Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-741/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, X1 vərəsəsi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********88 nömrəli X12 müqaviləsinə əsasən nağd kredit üzrə 3676.14 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 3676.15 manat borcun, eyni zamanda həmin müqavilə üzrə ayrılmış kredit xəttinə görə borc 337.82 manat əsas borc, 154.26 manat faiz borcu olmaqla, cəmi 492.08 manat borcun və ödənilmiş 61.69 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixli BPM**********88 saylı X12 müqaviləsi bağlamışdır. Həmin Müqaviləyə əsasən bank X5 illik 18% olmaqla 48 ay müddətinə 6000 manat məbləğində nağd kredit vermişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli BPM**********88 saylı X12 müqaviləsinə əsasən bank X5 illik 24% olmaqla 36 ay müddətinə 500 manat məbləğində xətti ayrılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etməmişdir. 243228 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 2V-631 nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, Cavabdeh X4 qanun üzrə vərəsəsidir. xx.xx.2020-ci il tarixli BPM**********88 saylı X12 müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin nağd kredit üzrə 3676.14 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 3676.15 manat borcu mövcuddur. Eyni zamanda xx.xx.2020-ci il tarixli BPM**********88 saylı X12 müqaviləsinə əsasən ayrılmış kredit xəttinə görə əsas borc üzrə 337.82 manat, faiz borcu üzrə 154.26 manat olmaqla, cəmi 492.08 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 61.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə Cavabdeh xx.xx.2023-cü il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, X7 onun atasıdır və atası ilə "xxxx" ASC aralarında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və Bank tərəfindən onun atasına 6000 manat məbləğində pul vəsaiti və kart verilmişdir. Mərhum atası X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vərəsəlik qaydasında qəbul etdiyi qızıllar onun bibisinə məxsus olmuşdur. Onun atasının vəfatından sonra o, banka müraciət edərək başqa cədvəl tərtib edilməsini bildirmişdir. Hazırda o ailədə yeganə işləyən şəxsdir və əmək haqqı azdır. Belə ki, iddianı qəbul edərək həmin bankın tələb etdiyi məbləği bir dəfəlik ödəmək iqtidarında deyildir. Bu əsasla həmin məbləği hissə-hissə ödənilməsi üçün nəzərə alınmasını xahiş etmişdir.
İş materialları.
5.xx.xx.2020-ci il tarixli BPM**********88 saylı X12 müqaviləsindən və Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, X5 illik 18% olmaqla 48 ay müddətinə hər ay 176.3 manat ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir.
6. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 limiti üzrə 337.82 manat əsas borc, 154.26 manat faiz borcu olmaqla, cəmi 492.08 manat borcu vardır.
7. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X4 3676.14 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 3676.15 manat borcu vardır.
8. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən X4 vərəsəsi Cavabdeh yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdir.
9. AZ-İİ 243228 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
10. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh X4 vərəsəsi hesab olunmuşdur və miras əmlak X5 məxsus olan bazar dəyəri 12622.87 manat olan 153.50 qram qızıl-zinət əşyalarından ibarətdir.
İşin faktiki halları.
11. "xxxx" ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixli BPM**********88 saylı X12 müqaviləsi bağlamışdır. Həmin Müqaviləyə əsasən bank X5 illik 18% olmaqla 48 ay müddətinə 6000 manat məbləğində nağd kredit vermişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli BPM**********88 saylı X12 müqaviləsinə əsasən bank X5 illik 24% olmaqla 36 ay müddətinə 500 manat məbləğində xətti ayrılmışdır. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 2V-631 nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, Cavabdeh X4 qanun üzrə vərəsəsidir. Miras əmlak X5 məxsus olan bazar dəyəri 12622.87 manat olan 153.50 qram qızıl-zinət əşyalarından ibarətdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
16. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
17. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı ilə borclu arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Lakin borclu vəfat etmiş və bu səbəbdən öhdəliyi icra edə bilməmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak vərəsə tərəfindən qəbul edilmiş və qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Miras əmlak X5 məxsus olan bazar dəyəri 12622.87 manat olan 153.50 qram qızıl-zinət əşyalarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
18. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 61.69 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
19. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3676.14 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 3676.15 manat borcun, eyni zamanda həmin müqavilə üzrə ayrılmış kredit xəttinə görə borc 337.82 manat əsas borc, 154.26 manat faiz borcu olmaqla, cəmi 492.08 manat borc, ümumilikdə 4168.23 manat və ödənilmiş 61.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq iddiаçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ :
İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********88 saylı nağd kredit üzrə 3676.14 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 3676.15 manat borc və kart limiti üzrə 337.82 manat əsas borc, 154.26 manat faiz borcu olmaqla, cəmi 492.08 manat borc, ümumilikdə 4168.23 (dörd min yüz altmış səkkiz manat, iyirmi üç qəpik) manat və ödənilmiş 62.09 (altmış iki manat, doqquz qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova