10.2017ci il tarixli, 1390 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə etibarsız hesab edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ tanınmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı və cavabdeh Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 04.10.2017-ci il tarixli, 1390 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar