Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-722/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 100,50 manat abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş150 (yüz əlli) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, ümumilikdə 280 manat 90 qəpik məbləğində vurulmuş ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin rayonlarında, o cümlədən Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin, Nizami rayonu ərazisində son zamanlar bir sıra vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MTK tərəfindən verilən 25.08.2020-ci il tarixli Arayışdan görünür ki, qanunsuz qoşulmanın həyata keçirildiyi ünvan 1 cavabdehin adınadır. Yəni qanunsuz qoşulma barədə akt tərtib edilən zaman mənzil cavabdehə məxsus olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 23.06.2021ci il tarixli Arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan X1 ilə İddiaçı MMC arasında 16.12.2018-ci iltarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.01.2019-cu il tarixinədək etmiş və həmin ünvan 14.02.2019-cu il tarixdə 14 manat borc ilə şəbəkədən ayrılmışdır. Bundan sonra 15.07.2020-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 8192 N saylı, akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, cavabdeh “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulma həyata keçirmiş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvanın kabel şəbəkəsindən ayrıldığı 14.09.2019-cu ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 15.07.2020-ci ilədək olan müddət 305 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 100,50 manat təşkil edir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubu göndərilmiş, həmin göndərilmiş məktub qəbul edilsə də, vurulmuş maddi ziyan pretenziya qaydasında ödənilməmişdir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Belə ki, sonuncu ödəniş 01.01.2019-cu ildə olub və aylıq ödəniş olduğu üçün növbəti ödəniş də 01.02.2019-cu ildə edilməli idi, lakin heç bir ödəniş edilmədən 13 gün də televizora baxılıb və 14.02.2019-cu il tarixdə 14 manat ödəniş edilmədiyi üçün əməkdaşlar tərəfindən kanalların göstərilməsi dayandırılıb. Kabeldən ayrılma vaxtı 14.02.2019-cu il, aktın tərtib olunma tarixi isə 15.07.2020-ci il kimi qeyd olunub. Kabeldən ayrılma günündən aktın tərtib olunduğu günə kimi 305 gün ötüb. 31.08.2015-ci ilə qədər aylıq ödəniş 9 manat, 01.09.2015-ci ildən isə aylıq ödəniş 10 manat olub. Bugün də tarif 10 manat ilə hesablanır. Həmin 305 günün də hər bir günü 0.33 manat ilə hesablanıb və 305 gün üçün 100,50 manat edir. Qeyd olunanlara diskdə də öz əksini tapıb. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat pul ödəyir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının nümayəndəsinin qeyd etdikləri düzgün deyil. Həmin vaxt dostunun tanışları Zaqataladan gəlmişdilər və qalmağa yerləri yox idi. Onun evi də boş olduğu üçün dostu qohumlarının orada yaşamasına icazə verməyini xahiş etmiş və o da icazə vermişdir. Ehtimal ki, evdə yaşayan şəxslər tərəfindən İddiaçı MMC-yə müraciət olunub və onlar da gəliblər. İlk növbə də İddiaçı MMC pozuntu edib, belə ki, mənzil onun mülkiyyətindədir, ancaq onun xəbəri olmadan kabel çəkiblər və evdə yaşayan şəxslərlə müqavilə bağlayıblar. Hadisədən 3 ay sonra əməkdaşlar yaxınlaşıb qanunsuz qoşulma olduğunu bildiriblər. O isə kabelin lazım olmadığını və sökmələrini bildirmişdir. Hazırda həmin kabel hələ də onun mənzilində var, bugün də gəlib yoxlanış keçirilsə qanunsuz qoşulma olduğunu deyərlər. Videodan da görünür ki, qapı açıldıqdan sonra çəkiliş dayandırılıb. Əgər çəkiliş sona qədər görünsəydi, onlar televizorun və kabelin yerlərini əyani olaraq görərək qanunsuz qoşulma olmadığının şahidi olardılar. O, əməkdaşlara səhvin onlarda olduğunu və onun icazəsi olmadan mənzilə kabel qoşulduğunu da bildirmişdir. Onların işçiləri əvvəl sistemdən ayırıblar, lakin gəlib qutudan ayırmayıblar. İndi isə baxış keçirdikdə kabeli görüb qoşulma olduğunu müəyyən ediblər. Qutunun qorunmasını isə o, təmin etməyə borclu deyil. Qutu blomlanmalıdır, lakin ona blom qoyulmayıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: 15.07.2020-ci il tarixli, 8192 №-li aktdan görünür ki, "xxxx" hüquq firmasının və İddiaçı kabel televiziyasının əməkdaşları Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov 1, blok 2 ünvanında kabel şəbəkəsinə baxış keçirmiş və həmin ünvanda yerləşən 17 saylı mənzildə qanunsuz olaraq kabel şəbəkəsinə qoşulması aşkar edilərək bu akt tərtib edilib imzalanmışdır. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısı döyülmüş, lakin mənzil sakini özünü təqdim etməkdən və akta imza etməkdən imtina etmişdir. "xxxx" MTK tərəfindən verilmiş 25.08.2020-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanda yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. 23.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 4 ünvanında yaşayan X4 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 16.12.2018-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub, 01.01.2019-cu il tarixinədək isə son ödəməsini edib. 14.02.2019-cu il tarixində 14 azn borc ilə şəbəkədən ayrılıb. Təqdim olunmuş videodiskdən görünür ki, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma faktı aşkar olunmuşdur. 08.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh məhkəmə iddiası üzrə hüquqi xidmətə görə "xxxx" MMC-yə 150 manat məbləğində ödəniş etmişdir. 15.12.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh ünvan 3 mənzildə xətdən kənar qoşulmadan qanunsuz istifadə etməsi iş materialları ilə təsdiqini tapmır. Belə ki, işə əlavə edilən 15.07.2020-ci il tarixli, 8192 №-li aktdan görünür ki, "xxxx" hüquq firmasının və İddiaçı kabel televiziyasının əməkdaşları Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov 1, blok 2 ünvanında kabel şəbəkəsinə baxış keçirmiş və həmin ünvanda yerləşən 17 saylı mənzildə qanunsuz olaraq kabel şəbəkəsinə qoşulması aşkar edilərək bu akt tərtib edilib imzalanmışdır. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısı döyülmüş, lakin mənzil sakini özünü təqdim etməkdən və akta imza etməkdən imtina etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sözügedən mənzilə televiziya yayımı üçün cavabdeh tərəfindən kənar xəttin qoşulmasını əks etdirən disk təqdim olunsa da, ünvan 3 mənzilə kənar xəttin cavabdeh tərəfindən çəkilməsi və həmin qanunsuz qoşulmadan onun istifadə etməsi faktı işə əlavə edilən sənədlərlə və işin halları ilə öz təsdiqini tapmır. İddiaçı müvafiq mənzildə kabel şəbəkəsinə kənar qoşulma olduğunu bildirsə də bu qoşulmanın məhz cavabdeh tərəfindən edildiyini sübuta yetirə bilməmişdir. Həmçinin, iddiaçı belə bir pozuntunun olmasını yalnız bir aktla və disklə təsdiq edir ki, bu aktda da nə cavabdehin, nə də kənar hal şahidlərinin imzası yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının kabel şəbəkəsinə çəkilmiş kənar xəttə görə dəymiş zərərin ödənilməsini tələb etmək hüququ olsa da bunun məhz cavabdeh tərəfindən edildiyi, yəni cavabdehin təqsiri sübut edilmədiyindən iddiaçının hüququnun cavabdeh tərəfindən pozulubpozulmaması sübut edilmir. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı MMC ilə ünvan 4 ünvanında yaşayan X1 arasında KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. İddiaçı tərəfin özünün iş materiallarına əlavə etdiyi arayışdan isə görünür ki, mənzilin sahibi Cavabdehdur. Belə olan halda, kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilənin mənzildə yaşayan, lakin mülkiyyətçi olmayan şəxslə bağlanmasına baxmayaraq, həmin müqavilə üzrə borcun mülkiyyətçidən tələb olunması yolverilməzdir. Belə ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Beləliklə, əgər İddiaçı MMC Cavabdeh qanunazidd hərəkətləri nəticəsində ona hər hansı məbləğdə zərər dəydiyini iddia edirsə, ilk növbədə qanunazidd hərəkətin həqiqətən törədildiyini, daha sonra bu hərəkətin məhz cavabdeh tərəfindən törədildiyini, ən sonda isə bu qanunazidd hərəkətlə dəymiş zərər arasında birbaşa səbəbli əlaqə olduğunu sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı bu qeyd edilənlərin heç birini sübut edə bilməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi baxımından sübut edilməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manatın cavabdehdən tutulması hissəsində də, əsassızdır. Belə ki, tələbin hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən pul məbləğinin cavabdehə aid edilməsi hissəsi, hazırkı iddiada cavabdehin təqsiri sübuta yetirilmədiyinə görə əsaslı deyildir. Həmçinin, qrafik üzrə nəzarət baxışı zamanı binaların yoxlanılması iddiaçı şirkətin daima apardığı profilaktik hərəkətlərdir və cavabdehin qanuna zidd hərəkətlərinə görə bu yoxlamanın aparılması və ya növbədən kənar yoxlamanın keçirilməsi iş materialları ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-722/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-722/2022
18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver