Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-777/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızının sədrliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barəsində ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi
1. İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 674.68 manat, faiz borcu üzrə 0.14 manat, cəmi 674.82 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları
2. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, RPF- 00358-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən 3187.52 manat məbləğində kredit illik 1 faizlə, 12 ay güzəşt müddəti tədbiq edilməklə, 60 müddətinə Cavabdeh1 verilmişdir.
3. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-ci il tarixli, RPF- 00358-16/19A saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin alıcınının satıcı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür.
4. xx.xx.2023-cü il tarixli arayışa əsasən həmin tarixə müqavilə üzrə Cavabdeh1 674.68 manat əsas borcu, 0.14 manat faiz borcu, ümumilikdə 674.68 manat borcu müəyyən edilmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri
5. İddiaçı Bank "xxxx" ASC xx.xx.2019-ci il tarixli, RPF-00358-16/19A saylı kredit müqaviləsi üzrə 674.68 manat əsas borc, 0.14 manat faiz borcu olmaqla, ümumilikdə 674.82 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Bank "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə arasında xx.xx.2019- cu il tarixdə RPF-00358-16/19A saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı q3187.52 manat məbləğində krediti illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış MK-01505- 17/15U saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 24 iyun 2024-cü il tarixədək faiz ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barədə RPF-00358-16/19A saylı 24 iyun 2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixdə iddiaçıyla RPFZ-00358-16/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri
7. “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2na məhkəmə bildirişi göndərilmişdir. Cavabdehlər tərəfindən məhkəmə bildirişinin alındığı tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər
8. xx.xx.2019-ci il tarixli, RPF-00358-16/19A saylı kredit müqaviləsinə əsasən bank 3187.52 manat məbləğində krediti illik 1 fazilə 12 ay güzəşt müddəti tədbiq edilməklə 60 ay müddətinə Cavabdeh1 mülkiyyətinə verilmiş, cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış MK-01505-17/15U saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 24 iyun 2024cü ilədək faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
9. xx.xx.2019-ci il tarixli, RPF-00358-16/19A saylı zaminlik müqaviləsinə əsasən, iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh1 Bank "xxxx" ASC qarşısında götürdüyü öhdəklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür.
10. xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.2019-ci il tarixli RPF-00358-16/19A saylı müqavilə üzrə ödənilməmiş əsas borc məbləği 674.68 manat, faiz üzrə borc məbləği 0.14 manat, cəmi borc 674.82 manat təşkil edir.
11. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna (xx.xx.2023-cü il tarixli poçt qəbzi) əsasən, iddiaçı tərəfdən cavabdehlər öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
12. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən Bank "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ilə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1.Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
14. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi
15. Məhkəmə iddia ərizəni, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
16. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cabadehin bu davranışı ilə MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1).
17. Eyni zamanda Cavabdeh2 ilə Bank "xxxx" ASC arasında qanunvericinin tələb etdiyi formada zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 Cavabdeh1nın Bank "xxxx" ASC qarşısında öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün birgə məsuliyyət götürmüşdür. Bu isə öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımi şəkildə icra edilməməsi halında kreditora bu öhdəliyin icrasını birbaşa zaminə yönləndirmək hüququna verir.
18. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 674.68 manat əsas borc, 0.14 manat faiz borcu, ümumilikdə 674.82 manat borc və 30 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqı tutularaq Bank "xxxx" ASC-yə ödənilməlidir.
28. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 674.68 manat əsas borc, 0.14 manat faiz borcu, ümumilikdə 674.82 manat borc və 30 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqı tutularaq Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fəridə Rzayeva