Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-77/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9287.27 manat – bundan 3987.98 manat əsas, 3045.42 manat faiz, 1732.47 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 521.40 manat faiz borcu və iş üzrə ödənilmiş 112.88 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat idarəsi filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, şəxsi istehlak məqsədilə cavabdehə illik 20% dərəcəsi ilə, 48 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-700013343 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə sazişlərə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalığı 5756.75 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18 % ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən, borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh1 cəmi borcu 9287.27 manat təşkil edir. Bundan 3987.98 manat əsas, 3045.42 manat faiz, 1732.47 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 521.40 manat faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********076 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı bankdan kredit müqaviləsi üzrə borc məbləği götürsə də, sonradan maddi vəziyyətində yaranmış problemlər səbəbindən həmin məbləği ödəyə bilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, müvafiq kredit müqaviləsi üzrə zamindir. Borclu olan digər cavabdeh iddiaçı bankdan kredit məbləği götürsə də, cəmi 1-2 il ödənişlər edə bilmiş, lakin sonradan maddi vəziyyətində yaranmış çətinliklər səbəbindən həmin məbləği ödəyə bilməmişdir. İddia tələbi üzrə onlardan tələb olunan ümumi borc məbləğinin azaldılmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı ASC (Kreditor) və Cavabdeh1 (Borcalan) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 70013343 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, “Kreditor” “Borcalan”a şəxsi istehlak məqsədi ilə, 48 ay müddətinə, illik 20% ödənilmək şərti ilə 10000 manat məbləğində kredit verməyi, “Borcalan” isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri “Kreditor”a ödəməyi öhdəsinə götürür. İddiaçı ASC (Kreditor), Cavabdeh1 (Borcalan) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 70013343/ZM nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, “Zamin” xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsi üzrə “Borcalan”ın “Kreditor” qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürür. xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2015 – xx.xx.2017-ci il tarixləri arasında hər ay 304.34 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2014-cü il tarixli, 1/24/76170358 nömrəli kassa məxaric orderindən müəyyən olunur ki, borcalan Cavabdeh1 iddiaçı bankın kassasından 10000 manat məbləğində pul vəsaiti verilmişdir. İddiaçı ASC (Kreditor) və Cavabdeh1 (Borcalan) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsi üzrə 01 nömrəli əlavə sazişdən müəyyən olunur ki, “Borcalan”ın “Kreditor” qarşısındakı kredit öhdəliyinin qalığı və hesablanmış faizlər kapitallaşdırılaraq 5756.75 manat məbləğində müəyyən edilmiş və restrukturizasiya edilmiş kredit üzrə öhdəliklərin icrası müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə sazişə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə yeni ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə restrukturizasiya olunan qalıq borcun xx.xx.2017 – xx.xx.2021-ci il tarixləri arasında hər ay 169.1 manat (sonuncu ay 169.44 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı ASC (Kreditor), Cavabdeh1 (Borcalan) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli zaminlik müqaviləsi üzrə 01 nömrəli əlavə sazişdən müəyyən olunur ki, “Zamin” bu əlavə sazişi imzalamaqla xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 01 nömrəli, xx.xx.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 3987.98 manat əsas, 3045.42 manat faiz, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 521.40 manat faiz və 1732.47 manat cərimə olmaqla, cəmi 9287.27 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli bildirişlərdən müəyyən olunur ki, borcalan və zaminə xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsi üzrə kreditora xx.xx.2023-cü il tarixinə olan borc məbləği (3987.98 manat əsas, 3045.42 manat faiz, 1732.47 manat cərimə və AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan 482.35 manat faiz olmaqla, cəmi 9248.22 manat) barədə məlumat verilmiş, həmin borcun 3 (üç) gün müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq bildirişlərin göndərilməsi barədə poçt xəbərnamələri iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/3059 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixdə bağlanmış 70013343 nömrəli kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış 01 saylı əlavə sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixə (müqavilə müddəti tarixinə) borcu – 7069.68 manat (əsas borc üzrə - 5012.61 manat; faiz borcu üzrə - 2057.37 manat); xx.xx.2023-cü il tarixə (sualda qeyd olunan tarix) borcu – 7720.22 manat (əsas borc üzrə - 5012.61 manat; faiz borcu üzrə - 2707.61 manat). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 9/10551 nömrəli əlavə məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixdə bağlanmış 70013343 nömrəli kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış 01 saylı əlavə sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixə (müqavilə müddəti tarixinə) borcu – 6894.44 manat (əsas borc üzrə - 4901.79 manat; faiz borcu üzrə - 1992.65 manat); xx.xx.2023-cü il tarixə (maliyyə arayışının tərtib edildiyi tarix) borcu – 7534.39 manat (əsas borc üzrə - 4901.79 manat; faiz borcu üzrə - 1992.5 manat, illik 5% hesablanmaqla faiz borcu üzrə - 639.95 manat). xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 112.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) verməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehlərin izahatını dinləyib, işin faktiki hallarını və iddia ərizəsini araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl (xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir) yaranmışdır. Belə olan halda həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilməlidir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, bank ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavadeh bu davranışı ilə AR MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Məhkəmə onu da qeyd edir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, kreditor borcalana şəxsi istehlak məqsədi ilə, 48 ay müddətinə, illik 20% ödənilmək şərti ilə 10000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq kredit müqaviləsinin bağlanılması zamanı iddiaçı bankla iş üzrə digər Cavabdeh2 arasında kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi qanunvericiliklə müəyyən edilmiş qaydada və formada zaminlik müqaviləsi bağlanmış, zamin borcalanın kreditor qarşısında müvafiq kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra xx.xx.2017-ci il tarixdə İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsi üzrə 01 nömrəli əlavə saziş bağlanmış, həmin sazişlə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı və hesablanmış faizlər kapitallaşdırılaraq 5756.75 manat məbləğində müəyyən edilmiş və restrukturizasiya edilmiş kredit üzrə öhdəliklərin icrası müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Həmçinin, öhdəliklərin icrasının təmini üsulu kimi iş üzrə tərəflər arasında bağlanmış zaminlik müqaviləsi ilə də zaminin öhdəliklərin icrasına görə məsuliyyəti həmin tarixədək uzadılmışdır. Tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə əsasən, kreditor kredit müqaviləsi üzrə razılaşdırılmış məbləği borcalana (Cavabdeh1) verməklə şərtlənən öhdəliyini vaxtında və lazımı qaydada icra etmiş (kredit məbləğinin borcalan tərəfindən əldə edilməsi barədə kassa məxaric orderi iş materiallarına əlavə edilmişdir), lakin borcalan kredit müqaviləsi üzrə ödəniş qrafikinə əsasən müəyyən edilmiş məbləğləri kreditora qaytarmaqdan ibarət öhdəliyini vaxtında və lazımı qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı bankın öhdəlik hüquq münasibətlərinə girərkən arzu etdiyi hüquqi nəticələr mahiyyət etibarı ilə tam reallaşmamışdır. Mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi məqsədi ilə borcalan və zaminə yazılı bildiriş məktubları göndərilsə də, bu cəhd müsbət nəticə verməmiş, iddiaçı kredit borcunun cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdehlər ümumi borc məbləğinə etiraz etdiklərinə görə işin mübahisəli hallarının tam, obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə məhkəmənin təşəbbüsü ilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/3059 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixdə bağlanmış 70013343 nömrəli kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış 01 saylı əlavə sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixə (müqavilə müddəti tarixinə) borcu – 7069.68 manat (əsas borc üzrə - 5012.61 manat; faiz borcu üzrə - 2057.37 manat); xx.xx.2023-cü il tarixə (sualda qeyd olunan tarix) borcu – 7720.22 manat (əsas borc üzrə - 5012.61 manat; faiz borcu üzrə - 2707.61 manat). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə (ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər) və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə (ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin (sifariş) edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir) əsasən, ilkin məhkəmə-mühasibatlıq ekspertizası qarşısında qoyulmuş suallar tam həll edilmədiyi üçün (gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan borc məbləği barədə sual həll edilməmişdir) ekspert rəyindəki mövcud boşluqların aradan qaldırılması məqsədi ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 9/10551 nömrəli əlavə məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixdə bağlanmış 70013343 nömrəli kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış 01 saylı əlavə sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixə (müqavilə müddəti tarixinə) borcu – 6894.44 manat (əsas borc üzrə - 4901.79 manat; faiz borcu üzrə - 1992.65 manat); xx.xx.2023-cü il tarixə (maliyyə arayışının tərtib edildiyi tarix) borcu – 7534.39 manat (əsas borc üzrə - 4901.79 manat; faiz borcu üzrə - 1992.5 manat, illik 5% hesablanmaqla faiz borcu üzrə - 639.95 manat). Məhkəmə ilk növbədə nəzərə çatdırır ki, heç bir sübutun, eləcə də ekspert tədqiqatının nəticələrinə dair ekspert tərəfindən tərtib edilmiş rəyin məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur (AR MPM-nin 103.1-ci maddəsi ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil, həmçinin iddiaçı və ya cavabdeh tərəfindən ekspert rəyinin əsaslığını və mötəbərliyini şübhə altına alan sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, iş üzrə keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi mülki prosessual qanunvericiliklə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən, məhkəmə tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilən məlumatların (sübutların) dairəsi dəqiq müəyyən edilmiş və həmin məlumatların məhz ekspert rəyi ilə də təsdiq edilməsi imkanı birbaşa nəzərdə tutulmuşdur. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmənin təşəbbüsü ilə aparılmış ekspert tədqiqatının nəticələrinə dair ekspert rəylərini iş üzrə təqdim edilmiş digər sübutlarla mümkünlük, mötəbərlik və aidlik nöqteyinəzərindən qiymətləndirən məhkəmə qeyd edir ki, müqavilə müddəti ərzində əsas borca hesablanmış faiz borcu əlavə məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyində qeyd edildiyi kimi – 1992.5 manat məbləğində hesablanmaqla ödənilməlidir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən tələb olunan əsas borc və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcunun ekspert rəyində göstərilmiş müvafiq məbləğlərdən az olması ilə bağlı hissədə (iddia ərizəsində əsas borc – 3987.98 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz borcu – 521.40 manat, əlavə məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyində əsas borc – 4901.79 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz borcu – 639.95 manat), məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı iş üzrə iddia tələbindən kənara çıxmaqla şərtlənən hər hansı müstəsna hal müəyyən edilməmiş, bu səbəbdən məhkəmə qanunvericiliklə ona verilmiş səlahiyyətdən istifadə etməməkdə haqlı olmuşdur. Həmçinin, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının nümayəndəsi tərəfindən mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş və iddia tələbinin dəyişdirilməsindən (iddia tələbinin həcminin artırılması ilə bağlı) ibarət prosessual hüquqdan vaxtında istifadə edilməmiş, habelə bu hüquqdan vaxtı keçdikdən sonra (bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması və ya bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı ilə bağlı əsaslandırma təqdim edilməklə) istifadə edilməsi ilə bağlı hər hansı ərizə məhkəməyə təqdim edilməmişdir. Buna görə də sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində 3987.98 manat və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanan faiz borcu hissəsində 521.40 manat həcmində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, AR MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da AR MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “Zvierzinski Polşaya qarşı” 19 iyun 2001-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələb olunan xx.xx.2014-cü il tarixli müqavilə üzrə 1732.47 manat cərimə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir və işin hallarına tam uyğun deyil. Odur ki, dəbbə pulu 200 manat hesablanmaqla ödənilməlidir. Məhkəmə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbinə münasibətdə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericinin tələb etdiyi formada zaminlik müqaviləsi bağlanmış və zamin borclu Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət götürmüşdür. Bu isə öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımi şəkildə icra edilməməsi halında banka bu öhdəliyin icrasını birbaşa zaminə yönləndirmək hüququna verir. Qeyd olunmalıdır ki, zamin bir qayda olaraq kreditor qarşısında əvəzsiz şəkildə öhdəlik götürür, kreditor zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən də qanunverici zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də qanunla müəyyən edilmiş müddət keçdiyi halda zaminliyin xitam olunmasıdır. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir Göründüyü kimi, bir qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun bunun göstərilməməsi imkanını da nəzərdə tutaraq, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur Hazırkı işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti həmin kredit müqaviləsinə əlavə edilmiş və tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli (xx.xx.2017-ci il tarixli, 01 nömrəli sazişə əlavə edilən) ilə müəyyən olunmuşdur. Həmin ödəniş cədvəlinə əsasən ödənişlərin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli olması nəzərdə tutulmuşdur. Bununla da son ödəniş tarixinin xx.xx.2021-ci il olması müəyyən edilir. Əsas öhdəliyin icra vaxtı həmin tarixdən hesablandıqda iddiaçı zaminə qarşı bir il ərzində - xx.xx.2022-ci il tarixədək iddia irəli sürməli olsa da, hazırkı iddia qeyd olunan müddətin bitdiyi müddət keçdikdən sonra irəli sürülmüşdür. Beləliklə, iddiaçı zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminə qarşı iddia qaldırmadığı üçün Cavabdeh2 zaminliyinə qanuna əsasən xitam verilmişdir. Bu baxımdan o, hazırkı tələb üzrə iddiaçı qarşısında zamin kimi məsuliyyət daşıya bilməz. Buna görə də iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır və təmin edilə bilməz. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 112.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia qismən təmin edildiyindən məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (6701.88 manat) mütənasib olan hissəsi (87.02 manat) Cavabdeh1 tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizaları nəticəsində verilmiş ekspert rəylərinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manat (100 manat + 100 manat) məbləğində müəyyən edilmişdir. Odur ki, 200 manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutularaq ekspertiza həyata keçirən orqanın hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsi üzrə 3987.98 manat əsas, 1992.50 manat faiz, 200 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 521.40 manat illik 5% gecikdirilmiş faiz borcu olmaqla, cəmi 6701.88 manat məbləğində borc məbləği və 87.02 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizalarının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq ekspertiza həyata keçirən orqanın hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 70013343 nömrəli kredit müqaviləsi üzrə 3987.98 (üç min doqquz yüz səksən yeddi manat doxsan səkkiz qəpik) manat əsas, 1992.50 (min doqquz yüz doxsan iki manat əlli qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 521.40 (beş yüz iyirmi bir manat qırx qəpik) manat illik 5% gecikdirilmiş faiz borcu olmaqla, cəmi 6701.88 (altı min yeddi yüz bir manat səksən səkkiz qəpik) manat məbləğində borc məbləği və 87.02 (səksən yeddi manat iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP (XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-77/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-77/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver