Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-745/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat alimentin miqdarının artıraraq xx.xx.2012-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2367/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il tarixində anadan olmuş X1 atası Cavabdeh olması müəyyən edilərək Cavabdeh İddiaçı xeyrinə 22 may 2013-cü il tarixindən başlayaraq xx.xx.2012-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün bütün növ qazancının dörddə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Bundan sonra Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-9338/2017 saylı, 2017-ci il tarixli və 2019-cu il tarixli qətnamələri ilə alimentin məbləği artırılmışdır. Hal-hazırda eyni Məhkəmənin 2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği 160 manata çatdırılmışdır. Tərəflərin izahatları
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, təqdim etdiyi arayışdan da göründüyü kimi o, faktiki olaraq işsizdir. Təyin olunmuş 160 manat alimenti müəyyən çətinliklərlə ödəyir. Ona vaxt verilməsini xahiş edir. Ən azından öz işini qurduqdan sonra o, alimentin artırılması ilə razı ola bilər. Hazırki vəziyyətdə ödənilən alimenti belə ailəsinin köməkliyi ilə ödəyir. Artırıldığı halda maddi durumuna görə ödəyə bilməyəcəkdir. Əlavə olaraq bildirdi ki, ailəlidir.
İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9338/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-659/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan aliment miqdarı artırılaraq hər ay 137 manat məbləğində müəyyən edilmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1779/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-9338/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan aliment miqdarı artırılaraq hər ay 160 manat məbləğində müəyyən edilmişdir.
7. AR ƏƏSMN DOST 6 saylı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh AR ƏƏSMN-nin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
İşin faktiki halları
8. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan aliment miqdarı artırılaraq hər ay 137 manat məbləğində müəyyən edilmişdir. Daha sonra isə məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan aliment miqdarı artırılaraq hər ay 160 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı tərəf ölkə üzrə 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna əsaslanaraq, cavabdehdən tutulan alimentin 235 manata artırılmasını tələb edir. Cavabdeh isə iddia tələbi ilə razı olmadığını bildirmişdir. Etirazını onunla əsaslandırır ki, hazırda işsizdir və tələb edilən məbləği ödəyə bilməyəcəkdir. Öz işini (avtomobil təmiri üzrə) qurmağa hazırlaşır, çalışmağa başlayandan sonra ödəniş qabiliyyəti olacaq.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı
Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı
8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
13. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
14. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
16. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
17. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
18. Belə ki, iş materiallarından görünür ki, hazırda xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi əsasında Cavabdeh xx.xx.2012-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan aliment miqdarı artırılaraq hər ay 160 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq anasının – iddiaçının himayəsindədir və 2019-cu ildə alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin ediləcək alimentin məbləğinə münasibətdə isə, qeyd edilməlidir ki, yuxarıda qeyd olunan “Yaşayış minimumu haqqında” Qanundan da göründüyü kimi, 2024-cü il üçün uşaqlara görə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Bu xüsusda məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbi təmin edilməli və hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə bu xüsusda cavabdehin etirazına münasibətdə qeyd edir ki, cavabdeh hazırda işləmədiyi üçün qeyd olunan miqdarda aliment ödəməyə maddi imkanının olmadığını qeyd etsə də, lakin cavabdehin rəsmi qazanc mənbəyinin olmaması onu övladının saxlanılması üçün aliment ödəmək öhdəliyindən azad etmir.
19. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Adı̇ l oğlundan xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1779/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsi ilə tutulan 160 manat aliment məbləği artırılaraq hər ay 235 manat məbləğində aliment tutularaq İddiaçı̇ qızına ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.