Məhkəmə qərarları › İş №e-2(010)-686/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-686/2025

15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-686/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi İddiaçı MMC-yə vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6140,59 manat, mediasiya xərci üçün ödənilmiş 55 manat, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 32 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə İddiaçı MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə yekun 8361,16 manat zərər vurması müəyyən edilmişdir. İnventarizasiya yoxlamaları zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6140.59 manat borc qalmışdır. Beləliklə, Cavabdeh halhazırda İddiaçı MMC-yə ümumilikdə 6140,59 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Tərəflərin izahatları İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh İddiaçı MMC-nin əməkdaşı olub. 3 dəfə işlədiyi marketlərdə öz iştirakı ilə sayım keçirilib və yekunda İddiaçı MMC-yə 8361,16 manat ziyan dəyib. Cavabdeh 2020-ci ildə kassir-satıcı, 4 ay sonra administrator işləyib. 2022-ci ildə öz ərizəsi ilə çıxarkən sayım keçirilib. Hazırda güzəşt edilərək, 6140,59 manat saxlanılıb. Cavabdehin iddia müddətinin keçməsi ilə bağlı ərizəsini qəbul etmir, çünki ərizədə iddia müddətinin keçməsini heç nə ilə əsaslandırmamışdır. Ona görə də iddia tələbinin təmin edilərək qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə göndərərək üzrlü səbəb olaraq xəstə olduğunu bildirmiş, işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 17 mart 2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən məbləğ yüksəkdir. Elektron poçt ünvanına 1 ay ərzində 3 dəfə məktub göndəriblər. Hər məktubda məbləğ artırdı. Üçüncü məktubda təxmini 6000 manat qeyd edilmişdir. İddiaçınə dəqiqləşdirmək üçün zəng eləmiş, ona bildirmişlər ki, 0,15 faizlə hesablanıb. Birinci yoxlamada onun şirkətə 1200 manat borcu qalmışdı. Həmin borcu 2022-ci ilin fevral ayından iyul ayınadək əmək haqqından hissə-hissə tutdular. Hesab edir ki, son haqq-hesaba əsasən şirkətə təxminən 2000 manat borcu qalıb. İş materialları İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi üzrə 053 saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və aylıq əmək haqqı ştat cədvəlinə əsasən 260 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli X3 haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC qarşısında administrator vəzifəsi üzrə ona etibar edilmiş görüləcək işi layiqincə yerinə yetirməyi X3lə öz üzərinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi üzrə 342 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən administrator vəzifəsinə işə qəbul olunmuş və aylıq əmək haqqı ştat cədvəlinə əsasən 345 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən OBA Bakıxanov 10 (318) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2022-ci il tarixində inventarizasiya keçirilmiş, çatışmazlıqlar aşkar edilmiş, Cavabdeh araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən sənədləri imzalamaqdan və əksik gəlmələrin (4364,84 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin sabiq administratoru, Cavabdeh maddi məsuliyyəti sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh Azər oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2022-ci il tarixində 1.431,94 (bir min dörd yüz otuz bir manat, 94 qəpik) manat, xx.xx.2022-ci il tarixində 2.564,38 (iki min beş yüz altmış dörd manat, 38 qəpik) manat, xx.xx.2022-ci il tarixində 4.364,84 (dörd min üç yüz altmiş dörd manat, 84 qəpik) çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 6.140,59 (altı min bir yüz qırx manat,59 qəpik) manat borc qalmışdır. xx.xx.2022-ci il tarixli 434 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndi ilə işçinin ərizəsinə əsasən xitam verilmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək münasibətləri mövcud olmuşdur. İddiaçı cavabdehin əmək müqaviləsi üzrə işlədiyi dövrdə ona 6140,59 manat dəyərində maddi ziyan vurduğunu iddia edir. Cavabdeh isə bildirir ki, sözügedən münasibətlər çərçivəsində iddiaçıya təxminən 2000 manat ziyan vurub, lakin iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür və bu səbəbdən iddia təmin edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin X3i

1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200. X3 daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək münasibətləri mövcud olmuşdur. İddiaçı cavabdehin əmək müqaviləsi üzrə işlədiyi dövrdə ona 6140,59 manat dəyərində maddi ziyan vurduğunu iddia edir. Cavabdeh isə bildirir ki, sözügedən münasibətlər çərçivəsində iddiaçıya təxminən 2000 manat ziyan vurub, lakin iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür və bu səbəbdən iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbindən aydın olur ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər (maddə 296). Göründüyü kimi, qeyd olunan maddi hüquq normasında işəgötürənin ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində məhkəməyə müraciət edə bilmə imkanı nəzərdə tutulmuşdur. Lakin hazırki işin hallarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması faktı ilk dəfə xx.xx.2022-ci il tarixdə aşkar edilməsinə baxmayaraq, hazırki iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş və bununla da yuxarıda qeyd olunan maddədə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İddiaçı Cavabdeh tərəflər arasında mövcud olan əmək münasibətləri çərçivəsində 6140,59 manat maddi ziyan vurduğunu iddia edir, cavabdeh isə həmin məbləğdən 2000 manat ziyan vurduğunu etiraf edir. Bununla belə məhkəmə işin mahiyyəti üzrə baxılmasına zərurət qalmadığını hesab edir. Ona görə ki, iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bu baxımdan yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi : İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar