Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-796/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə 2484 manat borc məbləği, 240 manat faiz borcu, 20 manat cərimə və 47,44 məbləğində dövlət rüsumunun, cəmi 2791,44 manat tutularaq iddiaçıya ödənilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru X1 ilə Cavabdeh arasında 09 mart 2022-ci il tarixli R0034464 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "L FİN” mağazasından ümumi nisyə dəyəri 3284 manat olan iPhone 13 pro 128 (İMEİ **********95760) markalı əşya almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 22-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 208 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 2484 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır.
İş materialları.
3. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən alqı-satqı qiyməti 3284 manat olan İMEİ **********95760 İphone 13 Pro 128 markalı telefon almışdır.
4. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən İMEİ **********95760 İphone 13 Pro 128 markalı telefon təhvil alınmışdır.
5. Maliyyə arayışına Cavabdeh İMEİ **********95760 İphone 13 Pro 128 markalı telefon üçün 2484 manat borc, 240 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 2744 manat borcu yaranmışdır.
6. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
7. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 47,44 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
8. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci tarixli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
12. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, İddiaçı MMC alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun İddiaçı MMC qarşısında ümumilikdə 2744 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır.
13. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən ümumilikdə 2744 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır.
Məhkəmə xərcləri.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,44 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2484 manat borc, 240 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 2744 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2484 manat borc, 240 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 2744 (iki min yeddi yüz qırx dörd) manat pul tutularaq İddiaçı hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,44 (qırx yeddi manat qırx dörd qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.