Məhkəmə qərarları › İş №e-2(010)-835/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-835/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-835/2024 09.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Velosiped VİSTA, MONAKO- Dehliz dolab üçün 796.08 manat ödənilməmiş hissə, 79.92 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu HOFFMANN üçün 424.95 manat ödənilməmiş hissə, 42.05 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********51899 olan REALME C25Y markalı telefon, Blender BRAUN üçün 339.2 manat ödənilməmiş hissə, 33.8 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********37925 olan XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 193.02 manat ödənilməmiş hissə, 19.88 manat cərimə, ümumilikdə 1929 manat borc və 39.29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən VELOSİPED VİSTA, MONAKO-DEHLİZ DOLAB, SOYUDUCU HOFFMANN, İMEİ KODU **********51899 REALME C25Y markalı telefon və BLENDER BRAUN, İMEİ KODU **********37925 XİAOMİ REDM1 NOTE 11 markalı telefon almış və nəticədə 1929 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1064.34 manat olan VELOSİPED VİSTA, MONAKO - DEHLİZ DOLAB üçün ümumilikdə 876 manat olmaqla ondan, 796.08 manat ödənilməmiş hissə, 79.92 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasan, aiqı-satqı qiyməti 1859.94 manat olan SOYUDUCU HOFFMANN üçün 467 manat olmaqla ondan, 424.95 manat ödənilməmiş hissə, 42.05 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, aiqı-satqı qiyməti 599.04 manat olan İMEİ KODU **********51899 REALME C25Y markalı telefon, BLENDER BRAUN üçün 373 manat olmaqla ondan 339.2 manat ödənilməmiş hissə, 33.8 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, aiqı-satqı qiyməti 822.06 manat İMEİ KODU **********37925 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 213 manat olmaqla ondan 193.02 manat ödənilməmiş hissə, 19.98 manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 2592.13 manat təşkil edir. Cavabdehlə aralarında 18,11.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktında qeyd olunduğu kimi, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə müqavilələr bağlayaraq məişət əşyaları və telefonlar götürmüşdür. Lakin daha sonra problemlər yarandığından ödənişlərində gecikmələr yaranmışdır. Hazırda iddia ərizəsində qeyd olunan müqavilə üzrə əlavə yüksək məbləğdə dəbbə pulunun hesablanaraq tələb olunduğu müəyyən edilmişdir. O yalnız əsas borcu qəbul edir və ondan tutulmalı olan məbləğin hissə-hissə ödənilməsinə etiraz etmir. Odur ki, məhkəmədən hər müqavilə üzrə tənasübsüz sürətdə tətbiq edilən cərimə borclarının mümkün ən az məbləğə qədər azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ******* saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 18 ay müddətinə hər ay 59,13 manat nağd ödəməklə, qiyməti 1064,26 manat olan məişət əşyası satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ******* saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 18 ay müddətinə hər ay 45,67 manat nağd ödəniş olmaqla, qiyməti 822,05 manat olan telefon satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 03932716 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 12 ay müddətinə hər ay 49,92 manat nağd ödəniş olmaqla, qiyməti 599,04 manat olan telefon və BLENDER BRAUN satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 02681380 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 18 ay müddətinə olmaqla hər ay 103,33 manat nağd ödəniş olmaqla, qiyməti 1859,94 manat olan SOYUDUCU HOFFMANN satmışdır. İş materiallarına əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış müqavilələr üzrə ümumilikdə 1753,25 manat ödənilməmiş məbləğ, 175,75 manat dəbbə borcu, ümumilikdə 1929 borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfdən Cavabdeh xx.xx.2023-cü il tarixdə göndərilmiş xəbərdarlıq məktubundan müəyyən olunur ki, "xxxx" MMC, Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı müqavilələrə əsasən telefon və digər əşyalar almış və nəticədə borc yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh bağlanmış müqavilələr üzrə 1753.25 manat ödənilməmiş hissə "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. "xxxx" MMC-nin iddiasının bağlanmış müqavilələr üzrə 175,75 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 20 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 1753,25 manat ödənilməmiş məbləğ, 20 manat dəbbə pulu və 39,29 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli 02681380 saylı, xx.xx.2022-ci il tarixli, 03932716 saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilələr üzrə 1753,25 manat ödənilməmiş məbləğ, 20 manat dəbbə pulu, ümumilikdə 1773,25 (bir min yeddi yüz yetmiş üç manat, iyirmi beş qəpik) manat və 39,29 (otuz doqquz manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar