Məhkəmə qərarları › İş №e-2(010)-6471/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-6471/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6471/2025 18.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən, cavabdehdən 50 000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) əsas borcu, 500 ABŞ dolları cərimə borcunu və 348 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (Borc verən”) ilə Cavabdeh ("Borc alan”) arasında xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1ci maddəsinə əsasən, ““Borc verən” “Borc alana” 50.000 dolları məbləğdə pulu Borc alanın mülkiyyətinə verir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən, “Borc aşağıdakı qrafik üzrə 28 fevral 2025-ci il tarixədək verilir: xx.xx.2024-cü il tarixədək 10.000 ABŞ dolları, xx.xx.2024-cü il tarixədək 10.000 ABŞ dolları, xx.xx.2024-cü il tarixədək 10.000 ABŞ dolları, xx.xx.2025-ci il tarixədək 10.000 ABŞ dolları, xx.xx.2025-ci il tarixədək 10.000 ABŞ dolları. Həmin müqavilənin 5-ci maddəsinə əsasən, Borc alan tərəfindən hazırkı Müqavilənin 2-ci bəndində qeyd olunan borcun qaytarılması müddəti pozulduqda, Borc alan Borc verənə hər gecikdirilən ay üçün qaytarılmayan borc məbləğinin 0,1 faiz məbləğində cərimə ödəməlidir. 29 avqust 2024-cü il tarixli Borc müqaviləsi üzrə pul vəsaitin alınmasına dair iltizamnaməvə əsasən, cavabdeh borc müqaviləsinə uyğun olaraq 50 000 (əlli min ABS dolları məbləğdə pul aldığını və həmin məbləği 28 fevral 2025-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürdüyünü təsdiq edir. Həmçinin hər gecikdirilən ay üçün qaytarılmayan borc məbləğinə görə faiz hesablanması aşağıdakı kimidir. 1)xx.xx.2024-dən xx.xx.2025-ci il tarixədək - Gecikmə : 12 ay Cərimə: 10.000 x 0.001 x 12 ay = 120 ABŞ dolları, 2) xx.xx.2024-dən xx.xx.2025-ci il tarixədək gecikmə: 11 ay, cərimə: 10 000 x 0.001 x 11 ay = 110 ABŞ dolları, 3) xx.xx.2024-dən xx.xx.2025-ci il tarixədək - Gecikmə: 10 ay Cərimə: 10 000 x 0.001 x 10 ay = 100 ABŞ dolları, 4) xx.xx.2025-dən xx.xx.2025-ci il tarixədək - Gecikmə: 9 ay Cərimə: 10 000 x 0.001 x 9 ay = 90 ABŞ dolları, 5) xx.xx.2025-dən xx.xx.2025-ci il tarixədək - Gecikmə: 8 ay Cərimə: 10 000 x 0.001 x 8 ay = 80 ABŞ dolları, ümumilikdə - 500 ABŞ dolları. Lakin cavabdeh müqavilə öhdəliklərini qərəzli olaraq yerinə yetirməmiş, bu günədək 50000 ABŞ dollarının iddiaçıya ödənilməsindən yayınmışdır. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, 3 gün ərzində borcun ödənilməsi tələb edilmişdir. Lakin, bu günədək pul ödənilməmişdir. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi, iddiaçının vəziyyətini olduqca ağırlaşdırdığından, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, illərdir iddiaçı ilə iş görürlər. 2023-cü ildə də çətinliyi olmuş və iddiaçıdan borc almış, sonra da qaytarmışdır. Daha sonra yenidən çətinliyi olmuş və mal almış, ancaq borcunu geri qaytara bilməmişdir. O, borcu pul şəklində yox, mal (məhsul) şəklində almışdır. O, heç bir ödəniş edə bilməmiş, mart ayında da ödəniş etməmişdir. İddia tələbinin təmin olunmasına etirazı olmadığını bildirdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı (Borc verən) və Cavabdeh (Borcalan) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış borc müqaviləsindən müəyyən olunur ki, “Borc verən” “Borcalan”a 50 000 ABŞ dolları məbləğində borc verir, “Borcalan” borcu xx.xx.2025-ci il tarixinədək (hər ay 10 000 ABŞ dolları) “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə pulun qəbul edilməsi barədə iltizamnamədən müəyyən olunur ki, iddiaçı tərəfindən 50 000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh verilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 348 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlanmış, iddiaçı 50 000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin pul vəsaitini xx.xx.2025-ci il tarixədək iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddət daxilində müqavilə üzrə öz üzərinə düşən öhdəliyi vaxtında və lazımı qaydada yerinə yetirməmiş və müqavilənin predmetini təşkil edən müvafiq pul vəsaitini borc verənə qaytarmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh borcunu etiraf edərək iddia tələbini qəbul etmişdir. Cavabdehin iddia tələbini etiraf etməsini məhkəmə qanuna uyğun hesab edir, həmçinin başqa şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadığı qənaətinə gələrək qəbul edir. Qeyd olunan prosessual normalardan göründüyü kimi, iddianı etiraf etmək cavabdehin hüququdur. Cavabdeh iddianı etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırmalıdır: 1) onun qanunauyğun olub-olmamasını, 2) hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmamasını. Yalnız bu hallar və ya onlardan hər hansı biri mövcud olduqda məhkəmə cavabdehin etirafını qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərərfindən təsdiq edilir, məhkəmə iddaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zid olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdırsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanunazidd hesab edilə bilməz. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməli, xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 50 000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 348 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən ödənilmiş 348 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 50 000 (əlli min) ABŞ dolları əsas borc, 500 (beş yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 50 500 (əlli min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Resapublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun və ödənilmiş 348 (üç qırx səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar