Məhkəmə qərarları › İş №e-2(010)-827/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-827/2023

23.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-827/2023 23.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: Cavabdeh avtomobilə vurulmuş zərərə görə 10963,0 manat, "xxxx" MMC-yə ödənilmiş ekspertiza xərclərinə görə 350 manat, Bakı Ekspertiza Mərkəzinə ödənilmiş ekspertiza xərcinə görə 200,0 manat və ödənilmiş dövlət rüsumuna görə 138,0 manat, xidmət haqqına görə 150 manat olmaqla, ümumilikdə 11951 (on dörd min iki yüz bir) manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı 21 noyabr 2021-ci il tarixdə təxminən saat 19:00 radələrində özünə məxsus “Toyota Korolla” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə müştərini təyinat məntəqəsinə çatdırmaq məqsədilə Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqmətindən Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsi istiqamətinə nizamlanmayan dörd yol ayrıcında hərəkət edərkən anidən yolun sağ hərəkət hissəsindən yüksək sürətlə hərəkət edən “Kia Clarus” mark 944 dövlət qeydiyyat nişanlı avtomobil gözləməli olduğu halda həmin sürətlə hərəkət edərək idarə etdiyi avtomobilin sol yan hissəsinə çırpılaraq zərbədən avtomobilin sola istiqamətlənərək beton maneəyə çırpıldı. Nəticədə iddiaçı və avtomobildə olan qadın sərnişin xəsarət almışdır. Hadisə zamanı sürücü yetkinlik yaşına çatmayan X4 olmuşdur. Hadisə ilə bağlı avtomobilin mülkiyyətçisi Cavabdeh barədə protokol tərtib edilərək tədbir görülməsi üçün göndərilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılmış, 12 may 2022-ci il tarixli qərarla cinayət işinin başlanmasının rəddi barədə qərar qəbul edilmişdir. Qərarda hadisə zamanı zərər vurulmuş avtomobilə dair "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022ci il tarixli qiymətləndirmə aktında “Toyota Korolla” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararsız hala gəlmiş hissələrin təmirinə və yeniləri ilə əvəz edilməsinə ümumilikdə 39544,0 manat ödənilməli olduğu qeyd edilmişdir. Bütün bunlara baxmayaraq icbari sığortanın ödənilməsi ilə bağlı “Azər Sığorta” dəymiş zərəri 7405 manat qiymətləndirmiş və iddiaçının yazılı etirazından sonra Azərbaycan Respublikası Bakı Ekspertiza Mərkəzi tərəfindən qiymətləndirmə aparılaraq “Toyota Korolla” markalı **-OK- *** dövlət qeydiyyat nişa avtomobilin istismara yararsız hala gəlmiş hissələrin təmirinə və yeniləri ilə əvəz edilməsinə ümumilikdə 15963,0 manat lazım olduğu müəyyən edilmişdir. Göründüyü kimi yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ümumi dəyəri 15963,0 (on beş min doqquz yüz altmış üç) manat təşkil edir. Bu səbəbdən hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində iddiaçıya vurulmuş zərər ödənilməlidir. Məhkəmə prosesi dövründə sığorta şirkəti tərəfindən iddiaçıya 5000 (beş min) manat pul ödənilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi X6 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, ekspertin müəyyən etdiyi qiymətlə razıdır. Lakin avtomobilin saxlanması üçün tələb edilən məbləğlə razı deyil. Məhkəmədən bunu nəzərə almasını xahiş edir. Maddi vəziyyəti ağır olduğundan iddiaçının tələb etdiyi məbləği birdəfəyə ödəməyə imkanı yoxdur. İş materialları Azərbaycan Respublikasının "xxxx" MMC-nin ME00145\22 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Toyota Corolla markalı, **-OK-*** d.q.n-li avtomobilə, ekspert baxışına təqdim olunan Toyota Corolla markalı avtomobilə hazırkı vəziyyətdə zərər təxminən 15963 (on beş min doqquz yüz altmış üç) manat müəyyən olunur və bərpası məqsədəuyğun hesab edilmir. Maşının hazırkı bazar dəyəri 14 000 (On dörd min) manat. Qalıq dəyəri isə 2500 (iki min beş manat) müəyyən olunur. "xxxx" MMC-nin hesab-fakturadan görünür ki, İddiaçı “Toyota Korolla” markalı **- OK-*** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 39544 manat məbləğində ziyan dəymişdir. Suraxanı rayon Pİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı R.Şıxəliyevin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Toyoya Corolla* minik markalı 99-OK-34 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı Fariz oğlunun barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Kia Clarus* sedan markalı 10-FF-94 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 barəsində cinayət işini başlanması rədd edilmiş, "Kia Claras* sedan markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh əməlində Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 335.1-ci maddəsində göstərilən inzibati xəta olduğundan qərarın surəti həmin şəxs barasində inzibati qaydada tədbir görülməsi üçün Suraxanı RPl-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Suraxanı rayon DYPŞ-nin TP ******* saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə əmtəə ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2634 saylı rəyindən görünür ki, tədqiq edilən 2005-ci il buraxılışlı “Toyota Corolla” markalı, ** OK *** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 11200,0 (14000,0 m-20%) manat müəyyən edilir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun 615 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə həqiqətən İddiaçı Suraxanı rayon Məhkəməsində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 87 saylı müqavilə üzrə (marka və xidmət haqqı ilə birlikdə) 161 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəmə qəbzindən görünür ki, İddiaçı vəkil Nümayəndə 161.00 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qornizonu Mənzil-İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı özünə məxsus qəzalı vəziyyətdə olan “Toyota Corolla” markalı, ** OK *** dövlət nömrə nişanlı avtomobili 2021-ci ilin noyabr ayından etibarən Yasamal rayonu, Qızıl Şərq küçəsində yerləşən şəxsi hesab nömrəsi 11 olan X5 məxsus icarəyə götürülmüş qarajın qarşısında dayanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: İşin faktiki halları ondan ibarətdir ki, X4 21 noyabr 2021-ci il tarixində saat 19:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində, Z.Zeynalov küçəsi istiqamətində nizamlanmayan dörd yol ayrıcında atası Cavabdeh mülkiyyətində olan, sürücülük hüququ olmadan idarə etdiyi “Kia Clarus” sedan markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşan İddiaçı idarə etdiyi “Toyota Corolla” minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avotomobilin keçib getməsini gözləmədən hərəkətinə davam edərək həmin avtomobillə toqquşmuşdur. “Kia Clarus” sedan markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi cavabdeh Əliyev X2 Xətalar Məcəlləsinin 335.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İddiaçı hazırda mülkiyyətində olan “Toyota Corolla” minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avotomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində dəymiş zərərə görə cavabdehdən 10963,0 manat, "xxxx" MMC-yə ödənilmiş ekspertiza xərcinə görə 350 manat, Bakı Ekspertiza Mərkəzinə ödənilmiş ekspertiza xərcinə görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 138 manat, hüquqi xidmətə görə 150 manat məbləğində pulun alınıb ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir, zərər məbləğinin ekspert rəyində müəyyən edilmiş qiymət əsasında müəyyən edilməsini istəyir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus əmlaka Cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Bununla da, Cavabdeh tərəfindən İddiaçı qanunla qorunan mülkiyyət hüquqlarının pozulması halı-delikt baş vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği ilə bağlı "xxxx" MMC və "xxxx" MMC-nin verdiyi rəy arasında kəskin ziddiyyət olduğundan vurulmuş zərərin dəyəri ilə bağlı məhkəmə Məhkəmə əmtəə ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2634 saylı rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, avtomobilə vurulan ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyəri çıxılmaqla 11200 (14000 m – 20%) manat müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından biri də ondan ibarətdir ki, baş vermiş hadisəyə görə sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində ödəniş edilmişdir. Odur ki, iddiaçıya məxsus əmlaka Cavabdeh tərəfindən vurulmuş zərərə görə cavabdehdən 6200 manat məbləğində pul vəsaiti (avtomobilin salamat qalan yararlı hissələri iddiaçıya aid edilməklə) tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin müəyyən edir ki, həqiqətən İddiaçı məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı vəkil Nümayəndə 161 manat məbləğində xidmət haqqı ödənilmişdir. Odur ki, həmin pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş Məhkəmə əmtəə ekspertizasının dəyəri olan 50 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumuna görə 44 (qırx dörd) manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə (avtomobilin salamat qalan yararlı hissələri iddiaçıya aid edilməklə) 6200 (altı min iki yüz) manat, məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı vəkilə çəkilmiş xidmət haqqına görə 161 (bir yüz altmış bir) manat, ödənilmiş dövlət rüsumuna görə 44 (qırx dörd) manat olmaqla, cəmi 6405 (altı min dörd yüz beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İş üzrə keçirilmiş Məhkəmə əmtəə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə (avtomobilin salamat qalan yararlı hissələr iddiaçıya aid edilməklə) 6200 (altı min iki yüz) manat, məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı vəkilə çəkilmiş xidmət haqqına görə 161 (bir yüz altmış bir) manat, ödənilmiş dövlət rüsumuna görə 44 (qırx dörd) manat olmaqla, cəmi 6405 (altı min dörd yüz beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh iş üzrə keçirilmiş Məhkəmə əmtəə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar