Məhkəmə qərarları › İş №e-2(010)-752/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-752/2022

19.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-752/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Sadiq oğlundan “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 67,20 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, ümumilikdə 247 manat 60 qəpik məbləğində vurulmuş ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Xətai rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin, Xətai rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında 5 illik hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MTK tərəfindən verilən 29.01.2019-cu il tarixli, 376/5 №-li arayışdan görünür ki, qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Əhmədli y/sahəsi, Babək prospekti 94 ünvanında inşa edilmiş yaşayış kompleksindəki 10 saylı binanın 33 saylı mənzilinin sahibi 2015-ci ilin aprel-dekabr aylarında cavabdeh olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 23.06.2021-ci il tarixli Arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 94 ünvanında yerləşən 10 №-li yaşayış binası KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə analoq yayım ilə 06.02.2013-cü il tarixdən təmin edilmişdir. Adıçəkilən arayışdan görünür ki, qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 94 ünvanında yerləşən 10 №-li binanın 33 saylı mənzilinin sahibi X1 ilə İddiaçı MMC arasında hər hansı müqavilə münasibətləri (kabel televiziyasının və internet xidmətlərinin göstərilməsinə dair) olmamışdır. Qeyd edim ki, həmin bina da nəinki cavabdehlə, heç bir mənzil ilə müqavilə bağlanmayıb. Həmçinin iddia ərizəsinə əlavə edilmiş 23.06.2021-ci il tarixli digər arayışdan görünür ki, 4502 N saylı akt tərtib olunana qədər Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında yerləşən 10 №-li yaşayış binasına sonuncu dəfə 17.04.2015-ci il tarixdə baxışı keçirilmişdir. Qevd edirik ki, 19.11.2019-cu il tarixdə "xxxx" hüquq firmasının Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qevd olunan ünvanda verləsən kabel şəbəkəsinə baxış keçirilən zaman həmin yasayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 4502 N saylı akt tərtib olunmuşdur. Tərəflərin izahatları: İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, mütəxəssislərdən də soruşmuş və mütəxəssislər onun tərəfindən optik kabellərə qoşulmağın mümkün olmadığını və bunun üçün xüsusi aparatlara ehtiyac olduğunu bildirmişlər. Bundan əlavə, iddiaçı tərəf noyabr ayında baxış keçirib, lakin aprel ayında qanunsuz kabelə qoşulma ilə bağlı akt tərtib edib ki, bunu da müəyyənləşdirmək mümkün deyil. Həmçinin binada onların nömrələri var və əgər onun tərəfindən qoşulma olsa idi ona məlumat verilib iştirakını təmin edərək baxış keçirməli idilər. Göründüyü kimi onlar tərəfindən tərtib edilən akt birtərəfli yazılıb. Əgər evdə o, olmamışamsa, binanın komendatı var, komendant vasitəsi ilə onu çağıra bilərdilər və ya onun iştirakı ilə baxış keçirib akt tərtib edə bilərdilər. Həmçinin göstərdikləri videoda konkret vaxt yoxdur, hazırda isə demək olar ki bütün çəkilişlərdə nə vaxt çəkildiyi qeyd olunur. Həmçinin videodan kabelin qoşulduğu görünsə də, ancaq evə daxil olduğu görüntüdə yoxdur. O, 2017-ci ildən sonra orada yaşadığı vaxt ərzində “Citynet” abunəçisi olmuş və həmişə onlarla əməkdaşlıq etmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: 19.11.2015-ci il tarixli, 4502 №-li aktdan görünür ki, "xxxx" hüquq firmasının və İddiaçı kabel televiziyasının əməkdaşları Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında yerləşən 10 №-li evdə kabel şəbəkəsinə baxış keçirmiş və həmin ünvanda yerləşən 33 saylı mənzildə qanunsuz olaraq kabel şəbəkəsinə qoşulması aşkar edilərək bu akt tərtib edilib imzalanmışdır. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısı döyülmüş, lakin qapını açan olmamışdır. "xxxx" MTK tərəfindən verilmiş 29.01.2019-cu il tarixli arayışından görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin Bakı şəhəri Əhmədli y/sahəsi, Babək pr 94 ünvanında inşa edilmiş yaşayış kompleksindəki 10 saylı binanın 33 saylı mənzilinin sahibi 04.2015- 12.2015 tarixdə 1970-ci il təvəllüdlü Cavabdeh Sadiq oğlu olmuşdur. 23.06.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanına 4502 N saylı akt tərtib olunana qədər sonuncu dəfə 17.04.2015-ci il tarixində həmin binaya baxışı keçirilmişdir. 23.06.2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında yerləşən 10 №-li yaşayış binası KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə 06.02.2013-cü il tarixdən təmin edilmişdir. Qanunsuz qoşulmanın həyata keçrildiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında yerləşən 10 №-li evin, 33 №-li mənzilinin sahibi Cavabdeh ilə "xxxx" MMC arasında hər hansı müqavilə münasibətləri (kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair) olmamışdır. Təqdim olunmuş videodiskdən görünür ki, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma faktı aşkar olunmuşdur. 08.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh məhkəmə iddiası üzrə hüquqi xidmətə görə "xxxx" MMC-yə 150 manat məbləğində ödəniş etmişdir. 09.12.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında yerləşən 10 №-li evin, 33 №-li mənzildə xətdən kənar qoşulmadan qanunsuz istifadə etməsi iş materialları ilə təsdiqini tapmır. Belə ki, işə əlavə edilən 19.11.2015-ci il tarixli, 4502 №-li aktdan görünür ki, "xxxx" hüquq firmasının və İddiaçı kabel televiziyasının əməkdaşları Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında yerləşən 10 №-li evdə kabel şəbəkəsinə baxış keçirmiş və həmin ünvanda yerləşən 33 saylı mənzildə qanunsuz olaraq kabel şəbəkəsinə qoşulması aşkar edilərək bu akt tərtib edilib imzalanmışdır. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısı döyülmüş, lakin qapını açan olmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sözügedən mənzilə televiziya yayımı üçün cavabdeh tərəfindən kənar xəttin qoşulmasını əks etdirən disk təqdim olunsa da, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında yerləşən 10 №-li evin, 33 №-li mənzilə kənar xəttin cavabdeh tərəfindən çəkilməsi və həmin qanunsuz qoşulmadan onun istifadə etməsi faktı işə əlavə edilən sənədlərlə və işin halları ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclası zamanı tədqiq olunmuş videogörüntüdən kabel televiziyasına qoşulan kənar xəttin olduğu görünsə də, həmin kənar xəttin məhz cavabdehə məxsus mənzilə daxil olmasına dair hallar (məsələn divarın deşilərək qanunsuz kabel xəttinin həmin mənzilə daxil olması və s.) aşkar olunmamışdır. İddiaçı müvafiq mənzildə kabel şəbəkəsinə kənar qoşulma olduğunu bildirsə də bu qoşulmanın məhz cavabdeh tərəfindən edildiyini sübuta yetirə bilməmişdir. Həmçinin, iddiaçı belə bir pozuntunun olmasını yalnız bir aktla və disklə təsdiq edir ki, bu aktda da nə cavabdehin, nə də kənar hal şahidlərinin imzası yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının kabel şəbəkəsinə çəkilmiş kənar xəttə görə dəymiş zərərin ödənilməsini tələb etmək hüququ olsa da bunun məhz cavabdeh tərəfindən edildiyi, yəni cavabdehin təqsiri sübut edilmədiyindən iddiaçının hüququnun cavabdeh tərəfindən pozulubpozulmaması sübut edilmir. Belə ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Beləliklə, əgər İddiaçı MMC Cavabdeh qanunazidd hərəkətləri nəticəsində ona hər hansı məbləğdə zərər dəydiyini iddia edirsə, ilk növbədə qanunazidd hərəkətin həqiqətən törədildiyini, daha sonra bu hərəkətin məhz cavabdeh tərəfindən törədildiyini, ən sonda isə bu qanunazidd hərəkətlə dəymiş zərər arasında birbaşa səbəbli əlaqə olduğunu sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı bu qeyd edilənlərin heç birini sübut edə bilməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi baxımından sübut edilməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manatın cavabdehdən tutulması hissəsində də, əsassızdır. Belə ki, tələbin hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən pul məbləğinin cavabdehə aid edilməsi hissəsi, hazırkı iddiada cavabdehin təqsiri sübuta yetirilmədiyinə görə əsaslı deyildir. Həmçinin, qrafik üzrə nəzarət baxışı zamanı binaların yoxlanılması iddiaçı şirkətin daima apardığı profilaktik hərəkətlərdir və cavabdehin qanuna zidd hərəkətlərinə görə bu yoxlamanın aparılması və ya növbədən kənar yoxlamanın keçirilməsi iş materialları ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar