Məhkəmə qərarları › İş №e-2(010)-825/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-825/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-825/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı ayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2024-ci il tarixli müqaviləyə (razılaşmaya) əsasən məhsulun təmiri üçün ödənilməmiş 178 (yüz yetmiş səkkiz) manat və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi. İddia tələbinin dəlilləri Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə (razılaşmaya) əsasən məhsulun təmiri üçün ödənilməmiş hissə 178 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 89 manat təşkil edir. Cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəliyi lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, aralarında xx.xx.2024-cü il tarixli razılaşma var. Həmin razılaşmaya əsasən kondisioner təmir edilib, lakin sonradan cavabdeh onlara narazılığını bildirməmişdir. xx.xx.2024-cü il tarixli təmir aktına əsasən məhsula baxış keçirilən zaman çöl blokunun E.E.V sensorunda qaz sızması, bunun zavod qüsuru olması aşkar olunmuş, yenisi ilə əvəz olunmuşdur. Cihaz normal işləməyə başlamışdır. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 19 iyun 2020-ci ildə kondisioner almış, lakin məhsul qüsurludur. Həmin məhsulun 3 il müddətində zəmanəti var idi, lakin iddiaçı tərəfindən aldadılaraq hər dəfə kondisionerə qaz vurub getmişlər. Aradan keçən bu 4 il ərzində 11 dəfə çağırış olub, lakin iddiaçı tərəfindən məhsul yaxşı təmir edilməmişdir. Bu barədə narazıçılığını bildirsə də, buna əhəmiyyət verilməyib. Xidmət göstəriləndən sonra da kondisioner işləmirdi. Səsi tank səsinə oxşayır. 5 ildir ki, maddi və mənəvi ziyan vurmuşlar. 2021-2022-ci illərdə anası, bacısı rəhmətə getmiş, başı qarışıq olmuşdur. Bu müddət ərzində nə qədər stress keçirsə də məhsulun dəyərini ödəmişdir. İş materialları xx.xx.2024-cü il tarixli 18607021 saylı İddiaçı MMC ilə Cavabdeh arasında məhsulun təmiri ilə bağlı razılaşma imzalanmışdır. xx.xx.2024-cü il tarixli 552954 saylı təmir aktından görünür ki, Toshiba Ras- 18J2KVG-EE (unverter) kondisionerinin çöl blokunun EEV sensorunda qaz sızması olduğu aşkar edilmişdir. Qeyd: Zavod qüsurudur. Sensor yenisi ilə əvəz olundu. Vakuum olunub qaz vuruldu. Qoşulub yoxlandı. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli məhsulun təmiri ilə bağlı 89 manat məbləğində ilkin ödəniş etmiş, ödənilməmiş məbləğ 178 manat məbləğ təşkil etmiş və 178 manat məbləğində ödənilməmiş məbləği mövcuddur. xx.xx.2024/2 il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

Məhkəmənin mövqeyi İşin faktiki hallarından məlum olur ki, iddiaçı "xxxx" ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh Toshiba Ras-18J2KVG-EE markalı kondisioner almışdır. xx.xx.2024-cü il tarixində tərəflər podrat xidməti barədə razılığa gəlmiş, həmin razılaşmaya əsasən cavabdeh yuxarıda sözügedən kondisionerin təmirini iddiaçı tərəfə tapşırmış, bunun müqabilində 267 manat məbləğində muzd ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı göstərdiyi podrat xidmətinə görə ödənilməmiş 178 manatı məbləğində pulu cavabdehdən tələb edir. Cavabdeh isə iddia tələbi ilə razılaşmır və etirazını onunla əsaslandırır ki, kondisioner aldığı vaxtdan qüsurlu idi, iddiaçıya dəfələrlə müraciət etmiş və hər dəfə qaz vurub getmişlər. Təmirdən sonra yenə məhsul işləməmişdir. Müraciət etsə də, müraciətinə iddiaçı tərəfindən baxılmamışdır. İddiaçı isə iddia tələbinə etirazın dəlilləri ilə razılaşmır və bildirir ki, sonuncu dəfə Cavabdeh xx.xx.2024-cü il tarixli müraciətinə əsasən xx.xx.2024-cü il tarixdə Toshiba Ras- 18J2KVG-EE markalı kondisionerə baxış keçirilmiş və çöl blokun EEV sensorunda qaz sızması olması aşkar olunmuşdur. Bunun zavod qüsuru olması aşkarlanmış və Cavabdeh bildirilsə də o məhsulun yenisi ilə əvəz olunmasını tələb etməmiş, məhsulun ehtiyat hissələrinin dəyişdirilməsinə razı olmuşdur. Sensor yenisi ilə əvəz olunmuş. Vakum olunub qaz vurulmuşdur. Cavabdehin özünün yanında qoşulub yoxlanılmışdır. Həmin təmir aktını cavabdeh öz imzası ilə təstiq etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh İlhamə Ədilova və Namiq Muxtarovun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh iddiaçı ilə arasında bağlanmış podrat müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü zərərin ödənilməsi tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış podrat müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, kondisionerin təmirini həyata keçirmişdir. Cavabdeh isə həmin podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Beləliklə, iddiaçı ilə aralarında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə ödənilməmiş muzdun tutulması tələbi əsaslıdır. Cavabdehin dəlilinə münasibətdə məhkəmə bildirir ki, cavabdeh kondisionerin təmiri ilə bağlı göstərilmiş podrat xidmətinin keyfiyyətli şəkildə yerinə yetirilmədiyini bildirsə də, sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh 2024-cü ilin iyul ayında iddiaçı tərəfindən kondisionerin təmirindən sonra həmin xidmətdən narazılığı ilə bağlı iddiaçıya edilmiş olan hər hansı bir müraciətini sübuta yetirə bilmir. Eyni zamanda xx.xx.2024-cü il tarixli təmir aktında da kondisionerin zavod qüsurunun aradan qaldırlararaq təmir olunması öz əksini tapmış və cavabdeh bu aktı imzası ilə təsdiqləmişdir.

Məhkəmə xərcləri Yuxarıda adı çəkilən normalara əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh podrat xidməti üzrə ödənilməmiş muzda görə 178 (bir yüz yetmiş səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh podrat xidməti üzrə ödənilməmiş muzda görə 178 (bir yüz yetmiş səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar