Məhkəmə qərarları › İş №e-2(010)-690/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-690/2024

14.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-690/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi , İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29400 ABŞ dolları, 240 manat dövlət rüsumunun, 110 manat vəkilə ödənilmiş xərcin və 29400 ABŞ dolları pul vəsaitini qanunsuz saxladığına görə əldən çıxmış faydanın tutularaq ona (İddiaçı) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia həcminin artırılması barədə ərizə verərək Cavabdeh 29400 ABŞ dolları, 100 000 (yüz min) manat pul vəsaitinin, 390 manat dövlət rüsumunun, 110 manat vəkilə ödənilmiş xərcin tutularaq ona (İddiaçı) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh və onun əri ilə uzun zamandır ki, tanışdır və onlara sonsuz güvəni olmuşdur. Onların əvvəllər də aralarında şərikli pul qazanmaq barədə münasibətləri olduğundan və qazanc əldə edəcəklərini bildirdiyindən onun mebel ticarətini genişləndirmək üçün 30000 ABŞ dolları məbləğində pul istəmişdir. Onun bildirdiyinə görə həmin ticarətdən ay ərzində 20-30 min manat pul qazanacaq, həmin pulun da 20 faizini ona verməli idi. O, (iddiaçı) isə ona inanaraq bu dəfə də ümumilikdə 30000 ABŞ dollarını ona vermişdir. Bir müddət aralarında narazılıq olmamış, əksinə bir-birinə qarşı hörmət və güvəni olmuşdur. Bir-iki ay keçdikdən sonra Cavabdeh qazanc istədikdə, o həmin pulun əri Fuad Məmmədovla birlikdə 10000 dollarını kriptovalyutasına sərmayə kimi qoyduğunu və 20000 dollarını isə mebel ticarətinə yatırtdığını bildirmiş və bir az gözləməyini xahiş etmişdir. Daha sonra Almaz ona zəng edərək qazanc verə bilməməsinin səbəbini şəriki Emilin onu aldatması nəticəsində baş verdiyini və Emildən Abşeron RPİ-nə şikayət etdiyini bildirmişdir. Həmin şikayət zamanı onun da şahid kimi izahat verməyini xahiş etmişdir. O da onun bu xahişini yerinə yetirmişdir. Həmin araşdırma zamanı Almaz ondan aldığı pulu inkar etməsə də, sonradan yenə onun pulunu vermədiyindən etdiyi şikayətdə əri ilə birlikdə hər şeyi inkar edərək ondan pul almadığını bildirmişdir. Cavabdeh ondan aldığı puldan cəmi 1000 manat kartına atmışdır. O, istifadəsində olan mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə pulu ondan götürməsini yazmış, səslər atmışdır. Lakin cavabdeh həmin pulları aldıqdan sonra iddiaçıya hər hansı qazanc verməmiş və aldığı pulu geri qaytarmamışdır. Cavabdehin əməllərindən Nərimanov Rayon Polis İdarəsinə şikayət etsə də, cavabdeh aralarında olan razılıqları inkar etdiyindən və onunla yazılı razılığı olmadığından, onu aldadaraq qazanc vermək niyyəti ilə pulu ondan aldığını inkar etdiyindən barəsində cinayət işi açılmamış, cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin cavabdeh onun pulu ilə qazanc əldə etsə də, əsassız olaraq ona düşən qazancı verməmişdir. Belə olan təqdirdə isə onun pulunu əsassız saxlaması nəticəsində iddiaçının qazancı əldən çıxmışdır.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı ilə Cavabdeh və onun həyat yoldaşı Fuad Məmmədov uzun müddətdir ki, tanışdırlar. 2013-2014-cü illərdə Fuad Məmmədov və Cavabdeh iddiaçıdan hissə-hissə olmaqla 150.000 ABŞ dollar, 2015-2016-cı illər ərzində isə 70.000 ABŞ dollar pulu borca almışlar. Onlar 2013-2014-cü illər ərzində almış olduqları 150.000 ABŞ dollar pulu 2017-ci ildə, 2015-2016-cı illər ərzində aldıqları 70.000 ABŞ dollar pulu isə 2022-ci ildə onun özünə qaytarmışlar. 2019-cu ilin oktyabr ayının əvvəllərində Cavabdeh iddiaçıya müraciət edərək bildirmişdir ki, onun özü, əri Fuad Məmmədov və şərikləri Emil adlı şəxslə birlikdə xarici ölkələrdən mebel gətirib satışı ilə məşğul olurlar və pul verdiyi halda əvəzində qazanclarından iddiaçıya da xeyir verəcəklər. İddiaçı özü Fuadla bir daha bu barədə danışmış və onlar iddiaçını inandırmışlar ki, onlara 30.000 ABŞ dollar pul verdiyi halda mebel ticarəti ilə məşğul olub hər ay təxminən 20.000- 30.000 manat pul qazanacaqlar və qazancın 20 faizini iddiaçıya verəcəklər. Onların şirin vədlərinə inanıb 2019-cu ilin oktyabr ayında ünvan 1 ünvanın yaxınlığında Cavabdeh 10.000 ABŞ dolları pul vermişdir. Cavabdeh daha sonra onunla əlaqə saxlayıb 10.000 ABŞ dollarını əri Fuada verdiyini ona demişdir. Bundan təxminən bir ay sonra isə 20.000 ABŞ dollar pulu Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanın yaxınlığında vermiş və Almaz iddiaçıya vəd vermişdir ki, dekabr ayından başlayaraq ona qazanc verəcəklər. Lakin onlar bu günədək iddiaçıya hər hansı bir məbləğdə qazanc verməmişlər. Dəfərlərlə onlarla danışıb pulunu geri tələb etsə də, cavabdeh onun pulunu qaytarmaqdan boyun qaçırmışdır. Fuad Məmmədov söhbət zamanı bildirmişdir ki, pulun 10.000 ABŞ dollarını kriptovalyuta sərmayəsinə, 20.000 ABŞ dollar pulu isə mebel ticarətinə yatırıblar, lakin qazancları olmayıb, məhz bu səbəbdən də ona qazanc verə bilməyiblər, hazırda qaytarmağa pulları yoxdur. Bununla bağlı olaraq iddiaçı Abşeron rayon Polis İdarəsinə şikayət etmiş, Cavabdeh polis idarəsində izahat verərək 30000 ABŞ dolları aldığını etiraf etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında mövcud münasibətlərin 2019-cu il tarixdən əvvəl baş verdiyini nəzərə alaraq iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.

İş materialları.

6. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Cavabdeh və X1 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin bağşlanması rədd edilmişdir. Qəbul edilmiş qərar barədə maraqlı şəxslərə məlumat verilmiş və İddiaçı yaranmış mübahisənin həll edilməsi üçün mülki qaydada məhkəməyə müraciət hüququ izah olunmuşdur.

7. 28 dekabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

8. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh ərizəsi əsasında toplanmış materialda cinayət işinin başlanılması rədd edilmişdir.

9. Cavabdeh tərəfindən Abşeron rayon Polis İdarəsində verilmiş izahatında qeyd olunur ki, 2019-cu ildə Emil adlı şəxs mebel sexi açmaq üçün təxminən 60000 manat pul vəsaiti lazım olduğunu bildirmişdir. O da Emilə bildirmişdir ki, pul vəsaitini tapmaq üçün kimisə bu işə şərik etməlidir. Emil onunla razılaşdıqdan sonra Bununla bağlı olaraq Mehdi ilə danışmış, lakin Mehdi ona 30000 ABŞ dolları pul vəsaiti olduğunu bildirmişdir. Mehdi ilə razılşaraq həmin pulu Mehdidən alıb Emilə vermişdir.

10. Cavabdeh tərəfindən Nərimanov rayon Polis İdarəsində verilmiş izahatında qeyd olunur ki, İddiaçı ilə nə onun, nə də həyat yoldaşı X2 arasında heç bir biznes münasibətləri olmamış və ondan hər hansı məbləğdə pul almamışdır. Bildiyinə görə İddiaçı Emilin mebel sexinə 20000 manat pul vəsaiti qoymuşdur. Hazırda isə həmin sex işləmir. 11.X3 tərəfindən xx.xx.2022-ci il tarixdə əlyazma şəklində verilmiş izahatda qeyd etmişdir ki, O, Məmmədov Fuada və Cavabdeh mebel alış-verişindən 26000 manat miqdarında borcu qalmışdır. Həmin borcu üç ay müddətində hissə-hissə ödəyəcəyinə söz vermişdir. Bu məbləğdən başqa həmin insanlara heç bir pul borcu yoxdur, həmin insanların isə heç bir pul tələbləri olmadığını imzası ilə təsdiq etmişdir. Şərikli olduqları müddətdə bir yerdə istehsal etdikləri malları, hansı ki, Cavabdeh və Məmmədov Fuaddadır, həmin malları satmağa köməklik edəcəyini öhdəsinə götürmüşdür. Həmin malları Fuaddan təhvil götürdükdən sonra, həmin malların pulunu bir il müddətində verəcəyinə söz vermişdir.

İşin faktiki halları.

12. İşin hallarından görünür ki, İddiaçı iddiasına görə iddiaçı Cavabdeh arasında olan şifahi razılığa əsasən borcverən 30000 ABŞ dolları pul vəsaitini borclana vermiş və borcalan verilən pul vasitəsi ilə əldə edilən gəlirdən 20 faiz gəlir götürmək şərti ilə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

14 .Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.

Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı

Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 113. Dövlət rüsumu kəsirinin ödənilməsi 113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi

Məhkəmənin mövqeyi.

18. İşin hallarından görünür ki, İddiaçı iddiasına görə iddiaçı ilə Cavabdeh arasında olan şifahi razılığa əsasən borcverən 30000 ABŞ dolları pul vəsaitini borclana vermiş və borcalan verilən pul vasitəsi ilə əldə edilən gəlirdən 20 faiz gəlir götürmək şərti ilə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

19. İddiaçı tərəf cinayət işinin başlanılmasının rədd olunması barədə qərarları və cavabdehin ona əlavə olunmuş izahatlarını təqdim edərək tərəflər arasında real olaraq borc müqaviləsi bağlandığını, həmin pulu müqavilədə nəzərdə tutulmuş qaydada borcalana verdiyini və həmin borcun bir hissəsinin (1000 manat) cavabdeh tərəfindən ona qaytarıldığını əsas gətirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

20. Cavabdeh isə polis idarəsində ilkin olaraq verdiyi izahatda biznesin qurulması üçün pulu İddiaçı alaraq başqa şəxsə verdiyini, daha sonra isə verdiyi izahatda tərəfləri tanış etməsini və pul vəsaitinin iddiaçının özü tərəfindən başqa şəxsə verilməsini qeyd edərək iddia müddətinin keçdiyini bildirməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

21. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

22. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə cavabdeh tərəfin polis idarəsində verdiyi izahatları təqdim edərək cavabdehlə onun arasında şifahi qaydada borc müqaviləsi bağlandığını və 30000 ABŞ dolları pul vəsaitini cavabdehə verdiyini qeyd etmişdir. Lakin iş materiallarından görünür ki, cavabdehin polis idarəsində pul vəsaitinin iddiaçıdan alınması ilə bağlı olaraq verdiyi həmin izahatlar arasında ziddiyyətlər vardır.

23. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlansa belə, həmin borc müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun bağlanmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

24. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsinin mövcud olması qeyd edilsə də, həmin müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması vacibdir. Lakin iddiaçı tərəfindən təqdim olunmuş sübutlardan bu hal müəyyən olunmamışdır.

25. Bundan əlavə cavabdeh tərəf iddia müddətinin keçməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının özünün iddia etdiyi kimi, tərəflər arasında şifahi borc müqaviləsinin bağlanması anı 2019-cu ilə təsadüf edir. Konstitutsiya Məhkəməsinin mövqeyinə görə iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Beləliklə yuxarıda göstərilən xüsusatlara görə məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz.

Məhkəmə xərcləri.

26. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 390 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmamışdır.

27. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün ödənilmiş 390 manat dövlət rüsumu iddiaçının özünə aid olunmalı, ümumilikdə cavabdehdən tələb olunan məbləğ 150090 manat təşkil etdiyindən, qalan 50.10 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin olunmamalı, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu və vəkilə ödənilmiş xərc onun özünə aid edilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunsun. Məhkəmə xərci - 50.10 (əlli manat, on qəpik) manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar