Məhkəmə qərarları › İş №e-2(010)-6332/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-6332/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6332/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.”Bank VTB (Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 280181-1-59668 saylı “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”nə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 370.26 manat məbləğində əsas, 16.70 manat faiz borcu olmaqla, cəmi 386.96 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında xx.xx.2024-cü il tarixli 280181-1-59668 saylı “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” bağlanılmış və illik 17.5 faiz hesablanması şərti ilə 12 ay müddətinə 1.800 manat məbləğində kredit (https://vtb.az/aboutbank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini(Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 11.1.3-cü bəndinə əsasən) lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 386.96 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3.Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır.

İş materialları.

4. xx.xx.2024-cü il tarixli 280181-1-59668 saylı “Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması”na dair müştəri ərizəsindən görünür ki, Cavabdeh illik 17.5% olmaqla, 12 ay müddətinə 1800 manat məbləğində kredit xətti açılmışdır.

5. xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 370.26 manat məbləğində əsas, 16.70 manat faiz borcu olmaqla, cəmi 386.96 manat borcu vardır.

6. Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.

İşin faktiki halları.

7. İşin faktiki hallarından müəyyən olunur ki, Bank ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 280181-1-59668 saylı “Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması” bağlanılmış və illik 17.5 faiz hesablanması şərti ilə 12 ay müddətinə 1.800 manat məbləğində kredit ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 386.96 manat məbləğində borcu qalmışdır.

Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 742. Borcun qaytarılması 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.https://eqanun.az/framework/46945

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat

Məhkəmənin mövqeyi.

11. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

12. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunu tələb etməkdə haqlı olmuşdur.

13. Odur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 280181-1-59668 saylı Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşmasına əsasən 370.26 manat məbləğində əsas, 16.70 manat faiz borcu olmaqla, cəmi 386.96 manat borc tutularaq iddiаçı İddiaçı ASC-yə ödənilməlidir.

Məhkəmə xərcləri.

14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

15. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

16. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli 280181-1-59668 saylı “Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması”na əsasən 370.26 manat məbləğində əsas, 16.70 manat faiz borcu olmaqla, cəmi 386.96 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 280181-1-59668 saylı “Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması”na əsasən 370.26 manat məbləğində əsas, 16.70 manat faiz borcu olmaqla, cəmi 386.96 (üç yüz səksən altı manat, doxsan altı qəpik) manat borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar